Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Anti-Sex Hərəkatı "İrəli"...

Share
Hətta sənə görə də satılmaram, hörmətli SEX...

"Jalə" şirələrinin müşayiəti altında "İRƏLİ" ÜGH-nın vida tədbirində iştirak edirdim. Ceyhun Osmanlının "İrəli"nin buraxılması ilə bağlı açıqlamasından dərhal sonra "İrəli", "İrəli"... şüarlarını səsləndirməyə başladım. Düşünürdüm ki, orada iştirak edən onlarla "İrəli"çi bu şüarın sədaları altında küçələrə axışacaq və öz hərəkatlarını qorumaqçün çarpışacaqlar. Allah evimi Naxçıvanda tiksin... Mən biləni gənclər məhz belə olmalıdır.

Hərəkat təşkilat demək deyil, ictimai brilik də deyil, yaxşı, yerdən qışqırma, heç partiya da deyil. Hərəkat daha böyük bir şeydir. İdeya dalğası deməkdir. Onu açmaq, bağlamaq, idarə etmək olmur. Hərəkat təbii prosesdir. Özü yaranır, özü yaşayır, özü ölür.

Ceyhun Osmanlı deyir ki, biz milli-mənəvi və milli-mentalitet dəyərlərinə söykənən, 3 il ərzində 500 layihə (iki günə bir layihə, istirahət günləri də daxil) icra etmişik. 60 regionda ofisimiz, bütün universitetlərdə özəyimiz, müxtəlif ölkələrdə nümayəndəliyimiz və nəhayət 6000 üzvümüz olan hərəkatıq və biz- 6 təsisçi yatıb-durub bütün bunların hamısına birdən-birə son qoymaq qərarına gəldik. Əziz qardaşım, bəs bu qədər uğur varkən, niyə milli mənəvi dəyərləri  Tanrı tərəfindən ona verilmiş sex hüququndan istifadə edən hansısa “şərəfsizlərə” verib gedirsiniz. Yaxşı, siz 6 təsisçi özünüz bilərsiz. Bəs hanı sizin üç dəfə təmirdən çıxmış 40 otaqlı ofisinizdə ideologiya təbliğ etdiyiniz gənclər? Yoxdur!

Bilirsiz niyə? Çünki siz onlara ideya təbliğ etməmisiz, pozitivizm aşılamamısız. Mübarizlik ruhu və cəsarətli həyat yaşamağı nümunə göstərməmisiz. Əvəzində Dalğanı və onun timsalında digər gənclər təşkilatlarını, müxalifəti və onun timsalında müstəqil medianı, Amerikanı və onun timsalında bütün Qərbi alçatmağa çalışmısız insanların gözündə. Şərəfsizliyə haqq qazandırmaq metodologiyasını, dindən alver kimi istifadə etməyin yollarını, vətəni qılınc kimi oynatmağı, mənimlə olmayan mənim düşmənimdir təfəkkürünü prioritet seçməyi öyrətmisiniz.

Xırda bir misal: hər hansı bir "İrəli"çi Qərb dəyərlərinin, sexin, allahsızlığın, antimilli olan hər şeyin söyüldüyünün şahidi olur. Ardınca isə ona deyilir, get Avropa Şurasının kitabxanasından kitab götür oxu, onlar bizim partnyorumuzdur, hansısa qızların hədəf seçildiyinin şahidi olanda, cümə namazı ölkədə qadağan olunanda isə susmaq məsləhət görülür. Güney Azərbaycanda türklər qətlə yetirilir, amma iranlı nazir ofisdə bəh-bəhlə qarşılanır.

Bu absurd mənə sovet dövründəki başqa bir absurdu xatırlatdı. Həm Qafqaz Müsəlmanları İdarəsi yaradılmışdı, həm də ölkədə antidini ideologiya – sosailizm mövcud idi. Məhz bunlar idi sovet insanının absurd təfəkkürlə yaşamasının səbəbi.
Nə isə... Uzağa getmiyim. Gürcüstanda avqust hadisələri zamanı rusların anti-insani davranışlarına  (Qarabağ savaşını və bu savaşda rus hərbçilərinin vəhşiliyini xatırlayaraq) etiraz edən bir çox insanlar Azərbaycanda da hərəkə keçmişdi. Həmin vaxt mən "İrəli"nin ofisində oldum. Təsisçilərdən Elnarə xanım və Ceyhun müəllimlə danışdım ki, Gürcüstanda baş verənlərlə bağlı gənclər təşkilatlarının böyük bir tədbirini keçirək. Hər ikisi razılaşdı və biz iş bölgüsü apardıq. Tədbirin vaxtı yetişəndə biz öz üzərimizə düşən işi görmüşdük. Ölkədə fəaliyyət göstərən gənclər təşkilatları ilə birlikdə orada idik. "İrəli" ÜGH-nın qapısı və təsisçilərinin telefonları isə bağlı idi... Sonradan kim icazə vermədi bu tədbiri keçirməyə? Qoca komministlərmi?

Əziz "İrəli"çilər, əziz "İrəli"nin həmtəsiçiləri, tam səmimi deyirəm, siz mənə qoca nəsildən bir köynək daha yaxınsınız. Heç vaxt sizlərə düşmən gözü ilə baxmamışam, heç vaxt gələcəkdə sizləri özümə rəqib görməmişəm. Ceyhunun yarızarafat dediyi bir sözü tez-tez xatırlamışam- “Mən baş nazir olanda, səni Təhsil Naziri təyin edəcəm ki, təhsilimzdə heç bir problem olmasın”. Əminəm ki, sizləri istifadə edənlər bizi düşmən göstərməklə hədəfi öz üzərlərindən (həm в, problemlərdən) yayındırırlar. Əmin olun ki, siz öz hərəkatınız uğrunda onu bağlamağa məcbur edənlərə qarşı qalxsanız, biz sizinlə olacağıq.

İndi gələk Ceyhun Osmanlı müəllimin APA-ya verdiyi açıqlamaya. Müsahibədə Ceyhun Osmanlı müəllim rabitəsiz, qırıq-qırıq cümlələrlə (hiss olunur ki, yazı APA-da deyil, haradasabaşqa terdə və tələsik hazırlanıb) bəzi mövzularda yumşaq desək, məlumatsızlığını naşıcasına ortaya qoyur. Yaxşı olar ki, aşağıdakı qeydlərimizi öz cib dəftərçəsinə köçürüb əzbərləsin, baş nazir olanda gərəyi olar.

1. Dalğa Gənclər Hərəkatı Demokratik İslahatlar Partiyasından əvvəl yaranıb.

2. Dalğa Gənclər Hərəkatını nəyinki Asim Mollazadə, hətta heç biz təsisçisi- biri İsveçdən, ikisi Almaniyadan, digəri Qaxdan yığışıb gəlsə də, buraxa bilməz. Çünki bu, Hərəkatdır. Min illərdir bu torpaqlarda əsən enerji burulğanının yaratdığı hərəkatdır.

3. Asim Mollazadə ilə Ramiz Mehdiyev arasında çox böyük fərq var.

4. Dalğaçılar yaratdıqları aksiyaları, etdikləri hərəkətlərlə öz yaradıcıqlarını bütün dünyaya sübut ediblər. Bu yaradıcılığı yalnız azad insanlar ortaya qoya bilər. Və bütün Dalğaçılar bunu gözəl anlayır. The Show Must Go On üçün AZADLIQ lazımdır.

5. 2006-cı ilin soyuq yanvar ayı idi. Çox vaxt olduğu kimi yenə də sevgilimlə “Tarqovı”da gəzirdik. Beynimdə bir düşüncə var idi. Dostum (bu mənim üçün çox müqəddəs anlayışdır) tez gəlsəydi, mənə metro jetonu verərdi evə getməyə. Həmin vaxt dostumdan zəng gəldi- “Siz kafelərin birində oturub kofe için, mən bir az gec gələcəm”. Mən dərhal gülərək dedim: "Amma hesab sənlikdir ha... ", "bilirəm"- söylədi. Mən o kafedə sevgilimdən soruşdum: “Sən Dalğanın da, mənim də vəziyyətimi görürsən, amma bu ölkədə hamı kimi mənimçün də bu vəziyyətdən bir çıxış yolu var, onu etsəm nə deyərsən?" "Nədi o yol?" deyə soruşdu. Dedim: "Satılmaq." "Dərhal səndən ayrılaram"- söylədi...

Əziz dostlar, budur bizim İnqilab, budur bizim proyekt, budur bizim şərəfli həyat, budur bizim “Azad sex” layihəsi...

P.S. İstəsəniz ardı olacaq...