Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı
Ramin Hacılı. Lahıcda Rəsulzadə xatirələri...
Sevda İsmayıllının bir müddət əvvəl Azadlıq radiosunun saytında yayımlanan ""Əsrimizin Səyavuşu” necə yarandı?" yazısı mənim ta Lahıca qədər getməyimə mayak oldu. Belə ki, dostum Emin Nihillə birlikdə İsmayıllının Lahıc kəndinə yollandıq.
Onu da deyim ki, Məmməd Əmin Rəsulzadənin düşmənlərindən bir müddət Lahıcda gizlənməsi, mənə Martin Lüterin Saksoniya kralı tərəfindən gizlədilməsini xatırlatdı. Roma papası Martin Lüter haqqında ölüm fətvası vermişdi. Kral isə bu fətvanı yerinə yetirməkdən imtina edərək, onu gizlətmişdi. Necə deyərlər, öz Martin Lüterinə Kral sahib çıxdı, bizdə isə...
Nəticədə Martin Lüter sonradan bütün Avropada İntibahın (Renessans) əsasını qoyanlardan biri oldu. Həmin İntibahın yetişdirdiyi məşhur filosof Kant isə məhz bu faktı göz önünə alaraq, "ədalətli kral" tezisini ortaya atdı.
Bizdə isə həmişə sadə xalq krallardan daha ədalətli olub. Rəsulzadənin Lahıcda, Elçibəyin əvvəl Basqalda, daha sonra Kələkidə sığınacaq tapması buna bariz bir nümunədir. Tariximizdən də buna bəs qədər misal gətirmək olar.
Yadıma daha bir müdrikin- Konfutsinin "Hər bir xalq öz kralına layiqdir" ifadəsi düşür... və təzadlı fikirlərimlə yola davam edirəm.
***
... Qayaların və dərənin müşayiəti ilə yol gedirik. Avtomobilin sürücüsü yollardan, daha doğrusu, sanki üstümüzə sıçramağa hazırlaşan təhlükəli qayalara baxaraq köks ötürür və qorxurdu. Amma nə Emin, nə də mən qorxmurduq. Ona görə yox ki, biz qorxaq deyilik. Ona görə ki, bizi Lahıca sanki Rəsulzadənin ruhu çağırırdı.
... Nəhayət Lahıc kəndindəyik. Kəndin girişində ağsaqqallarla görüşürük. Öz aralarında farsca danışan yaşlı nəslin nümayəndələrinə yaxınlaşırıq:
- Salam əleyküm, ağsaqqal, burada Rəsulzadənin bir müddət yaşadığı ev haradadır?
3 nəfər birdən sualıma cavab verir. Anlayıram ki, axtardığım ev meydandan kəndin içinə gedən, qəmbər daşlar döşənən yolun körpüyə çatan hissəsində yerləşir. Evin qarşısında orta yaşlı bir sakindən soruşuruq:
- Tacir Salmanın evi hansıdır?
- Mən onun oğluyam, nə məsələdir?
Bu arada unutdum. Kəndin girəcəyindəki ağsaqqallar bizə demişdilər ki, Rəsulzadənin qaldığı evin indiki sahibi Tacir Salmandır.
- Biz gəlmişik Rəsulzadənin bir müddət yaşadığı evə baxaq və fotolar çəkək.
- Buyurun, buyurun,- dedi və darvazanı açdı.
Biz həyətə daxil olduq, hətta sürücü Yusif də çox böyük iftixar hissi keçirməyə başladı. Bir nənə ikinci mərtəbədən pilləkənlə aşağı düşdü və darvazanı bizim üzümüzə açan oğluna fars dilində nəsə dedi. Aralarındakı kiçik dialoqdan sonra nənə-bala:
- Xoş gəlmisiz, səfa gətirmisiz,- dedilər.
Nənə azərbaycan türkcəsində bizə izah etməyə başladı:
- Bala, Rəsulzadə balaca daxmada yaşayıb. Bu ev, həyət-baca, darvaza sonradan tikilib. O vaxt gəlmişdilər, dedilər bu evi düzəldəcəyik, bax ev də çatlayıb. Demişdilər bura Rəsulzadənin muzeyi olacaq, hətta kanallar da gəlib çəkmişdi, biz də razılğımızı vermişdik, amma heç nə etmədilər. Bala, bəs siz haradan gəlmisiz?
- Nənə, biz reportaj hazırlayırıq... Qaynar.info saytı üçün.
- Nə, hazırlayırsınız?
- Araşdıracağıq, yazı yazacağıq, nənə.
- Bıyy, bəs Budaq Budaqovu tanıyırsınız? O ərimin dostu idi, dəfələrlə evimizdə qonaq olub.
-Tanıyırıq, nənə.
"Necə tanımayım? Akademikdir, Ağsaqqallar Şurasının sədridir. Hətta dünən 46 yaşlı prezidentimiz İlham Əliyevi də fəxri ağsaqqal seçdi"- deyə düşünürəm, amma dilimə gətirmirəm. Əvəzində üzümə təbəssüm qonur.
- Hə, bala, sənin adın nədir?- nənə soruşur.
- Emin.
- Mənim nəvəmin də adı Emindir.
- Bala, bəs sənin?
- Ramin.
- Bıyy, o birisi nəvəmin də adı Ramindir. Bala, sən niyə kənarda durmusan? Sənin adın nədir?
- Yusif.
- Bıy, adına qurban olum, Peyğəmbərimizin adıdır.
Nəhayət Rəsulzadənin 1 aydan çox yaşadığı, heç bir pəncərəsi olmayan daxmaya daxil oluruq. Bu daxmanın qarşısında ondan daha kiçik bir daxma da yerləşir, amma bunun pəncərəsi var. İki daxma arasındakı məsafə bir metrdən artıq deyil. Bu otağın pəncərəsindən Rəsulzadə hərdən bayıra baxarmış və üzünü də məhz bu pəncərədən düşən işıqda qırxarmış. Hətta, nənənin dediyinə görə, bir gün kəndə Rəsulzadəni axtarmağa gələnlər çəpərin başından "ay ev yiyəsi" deyə çağırırmışlar. Rəsulzadə çıxır və nə lazım olduğunu soruşur. Bizə "Rəsulzadə lazımdır, görməmisiz" deyə çəpərin başından soruşurlar. "Yox, görməmişəm. Mən onun qardaşıyam. Nə olub ki?"- deyə Rəsulzadə soruşur. "Yox, bizə Rəsulzadə lazımdır. Görsən yaxınlıqdakı bolşeviklərə xəbər ver" deyib, çəpərin başından uzaqlaşırlar.
İndi həmin daxmaların üzərindən ikinci mərtəbəni artıran Tacir Salmanın ailəsi bu evi 1957-ci ildə kəndin atamanı kimi tanınan Məşədi Əli Nağının ailəsindən alıblar. Biz daha ətraflı məlumat almaq üçün Rəsulzadənin dostu və bu evin keçmış sahibi Məşədi Əli Nağının nəticəsi ilə görüşdük.
Nədənsə insanlar Rəsulzadədən danışmağa çəkinirdilər. Vaxtilə Rəsulzadəni gizlədən Lahıc kəndi öz əzəmətini, hətta öz zahiri görkəmindən əksik etmişdi.
Kəndin atamanı olmuş Məşədi Əli Nağının nəticəsi bunları danışdı:
- Rəsulzadə əvvəlcə Şamaxıda qaynının yanına yerləşir. Ora təhlükəli olduğundan, bu kəndə gətirirlər. Burada bir neçə ay yaşayır. Sonra onun yerini ələ verirlər. Babam ataman adam olub. Yəqin gördüz, iki daxmanın arasında həm aşağı, həm də yuxarı yol var. Babam Rəsulzadəni həmin aşağı yolnan qaçırdır. Çaydan keçib Pirağanım kəndinə gedirlər. İndi o kənd durmur. Hə, babamı satdıqlarından, onu tutub Tiflisə aparırlar. Nə qədər incitsələr də, o, Rəsulzadəni satmır. Sonra Rəsulzadəni başqa dəstə tutur. Rəsulzadəni məhv etməyə göndərilmiş dəstənin başını isə babam qatır. Bu kənd çox mərd kənd olub. 37-ci ildə bu kəndin demək olar ki, yarısını qırıblar. Mən bunu heç kimə danışmıram, ama siz yaxşı uşaqlar olduğunuz üçün danışdım.
Biz Lahıc kənd müzeyinə yollanırıq. Orda Rəsulzadəyə aid guşə var. Muzeydən çıxanda məktəbliləri gördük. 9-10 yaşlı şağırdlər dərsdən qayıdırdı. Onların qayğısız gülüşlərini eşidəndə, içimi qəribə bir hiss, ilıq bir duyğu doldurdu. Əgər Azərbaycanın ən ucqar kəndində belə, dünyəvi təhsil və təhsil alan xoşbəxt, qayğısız balaca uşaqlar varsa, deməli bu kənd Pirağanım kəndi kimi məhv olmayacaq, Rəsulzadənin əsasını qoyduğu Azərbaycan kimi həmişəyaşar olacaq...
Bu gün həmin Azərbaycanda Rəsulzadədən danışmağa qorxsalar da...