Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Qüds, İstanbul və Təbriz

Share
                                                       20 yanvar şəhidlərinə ithaf olunur...

   Bu yazım, qaynar.info saytında yerləşdiriləndən sonra böyük marağa səbəb olduğu üçün bəzi əlavələr edərək "Alma" qəzetində çap etdirmək qərarına gəldim.
Dünyanın beş tarixi mərkəzi varsa, bunlardan bəlkə də birincisi Qüdsdür. İkincisi İstanbuldur, üçüncüsü isə Təbrizdir.

Hər üçündə də bütün tarix boyu olduğu kimi yenə də qan axır. İsrail Fələstin münaqişəsi başlayanda mən İstanbulda idim. Küçələr, taksilər, meydanlar Fələstin bayrağı ilə və anti-İsrail şüarları ilə sarılmışdı. Bir də məhərrəmlik girmişdi işin içinə. Bəli-bəli, sünnilərin yaşadığı İstanbuldan danışıram sizə. Şəhərin mərkəzində vəhhabilər yeni ilin gəlişini bildirən simvolların yerləşdiyi dükanlara daxil olur və bu simvolları yığışdırmağı tələb edirdilər. Ölkədə olan turistlər şəhərin ən böyük meydanında “taciz”ə məruz qalırdılar. Aqressiya dolu ağır abilər anti-İsrail mitinqlərində qan-qan deyirdilər. KİV-in propaqandası isə zəif iradəli insan axtarırdı ki, yesin. Və nəhayət, Ərdoğanın çıxışı böyük bir nida oldu. “İsrail o çocukların göz yaşlarında boğulacaq, anaların ahı tutacaq, bu qətliyamı həyata keçirənləri...”
 
Qərara aldım ki, bəzi məsələlərə mən də öz nidamı qoyum. Amma aciz (feministləri sevdiyim üçün arvad yazmıram) kimi qarğış edərək yox, Atatürk böyüklüyünü bağrımda hiss edərək. Bir vaxtlar Osmanlı güclü idi. İslamı başqa mədəniyyətləri əzmədən qoruyub saxlamaqda idi. Osmanlı çökəndə ona ən böyük zərbəni ərəblər vurdu. Bağrına basaraq qoruduğu qardaşından zərbə almaq daha sarsıdıcı idi. Qarşıda isə böyük imperiyaların Osmanlını məhv etmək üçün planlı hücumu var idi. Həmin an Türk xalqı Atatürkü doğdu. Bugünkü Türkiyə Cümhuriyyəti o doğuşa səbəb olan Gənc Türklər Hərəkatına borcludur.
   Əlli ildən çoxdur ki, kiçik bir ərazidə İsrail dövləti öz suverenliyinə sahibdir. Gəlin etiraf edək ki, həmin ərazidə yəhudilərin dövlət qurmağa tam haqqı çatır. Vaxtilə ərəblər həmin bu torpaqlarda yəhudilərə göz verib işıq verməyəndə yəhudilər ərəblərə terrorla qalib gəlmədilər. Musa peyğəmbərin qırx il ərzində apardığı sivil mübarizədən sonra qalib gəldilər. Əgər Musa peyğəmbərin əvəzinə İsrail xalqı Həmas kimi pafosu göydə partlayan İran istehsallı raketlərə sahib olsa idi, tam məhv olmuşdular. Bu gün normal liderlər yetişdirmək, universitetlər açmaq əvəzinə terror təşkilatlarının hegemoniyası altında qalmaq daha çox faciəvidir.
   Deyəcəksiz ki, Həması massonlar yaradıb, qardaşım, yada bacım (Araz Önəri xatırlamaq xoşdur), sən nəyisə yaratmazsansa, sənin yerinə onu rəqiblərin yaradacaq. Bütün hallarda meydan boş qalmayacaq. Niyə bizim Təbrizimizdə ETTELAAT və ya başqa qüvvələr terror təşkilatı yarada bilmir ? Çünki biz Azərbaycan türkləri bütün tarix boyu uşaqların və qadınların olduğu yerə əli silahlı girmərik.
   Təsəvvür edin ki, PKK Diyarbəkirin bələdiyyəsinin şüşələrini qırmaq üçün yaxınlıqda yerləşən şadlıq evinə bomba yerləşdirir. Arabeskin kədərli sədaları altında ekstaza girən onlarla insanı qətl edirlər və sonra da qaçıb doluşurlar Iğdıra, burda yerləşən məktəbləri özlərinə istehkam seçirlər. İndi Türkiyə dövləti onları məhv etsin, ya yox? Amma unutmayın ki, onları məhv edərkən nə qədər günahsız uşaq öləcək və nə qədər əsgər şəhid olacaq.
   Yenidən Təbrizdən danışaq, ürəyimiz açılsın. Babək ruhunun üzərində dolandığı bu müqəddəs şəhərin uğrunda terrorçular mübarizə aparmır. Tələbələr mübarizə aparır. İntellektual gənclər savaşır. Professorlar liderlik edir bu mübarizəyə. Altıncı əsr qaydaları ilə yaşayanlar yox. Demək olar ki, hər gün şəhid veririk, amma yenə də inadımızdan dönmürük. Bu bilirsiz nə deməkdir? “Sən öz pis əməlindən dönmürsənsə, ay molla rejimi, mən də öz yaxşı əməlimdən heç vaxt dönməyəcəm”.
   20 yanvar günündə bizim atalarımız tankların üstünə əliyalın getdilər və bu hərəkətləri ilə yazdılar bizim şanlı tariximizi. Çünki Azərbaycan Xalq Cəbhəsi Milli Elmlər Akademiyasında düşünülmüşdü və Bakı Dövlət Universitetində vüsət almışdı. İnsanların müqəddəs hisslərindən sui-istifadə məqsədi ilə məscidlərdə və kimsəsizlər evində başlamamışdı bu hərəkat.
   Nə qədər pozitivist olsam da, dörd faktı qeyd edərək qanınızı qaraldacam:
   1.Səudiyyə Ərəbistanın baş müftisi Şeyx Əbdüləziz 10 yaşlı qızların ərə verilməsinə icazə barədə fitva verib.
   2. Milyardlar xərcləyib "Mançester Siti" klubuna sahib olmuş ərəb şeyxi Fələstində insanların dərman almağa pul tapmadığı bir vaxtda Kakanın (uşaqlar pis başa düşməsin, bu futbolçu adıdır) transferi üçün 115 milyon avro pul təklif edib.
   Xahiş edirəm heç kim bizi avara işlərlə məşğul olan, altıncı əsr qanunları ilə yaşayan qövmlərin səviyyəsinə salmasın. Biz üçüncü ADR dövrünü yaşayacağıq, inkişafa çatacağıq və bu toplumları da 21-ci əsrə dəvət edəcəyik.
3. Rusiyada İsrail səfirliyi qarşısında "Fələstini müdafiə" mitinqi təşkil olunmuşdu. Anti-İsrail və anti-Amerika şüarları ilə keçirilən mitinqdə azərbaycanlılardan istifadə olunmuşdu. Azərbaycan bayrağını mitinqin önündə daşıyırdılar. Dünənə qədər azərbaycanlılara göz verib işıq verməyən polis isə onların mühafizəsini təşkil etmişdi.
   4. BMT-də çıxış edən Türkiyənin Başdaşı Rəcəb Tayyib Ərdoğan İsrail dövlətinin BMT-dən çıxarılmasını tələb edib. Bununla da Türkiyə yəhudi lobbisinin dəstəyindən məhrum oldu. İndi qondarma erməni soyqırımının qəbul olunmasına qarşı yəhudi lobbisi çıxış etməyəcək. Əvəzində Qarabağda ermənilər tərəfdən döyüşən Livan döyüşçüləri Ərdoğanla "qohumluq əlaqələri" axtarmağa başlayacaqlar.
   P.S. Əziz dostlar, şimaldan və cənubdan gələn ucuz propaqandanın təsirindən kənar qalmağımız və hadisələrin fövqündə olmağımız çox vacibdir. Rusiyanın Gürcüstana təcavüzündən istifadə edənlərin, güneyli soydaşlarımızı mavi qaza satanların (Türkiyə), 20 yanvar və Xocalı faciəsini bizə yaşadanların (Rusiya), İslam dinindən sui istifadə edib Tanrının bizə verdiyi haqqımızı əlimizdən alanların (İran), yəhudilərdən pul qoparmağa çalışanların (müxtəlif merkantil qruplar) əlində alət olmamalıyıq.
   P.P.S. Mən xoşbəxtəm ki, hər gün Zamin Hacının köşələrini, Emin Millinin e-maillərini oxuyur və günə müsbət enerji ilə başlayıram.