Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Ramil Usubovun emalatxanası

Share

Niyə bütün polislər sifətdən Ramil Usubova oxşayır
 
   Dəfələrlə sadə insanların sovet nostaljisi ilə yaşadığının şahidi olmuşam. Görəsən, insanlarımız müstəqil dövlət olmağın üstünlüklərindən yararlana bilmir, yoxsa...
   Təbii, bir dövlətin ki məmurlarının başı bir-birilə savaşa qarışıb, onda vətəndaşlar öz müstəqil dövlətlərinə nifrət edəcəklər. Mən bu fikrin tərəfdarıyam ki, dövlət sadə insanlar üçün mücərrəd bir şey deyil və olmamalıdır da.



   Sadə vətəndaş üçün dövlət nədir?
   Sadə insan üçün dövlət İlham Əliyev, Ramiz Mehdiyev, Oqtay Əsədov, Zakir Qaralov, Ramil Usubov və b.-dır. Gəlin bir sadə insanın dövlətə nifrətinə yol açan səbəblərə baxaq. Dövlət deyəndə sadə insanların ilk ağlına gələn polisdir. Deməli, insanların dövlətə münasibəti də ilk olaraq polisin üzərindən formalaşır. Bir neçə faktla vətəndaşın dövlətə olan sevgisini və güvənini polisin necə öldürdüyünü aydınlaşdıraq.
    Bir neçə həftə öncə yaxın dostlarımdan biri mənə zəng edərək, onun bacısına qarşı həyat yoldaşı tərəfindən amansız işgəncələrin verildiyini bildirdi (Hadisə ilə bağlı «Alma»nın ötən sayında yazı dərc olunmuşdur). Mən bu hadisənin hüquqi yolla həll olunmasının tərəfdarı olduğumu bildirib, həmin qadına əl qaldıran «kişi»yə qarşı heç bir qeyri-qanuni hərəkətə yol verilməməsini xahiş etdim dostumdan. Biz birlikdə Sumqayıt 1 N-li Polis idarəsinə getdik. Xəsarət alan xanımdan ərizəni qəbul edən təhqiqatçı elə kobud davranırdı ki, sanki biz xəsarət alan yox, cinayətkar idik. Beş gün sonra məlum oldu ki, polislər şikayət olunan şəxsə qarşı heç bir tədbir görməyib. İctimai təşkilatlara hadisə ilə bağlı məlumat verdim, onlar Ramil Usubova müraciət etdilər. Sumqayıtdakı tanışlarımın birindən məsələni araşdırmağı xahiş etdim. Həmin tanışım bu günlərdə mənə zəng edib dedi: «Sizin şikayət etdiyiniz şəxsin anası mügənnidir. Deyəsən, polislərə nəsə verib. Gədəni heç polisə çağırmayıblar da.» Mən cavabında bildirəndə ki, biz Ramil Usubova müraciət etmişik, güldü: »Əşi, bura Azərbaycandır. Elə bu sistemi Ramil Usubov qurub da». Keçək başqa bir məsələyə.
   Yenə «Alma» qəzetindən oxudum ki, sən demə, ayaqyolunda mayonez istehsal edirlər. Hadisə yerinə getdim ki, bunu gözlərimlə görüm. Orada baş verənləri təfsilatı ilə gələn sayda yazacam. Amma bir məqamı bu yazıya dəxli olduğu üçün deyirəm: onların da arxasında polisin durduğunu güman etmək olar.
   İndi də keçək digər məsələyə.
   Dalğa GH-nın məşhur «Qəzetoxuma» aksiyası zamanı mən foto reportaj hazırlayırdım. Birdən hadisə yerinə gələn polislər aksiya iştirakçılarından qəzet oxumağı dayandırmağı tələb etdilər. Daha sonra polis gənclərə qarşı o qədər amansız davrandı ki, elə bil, indi olmasın, cəbhə xəttində əllərinə silahsız erməni düşüb. Özü də nə hikmət idisə, hamısı sifətdən Ramil Usubova oxşayırdı. Polisləri sakitləşdirmək üçün onlara yaxınlaşdım. Birdən sarı bığlı, qırmızlı sifətli polis Ülvi Həsənliyə dedi: «Sən mənim oğlum yaşındasan. S.. burdan». Və Məşədi İbad demişkən, ağzına-ağzına vurmağa başladı. Başqa bir polis də təpiklə Ü.Həsənlinin ağzına vurmaq istədikdə, onu saxladım. Təbii ki, polislər üstümə töküldü. Fotoaparatı Vəfa Çəfərqızına verməyi bacardım. Polis maşını ilə bölməyə gedərkən gördüm ki, şalvarımın qabaq düyməsi və toqqam qırılıb. Hər şeyi başa düşdüm, amma bu düymə məsəlini yox. Bilən olsa, cavabını mənə desin.
   Nə isə.
   Polis bölməsində verdiyim izahatı olduğu kimi bura qeyd edirəm:
   «Mən şəkil çəkirdim, bir qrup gənc də qəzet oxuyurdu. Birdən hadisə yerinə gələn polislər qəzetləri cırmağa və gəncləri vurmağa başladılar. İndiyə qədər yadımdadır, polislər Çin döyüş növlərindən istifadə edərək qoşa təpiklər atırdılar...»
   Əlbəttə, Azərbaycan polisi yalnız cekiçanlar və rembolardan ibarət deyil, onların içində də yaxşıları var. Onların koordinatlarını vermək istəmirəm, qorxuram ki, Ramil Usubov onların da kökünü kəssin.
   Bütün bunlara baxmayaraq, mən dövlətimi sevirəm. Və polisi də sevmək istəyirəm, cənab Ramil Usubov.