Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Fatma Hüseynli kimdir...

Share
...və ya Qan Turalı bilirmi ki, heç nə bilmir?
 
   Fatma Hüseynli Mərkəzi Florida Universitetinin Kompüter Elmləri Departamentində professor köməkçisidir. Mən, şəxsi tanışlığımızın olmamasına rəğmən, bu xanımın kafe söhbətləri əsasında fikirlər səsləndirməsinə təəccüblənməyə bilməzdim. Sən demə, bu yazıları onun adından "Bizim Yol" qəzetində Qan Turalı yazırmış, yəni heç o xanımın bundan xəbəri də yoxmuş. Anti-qadın ruhlu Qan Turalı qadın adı altında gizlənərək para qazanır. Adam ayrı-ayrı adlar altında gündə üç köşə yazanda təbii ki, mövzu qıtlığı çəkə, kafe, çayxana söhbətlərini belə, qəzet səhifələrinə çıxara bilər, marketing maraqlarından çıxış edib qarayaxmalara girişər.



   Bəs bu Qan Turalı məndən və Dalğadan nə istəyir ? "Həqiqətlər bizi varlı yox, azad edir" tezisindən çıxış edib, bəzi həqiqətləri yazmaq qərarına gəldim. Birincisi, Qan Turalı mənimlə söhbətində etiraf etmişdi ki, o, yaxın dostu və Ümid Partiyasının mətbuat xidmətinin rəhbəri Şəbnəm Bəkirzadənin vasitəçiliyi ilə adıçəkilən partiyanın sədri İqbal Ağazadəylə görüşüb. Bu görüşdə onlar Dalğanın qarasına kifayət qədər döşəyiblər (Dalğanın keçmiş sədri Ülvi Həsənli bu söhbətin canlı şahididir). İqbal Ağazadəylə köhnə dost olduğumuzdan, bilirəm ki, o, jurnalistlərə qarşı çox əliaçıqdır. Amma İqbal bəyin nəyə görə Qan Turalının qadın imzası altında gizlənib belə yazılar yazmasına razılaşdığını anlaya bilmirəm.
   İkincisi, Qan Turalı son yazısında Dalğanın Elçibəyin hakimiyyəti dövründə qəbul olunmuş təhsil qanunun dəyişdirilməsini tələb etməsini "satqınlıq" adlandırıb. Əslində Fatma kişi bununla məni qıcıqlandırmağa çalışır. Çünki hər kəs bilir ki, zaman dəyişdikcə qanunlar da həmin zamanın tələblərinə uyğunlaşdırılmalıdır. Bəs həmişə özünü Elçibəy təəssübkeşi kimi göstərən Qan nəyə görə sonrakı yazılarının birində Elçibəyi təhqir etməyə çalışıb? Mənim Elçibəyə olan sevgimi bildiyi üçün öz aləmində qurşaqdan aşağı zərbə endirməyə çalışır. Amma yaddaşı qısa, yanaşması qüsurlu, arqumentləri uydurma olduğu üçün alınmır onda.
   Üçüncüsü, özünü millətçi sosialist (əminəm ki, heç İsmayıl bəy Qaspralını da oxumamışdır) adlandıran Qan (Fatma) Turalı nəyə görə Dalğanı milli olmaqda günahlandırır ? Ən azı keçən yazılarının birində Dalğanı liberal olmaqda günahlandırırdı axı? Bütün bu fikir dağınıqlığının səbəbi Turalın çayxanada oturub, ətrafdakılardan eşitdiyi fikirləri düşünmədən yazmasıdır. İnsan gərək heç olmasa, öz yazdığını oxusun.
   Dördüncüsü, Qan Turalının əsl simasını açmaq üçün onun az öncə həyata keçirməyə çalışdığı "layihə" ilə tanış olun: Qan, guya Aqşini vurmaq üçün Sədadan istifadə etməyə çalışırdı. Alınmadı, çünki biz buna imkan vermədik. Turalı tanıyanlar bilir ki, onun qadın problemi var. Özünün yaxın dostu hesab etdiyi Vəfa Cəfərovanın Dalğa Gənclər Hərəkatına qoşulması onu daha da aqressivləşdirdi. Ümumiyyətlə, bu mövzuda Qan Turalı haqqında daha çox şey yazmaq olardı. Amma ondan fərqli olaraq, biz insani prinsiplərə sadiq qalmağın tərəfdarıyıq.
   Sonda bilməyənlər üçün qeyd edim ki, mənim Dalğa Gənclər Hərəkatından istefa verərək Demokratik İslahatlar Partiyasına keçmək qərarını Dalğanın həmin vaxtkı aparıcı simaları olan Azad, Vüsal, Zinəddin, Ülvi, Rövşən, Ülkər, Turanə, Elyar, Şəbnəm Abdullazadə, Azər, Elmar, Rüfət, Şəbnəm Bəkirzadə, Elvin, Əli və başqaları ilə birlikdə vermişik.
   Və sonda Turalı paxıllıqlarının qulu olmamağı, həqiqətləri gizlədərək, özü uydurub özü də inandığı yalanların köləsi olmamağa çağırıram. Hələ gec deyil, Qan Turalı, hələ biz səni tam itirməmişik…
 
   P.S. Bu yazı iki həftə öncə cavab haqqım kimi çap olunmaq üçün "Bizim yol" qəzetinə təqdim olunsa da, qəzetin Elçin adlı redaktoru "Fatma Hüseynli" imzasıyla təkcə Qan Turalının deyil, başqa müəlliflərin də yazdığını (?) əsas gətirərək, yazını dərc etməkdən imtina etdi.