Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Kosova Qarabağ üçün presidentdirmi?

Share
Xocalı faciəsində sağ qalanlara ithaf olunur
   Realistlər idealistlərə həmişə təsadüflər nəticəsində uduzur. Realistlər həmişə təsadüflərə müxtəlif adlar versələr də, hər hansı bir işi görəndə risk ehtimalını da hesablayırlar. Bu gün Kosovonın müstəqilliyini tanıyan realistlər risk ehtimalını da gözə almamış deyillər. Bu risk, BMT-nin məlum selfdetarmination (öz müqəddəratını təyin etmə) hüququnun vermiş olduğu imkandan digər separatçı qüvvələrin də yararlana bilmək ehtimalıdır.
 Yəqin ki, bu barədə dünyanın və bizim politoloqlarımız çox yazır və çox deyirlər. Hətta Azərbaycan dövlət səviyyəsində bu məsələyə münasibət bildirir. Amma mənə elə gəlir ki, burada unudulan bir şey var. O da yazılmamış mənəvi qanunlardır. Əgər hər hansı bir dövlət tərkibində olan bir etnosa qarşı müstəmləkəçilik siyasəti həyata keçirəcəksə, hələ bu azmış kimi, genosid və soyqırımlara əl atacaqsa, sonunda mütləq o etnosa müstəqillik verilməlidir. Əgər biz Qarabağda yaşayan kiçik bir erməni toplumuna qarşı zorakılıq siyasəti həyata keçirmiş olsaydıq, onların müstəqilliyini tanımaq məcburiyyətində qalardıq. Əgər nə vaxtsa ağlımızdan keçsə ki, o ermənilərə qarşı soyqırım həyata keçirməliyik (ki, bəziləri də bunu düşünür), yalnız o zaman Qarabağın müstəqilliyini tanımaq məcburiyyətində qalarıq. Hələlik biz Qarabağ məsələsində haqlı tərəfik. Amma bəziləri bilərəkdən və ya bilməyərəkdən anti-insani təbliğat aparmaqla bizim bu haqlı mövqeyimizin zəifləməsinə münbit şərait yaradır.
   Qayıdaq Kosovo məsələsinə. 90-ların əvvəlində Xorvatiya, Sloveniya, Bosniya və Hersoqovina öz müqəddaratlarını həll etmək üçün azadlıq cəbhəsi yaradanda Miloşeviç o dövlətlərə qarşı güc işlətdi və sonradan onların müstəqilliyini tanımaq məcburiyyətində qaldı. Bundan sonra Miloşeviç və onun komandası serb insanına zorakılığı aşılamağa başladı. Bunun nəticəsində də növbəti zorakılıq, kütləvi məzarlıqlar ...
   Və bu gün Kosova müstəqil oldu. Bir neçə gün öncə isə Serbiyada hakimiyyətdə olan millətçilər xalqı küçələrə çıxararaq guya dünyaya vətəndaş mövqeyi nümayiş etdirirdilər. Təşkil olunmuş mitinq başa çatan kimi Miloşeviçin yaratdığı "zor hər şeydir" tezisindən çıxış edən xalq Türkiyənin, ABŞ-ın səfirliklərini dağıtdı, bayraqlarını yandırdı. Düzü, bütün bunlar məni yalnız nəticə çıxarmaq üçün maraqlandırır.
   Gələk Azərbaycana. Təsəvvür edək ki, “zorakılıq hər şeydir” tezisi ilə hazırlanmış Azərbaycan xalqı Rusiyanın böyük qardaşlığına güvənərək Qarabağda soyqırım həyata keçirir. Bunun ardınca mütləq ləzgilərə, talışlara qarşı eyni siyasət davam edəcək və nəticədə Azərbaycan parçalanacaq. Məhz buna görə biz hər zaman insanlara sülhü təbliğ edir və insanların beynində müsbət impulsları artırmağa çalışırıq. Biz “insanların beynində dəyişiklik” dedikdə, müsbət impulsların artırılması nəticəsində onların daha rasional və sivil yollarla problemin həllinə can atmasını nəzərdə tuturuq. Bizə qarşı çıxanlar isə məqsədimizi anlayıb, bundan narahat olanlardır. Çünki onlara toplumu indiki kimi idarə etmək daha əlverişlidir. Bir daha xatırlayaq: Yuqoslaviyanın zorakılıq üzərində qurulmuş hakimiyyətinə qarşı mübarizə aparan OTPOR məhz sivil yollarla bu zorakı hakimiyyətə qalib gələ bildi. Mən birmənalı şəkildə müharibəyə qarşı deyiləm. Amma müharibə də sivil yollarla aparıla bilər. Məsələn, Türkiyənin PKK-ya qarşı apardığı müharibə. Türkiyə maksimum çalışır ki, dinc insan ölməsin. Əgər Hizbullaha qarşı mübarizə aparan İsrail dinc livanlıları öldürməsəydi, müharibədə məğlub olmazdı.
   Demək istədiyim ondan ibarətdir ki, qeyri-sivil metodlardan istifadə edənlər məğlubiyyətə məhkumdur. Necə ki, Putinin MDB dövlət başçılarını fövqəladə zirvə toplantısına yığıb, onları daxili münaqişələri ilə təhdid edərək vahid mövqedən çıxış etmək cəhdi də strateji qələbə ilə nəticələnməyəcək.

   PS. ANS-in “İç xəbər” verilişinin sorğusuna əsasən xalqımızın 72%-i “məktəblərdə dinin ayrıca fənn kimi tədris olunmasını” istəyir. ANS-dən rica edərdim ki, bu sorğunu da keçirsin. “Şiəliyin, yoxsa Sünniliyin?” Bu mənim gələcək yazm üçün vacibdir.