Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Obama və Azərbaycan təhsili

Share
Kimdir günahkar - Misir Mərdanov, yoxsa...?  
   Yazıma Barak Obamanın çıxışından sitatla başlayıram:
   Məni bu gün prezident edən, bu inqilabın əsasını qoyan atamın seçmiş olduğu düzgün yoldur. Biz qaradərililər, öz hüquqlarımız uğrunda mübarizəyə başlayanda Martin Lüter Kinq və qara pantera hərəkatı var idi. Atam terroru vasitə seçən Qara Pantera hərəkatını yox, təhsili seçən Martin Lüteri dəstəklədi. O, hamıya yaradılmış minimum imkanlardan yararlanaraq, Harvard Universitetinin professoru oldu. Hər bir uşaq kimi mən də atamın yolunu düzgün hesab edərək, bu yolla getdim.

Harvard Universitetinə daxil oldum. Burada oxuduqca öz azadlıqlarımın və bu azadlıqların mənə vermiş olduğu imkanları məsuliyyətli şəkildə dərk etməyə başladım. Terrorun vermiş olduğu silahlar yox, təhsilin verdiyi silahlar insanı güclü edir. Bu o gücdür ki, səni keçmişdən qopardır və azad bir şəkildə gələcəyi seçmənə yardım edir. Mən gözəl gələcək üçün keçmişdə olan pis şeyləri unutmağın tərəfdarıyam. Mən azadlığın alındığına inanıram. Əgər azadlıq verilmir, alınırsa, deməli, o, güclülər üçündür. O güc ki, məhz təhsillə əldə olunur. Qazandığım uğurun memarları Corc Vaşinqton, Martin Lüter Kinq, Avraam Linkoln, atam Hüseyn və xanımım Mişelə, həmçinin bu ideallar uğrunda mənimlə çiyin-çiyinə olan bütün dostlarıma borcluyam.
 
Biz sübut etdik ki, demokratiyanın təqdim etdiyi alternativlər arasından düzgün seçim etmək və məsuliyyətli qərar vermək, xüsusən, azadlığın dərki üçün elm lazımdır.
   Böyük idealların reallaşması üçün hamının sonda dirəndiyi sirli 40-cı qapının açarı da məhz elmdir!
   Bu əslində Obamanın çıxışı deyil. Onun keçdiyi həyat yolundan və ölkəsinin tarixindən çıxardığım nəticədir. Bu içimdəki şeytana cavabımdır. Bütün bunlar bir daha məndə əminlik yaradır ki, düz yoldayıq. Beş il öncə təhsili, Qandini, Martin Lüter Kingi, Nəsimini, Rəsulzadəni özümüzə mayak seçməklə düz etmişik.
   Amma illərdir görün biz hansı problemlərlə və necə savaşırıq. Kim bizim təhsili bu günə salıb? Kimdir bizi və övladlarını özünə düşmən seçən? Təhsil Naziri Misir Mərdanovmu? Yox. Çünki mən ayrı-ayrı şəxsləri hədəf seçməyin əleyhinəyəm. Hər şeydə xalqı günahkar çıxarıb, pessimizmə qapılmağın da tərəfdarı deyiləm.
   Azərbaycan təhsil sistemində hökm sürən xaotik çoxhakimiyyətlilik, sistemin bərbadlığı nəticədə onun işlək olmamasına gətirib çıxarıb.
   Mən sadalayım, siz də tanış olun:
   Universitet rektorlarını prezident təyin edir və onların çoxu həm də deputatdır. Bu isə universitetləri avtonom, toxunulmaz edir. İstədikləri vaxt Elmi Şuranı yığıb ilin əvvəlində qəbul etdikləri qərarları dəyişərək, tələbələrin evini yıxa bilirlər.
   Milli Məclisdə Elm və Təhsil Komissiyası var. Qəzet səhifələrində, televiziyada hap-goplarını eşidəndə adam qorxur. Di gəl, illərdi təhsillə bağlı heç bir qanun qəbul etməyiblər, əvəzində təhsilimizlə alver etmək istəyənlər üçün hər mənada qanuni boşluqlar yaradıblar.
   Məktəb direktorlarını isə rayon xanları təyin edir. Rayonlardakı , təhsil şöbələri də onların əmrindədir.
   Təhsil ocaqlarını tikən, təmir edən İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyidir.
   Hər növ imtahanların keçirilməsi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məşğuldur (öz işinin öhdəsindən gəldiyi üçün təşəkkürlər).
   Milli Elmlər Akademiyası... (Elmin də millisi olur?)
   Prezident Yanında Təhsil Komissiyası...
   Yenicə yaranmış Bakı Şəhər Təhsil İdarəsi...
   Prezident Aparatında hümanitar şöbənin müdiri...
   İndi dostlar, siz deyin, təhsillə bağlı bir problem yarananda kimə müraciət edəsən?
   Bəs kimdir Azərbaycanın düşməni- "xaosda idarəçilik" texnologiyasından istifadə edənlər, yoxsa bu həqiqətləri dilinə gətirənlər?