Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı
“Xoşbəxtlər ölkəsində yaşamaq istəyirik”
Bir qrup gənc “İlahiyyat” məscidində niyə aksiya keçirib?
Həmsöhbətimiz Ramin Hacılıdır. O, özünü belə təqdim edir: “Mən “Dalğa” Gənclər Hərəkatının qurucularından biriyəm, vaxtilə quruma rəhbərlik etmişəm. İndi sıravi üzv kimi fəaliyyət göstərirəm. ADİP Gənclər Təşkilatının rəhbəriyəm, Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk dünyası işlətmələr fakültəsini beynəlxalq siyasi münasibətlər” ixtisasını bitirmişəm”.
Məscidin həyətində daşları təmizlədik
-Bu yaxınlarda “Dalğa” Gənclər Hərəkatı məscidlərin bağlanmasına etiraz edən aksiya keçirdi. Bu addımı ortaya çıxaran zərurət haqda danışa bilərsinizmi?
-Azərbaycanda, xüsusən Bakı şəhərində son zamanlar məscidlərlə bağlı ciddi problemlər yaranıb. Bağlananı var, uçurulanı var, təmir adıyla fəaliyyətinə qadağa qoyulanı var… Daha bir təhlükə “İlahiyyat” məscidini gözləyirdi. Bu vəziyyət bizi narahat etməyə başladı. Fikrimizcə, bunlar vicdan azadlığının pozulması deməkdi. Biz bütün insan azadlıqlarının qorunmasının tərəfdarıyıq. Məscidlərin bağlanmasını və vicdan azadlığının pozulmasını terror təhlükəsilə əsaslandırmağa gəldikdə, bu, tutarlı arqument deyil. Dövlət bir vətəndaş olaraq mənim hər yerdə təhlükəsizliyimi qorumalıdır • kef eləyəndə də, ibadətdə olanda da… Bu məntiqlə gərək evdən bayıra çıxmaysan ki, təhlüksizliyinə tam zəmanət olsun. Halbuki terror hər yerdə törədilə bilər, ancaq bu adla insan azadlıqlarının məhdudlaşdırılması yolverilməzdir.
Söhbət təkcə vicdan azadlığından getmir. Müxtəlif bəhanələrlə - asayişin qorunması, sabitliyin saxlanması və sair • azadlıqların məhdudlaşdırılması göstərir ki, Azərbaycan qadağalar ölkəsinə çevrilir. Biz isə kölələr ölkəsində yaşamaq istəmirik. Hesab edirik ki, insanlara maksimum azadlıq verilməlidir. Bütün sahələrdə… Buna görə də “İlahiyyat” məscidində aksiya keçirməyə qərara aldıq. “Dalğa”çılar arasında ibadət edənlər ötən həftənin cümə günü bu məsciddə namaz qıldılar, ibadətlə məşğul olmayan üzvlərimizsə ərfdakı daşları təmizləyir, onlara şərait yaradır, bir növ mənəvi dəstək nümayiş etdirirdilər.
-Aksiyanı hansı şüarla keçirirdiz? Şüarınız vardımı?
-Yox, hər hansı şüar səsləndirmədik. Biz yalnız məscidi ziyarət etməklə və bu addımımızı mətbuatda işıqlandırmaqla problemə diqqət çəkdik.
-Tez-tez “biz” sözündən istifadə edirsiz. Bir az aydınlıq gətirin...
-Qərarı “Dalğa” Gənclər Hərəkatının İdarə Heyəti vermişdi. Aksiyada “Dalğa”nın fəal üzvləri, o cümlədən bir sıravi “Dalğa”çı olaraq mən də iştirak edirdim.
-Siz özünüz ibadət edirsizmi?
-Yox, təəssüf ki...
Din intim dünyadır
-“Dalğa” Gənclər Hərəkatı və onun üzvləri cəmiyyətdə aşırı modernizasiyanın, müasirləşmənin tərəfdarı kimi asossiasiya olunur. Bu baxımdan sözügedən aksiya bəziləri üçün təzadlı görünür...
-Yaxın vaxtlaradək Azərbaycanda din, vicdan azadlığı sarıdan ciddi məhdudiyyətlər yoxudu. Daha çox siyasi azadlıqlar pozulur, bir də xürafat və mentalitet adıyla təməl insan azadlıqlarına maneə yaradılırdı. İnsan azadlıqlarının sərhədlərini dəqiq çəkmək lazımdır. Misal üçün, Almaniyada çoxsaylı müsəlman yaşayır və bildiyimə görə, orada 590 məscid var, cümə namazları da qılınır, problem də çıxmır. Ona görə ki, hər şeyin, o cümlədən azadlıqların sərhədləri cızılıb. Azərbaycanda da belə olmalıdır. Boşanmış qadına fahişə kimi yanaşmağı tənqid edəndə bizə qarşı çıxanların indi biz ibadət haqqını müdafiə edirik. Çünki insan azadlığı harda pozulursa, fərq etməz • biz o qaynar nöqtədəyik.
Təəssüf ki, bəzən dindar və mühafizəkar kəsim balaca ölkəmizi çox böyük, hətta dünyaya hökm edəsi bir ölkə sanırlar, guya burda mentalitetə, dinə bir balaca ziyan dəysə dünya dağılar... Özümüzü çox da yekə bilməyək. Bundansa xoşbəxt olmağa çalışaq. Biz bunu istəyirik • xoşbəxtlər ölkəsi qurmağı. İnsan özünü o zaman rahat və xoşbəxt hiss eləyir ki, özünü ifadə edə bilir. Dünən mənim ifadə hüququma müdaxilə vardı, bu gün müsəlman qardaşımın.
- Dediz ki, “Dalğa”çılar arasında dindarlar da var. Müasirliyi və Qərb təfəkkürünü yayan gənclərin sırasında dindar müsəlmanların olması... problem yaratmır ki?
- Hər şey çox gözəldir, aramızda çox ciddi tolerant münasibətlər var. Təşkilatın qurucuları arasında da ibadətdə olanlar az deyil. Biri Almaniyada oxuyur, orda ibadətini davam etdirir. Başqa birisi ateistdi, digəri deistdi... Biz arzuladığımız cəmiyyəti “Dalğa”da yaratmışıq.
Din intim, fərdi məsələdi. Onu ictimailəşdirmək, ondan siyasətdə, yaxud özünüreklamda istifadə eləmək olmaz. “Dalğa”da irəli sürdüyümüz əsas tezis budu: Din bizm intim dünyamızdır, mənəviyyatımızdır; onu nə reklam etməliyik, nə də ondan başqalarının alət kimi yararlanmasına imkan verməliyik; dini ictimailəşdirmək yolverilməzdir.
-Tərəfdarlarınız bu modeli, bu tezisi qəbul edirlərmi?
-Təbii. Əks halda, “Dalğa”nı yox, dini qurumu, yaxud başqa bir təşkilatı seçərdilər. Tolerantlıq bizim əsas prinsiplərimizdəndi.
Məsələni şişirtməyə dəyməz
- Dinin özünü, yaxud dini coşqunu cəmiyyətə təhlükə hesab edən fikri bölüşürüsüzmü?
- Təhlükəni yalnız bir mənbədə axtarmaq yanlış yanaşmadı, onu hər yerdə axtarmaq və tapmaq olar. İndi oliqarxlar da bir təhlükədi • bunu da düşünsünlər. Dinin təhlükə olmaması üçün, zənnimcə, onu fərdin ixtiyarına vermək və etiqad azadlığına riayət etmək kifayətdir. Məscidləri bağlamaqla, insanların vicdan azadlıqlarını boğmaqla, onların intim həyatına müdaxilə etməklə neçələrini radikallaşdırmaq, küsdürmək olar. Ölkəsindən küsmüş insan özünə başqa vətən axtaracaq. Bu zaman vətən haqda müqəddəs ifadələr ona uydurma kimi görünəcək. Kiməsə haqsızlıq edirsən, incidirsən, sonra da haray-həşir salırsan, tutub dama basırsan ki, satıldı. Sual vermirlər ki, niyə?.. Bizdə “Niyə?” sualı yoxdu. “Kim? Nə? Hara?” var, amma niyəsini soruşmurlar. Çünki “Niyə” fəlsəfi sualdı, mahiyyətə yol açır. Bu mənada dövlət dini təhlükə obyektinə çıxara da bilər, ordan uzaqlaşdıra da... Mənim fikrimcə, din dövlətdən ayrı olduqca təhlükə deyil.
Dövlətin dinlə münasibətində dünyəvilik prioritet seçilməlidir. Din dövlətin təsirində olmamalıdı, dövlət də dinin təsiri altına düşməməlidir. Düzdü, dini əxlaqi örnək olaraq insanlara göstərmək olar. Bu, cəmiyyətin, daha doğrusu, fərdlərin mənəviyyatının güclənməsinə gətirər. Mən alman xristian-demokratların proqramlarıyla tanışam. Onlar dinin qadağalarının tətbiqinə yox, ülvi dəyərlərin aşılanmasına çalışırlar.
- İndiki halda din-dövlət-cəmiyyət münasibətlərini necə dəyərləndirirsiz? Necə etmək lazımdır ki, həm dini etiqad azadlğı qorunsun, həm də təhlükəsizlik problemləri çözülsün?
- Tariximizə və bu günkü reallığa baxanda ölkədə dini hökmranlığı istisna edirəm. Birincisi ona görə ki, din bizim cəmiyyəti idarə edən elitaya daxil olmayıb. İkincisi, belə bir perspektiv yaxın dövr üçün inandırıcı deyil. Türkiyə təcrübəsi göstərir ki, onu tamam qırağa da qoymaq olmaz. Hər halda hazırkı canfəşanlıq üçün ehtiyac yoxdur. Bəzi xırda qrupların mövcudluğu danılmazdır, amma onları asanca zərərsizləşdirmək olar. Sadəcə, məsələni şişirtməkdə maraqlı qüvvələr var.
- Onda başladılmış prosesin səbəbini tapmalıyıq. Belə demək mümkünsə, nədi bu anti-dini proses?
- Əslində cəmiyyət prosessiz qala bilməz; dövlət, hakimiyyət cəmiyyətə hansısa prosesi təqdim eləməlidi, yoxsa o özü bu xoşagəlməzliklə üzləşəcək. Azərbaycan höküməti də - doğrusu, mən bir liberal olaraq, ölkədə dövlətlə höküməti tez-tez dəyişik salıram • anlayır ki, cəmiyyətin idarə olunmasında bu texnologiyadan yararlanmaq lazımdır. Hesab edirəm ki, bu da bir prosesdi, bitəcək, yenisi başladılacaq. Tutalım, oliqarxlarla mübarizə... Bu gün guya dini sferada müəyyən təhlükəli elementlərin olduğu qabardılır. Hərçənd müəyyən problemlər var, amma o, təqdim olunduğu qədər deyil • bu bir. Onun bu həddə çatması qəsdən baş verib • bu da iki. Azərbaycanda islam yekcins deyil, onun təmsilçiləri müxtəlif cərəyanlara mənsubdular. Bu da həmin qüvvələrin ciddi mahiyyət kəsb etməsini əngəlləyir.
Hazırladı:
Qurban Yaquboğlu
“İslam və müasir cəmiyyət buraxılışı”