Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Qaynar.info portalının forum üzvlərinin sualarına cavab

Share
Psixoloq yazıb:
                                                    
 1.Həyatda ən çox nədən zövq alirsiniz?
 Başa düşülməkdən. Nəisə qarşımdakına izah edə biləndə rahatlıq tapıram və zövq alıram.

2.Xəyanət sizin üçün nə deməkdir?

Məişət məsələləri ilə bağlı olan hər şey insanı yalnız arxaya aparır. Bu məntiqdən çıxış edərək düşünürəm ki, qadının kişiyə və ya kişinin qadına xəyanəti məişət məsələsi olduğuna görə bu mənim üçün heç bir həyati məsələ kəsb etmir (Təbii ki, sevgililərin sadiqliyi özlüyündə gözəl şeydir, amma bu məsələ ilə bağlı insanın həssaslığı hər zaman inkişaf üçün bir baryerdir).

İdeya və prinsiplərə xəyanət isə mənim üçün ən qəbuledilməz haldır. Əgər sevgililəri həm də ideya birləşdirirsə, bu zaman xəyanət məişət məsələsi olmur. İnsanı xəyanətə əksər vaxtlarda eqosu sürükləyir ki, bax bu ən qəbul edilməzdir!

passenger:
Səni DALĞAya bağlayan nədi?

Ramin Hacılı:
Məni Dalğaya bağlayan hər şey "nə" sualına cavab vermir. Məni Dalğaya daha çox dostlarım bağlayır. Prinsiplərinə sadiq və səmimi dostlarım. Ümumiyyətlə, məncə Azərbaycanın inkişafını istəyən hər kəs bunun üçün çalışan insanlarla yaxın olmaqdan zövq almalıdır. Dalğa Gənclər Hərəkatı- üzvlərinin təmizliyi ilə gözəldir və mən bu təmiz dostları məhəllədə, ali məktəbdə, orta məktəbdə və s.- məcburi tanışlıq nəticəsində qazanmamışam. Mən bu dostları mübarizədə, meydanda qazanmışam. Bizi birləşdirən dəyər Azadlıq və Həmrəylikdir.

Ramil:
Ramin bəy, sizi salamlayıram. Soruşmaq istərdim ki, gələcəkdə prezident seçilmək üçün öz iddianızı ortaya qoyacaqsınız?

Ramin Hacılı:
Salam. Məncə bu haqda danışmaq hələ tezdir, çünki mənim 23 yaşım var. Amma əminəm ki, mən nə vaxtsa prezident olacam. Ən azı hansısa şirkət yaradıb prezident olacam :)

Santino:
Ramin, adətən, hər kəsin yalandan da olsa, "həyatda üzüləcəyi" nə isə olur... səndə bu "yalandan üzüləcəyin" nədir? =)

Ramin Hacılı:
Sığortalanmış maşının qəzaya uğraması :)

okeanus:
1. Bu ilki prezident seçkilərində gənclər təşkilatları hansı rolu oynamalıdır səncə?
2. Bir tərəfdən sanki hər şey öncədən həll olunub- ölkənin yaxın bir neçə ilinin (bəlkə də daha çox) siyasi taleyi bizdən asılı olmadan yazılıb. Belədə vəziyyətlə barışanlar haqlıdır, yoxsa heç olmasa demokratik ruh ölməsin, proses dayanmasın deyə hər gün daha şövqlə çalışanlar, demokratiya uğrunda mübarizə aparanlar?

Ramin Hacılı:
1. Gənclər təşkilatları öz işini görməlidir. Strategiyasına uyğun, prinsiplərinə sadiq, xalqının yanında, mövqeyində israrlı. Həm də gənclik coşqusu sərgiləməlidir, qəbul etdirilməyə çalışılan reallıqla barışmamalıdır, qorxmadan iradəsini, həqiqəti və haqqı ortaya qoymalıdır.

2. Hər zaman realistlər senarilər və planlar hazırlayar, yalnız təsadüflər bu planları və senariləri pozar. Məncə gənclər idealist olmalı və mübarizə apararkən realistlərin təsadüf adlandırdığı bu anı nə vaxtsa gələcəyinə əmin olmalıdılar. Bu sabahda ola bilər, 10 il sonrada...Mən hansısa imtiyazları əldə etmək üçün mübarizə aparmıram. Sadəcə prinsiplərimi - sevgini, humanizmi, demokratiyanı, xoşbəxtliyi bərqəarar olacağı cəmiyyətin qurulması üçün mübarizə aparıram. O cəmiyyətin ki, bizlər sadə vətəndaş olaraq həyatdan həzz ala biləcəyik.

FIKIR:
10 il sonrakı (2018-ci il) Azərbaycanı necə təsəvvür edirsiz ?

Ramin Hacılı:
Proqnoz vermək çətindir. Əgər biz yaxın 3 il ərzində ciddi dəyişikliyə nail ola bilməsək, 10 il sonra bu bataqlıq hər birimizi udacaq. Mən ciddi dəyişiklik deyəndə neft pullarının təhsilə və mədəniyyətə ayrılmasını nəzərdə tuturam. Tarix göstərib ki, həm hakimiyyətlər üçün, həm sadə insanlar üçün ən böyük bataqlıq neft bataqlığıdır.

FIKIR:
Sizin etdikləriniz və edəcəkləriniz nə ilə nəticələnəcək ? (Dalğa olaraq)

Ramin Hacılı:
Artıq nəticələnib. İnsanlar üçün yeni ümid mənbəyi yaranıb, gərək Dalğaçılar daha diqqətli olsun. Çünki onlara xalqın böyük inamı və ümidi var. Nəticəyə gəldikdə isə Dalğa Azərbaycana yeni sivil mübarizə texnologiyası gətirdi. Dalğa öz cəmiyyətinə yüzlərlə mübariz və ideyasına sadiq gənc bağışladı. Mən Dalğaya bir məktəb kimi baxıram. Praktiki təhsilin və passiv təhsilin alına biləcəyi bir ekol. Ekol mədəniyyəti azad burjuaziyanın dəstəyi olmadan bundan artığını edə bilməz. Mən əminəm ki, böyük nəticələr bu ekolda düzəlməkdədir.

Teklik:
Salamlar Əziz Forum iştirakçıları. Ramin bəydən indiki Azərbaycan gənclərini xarakterizə etməsini istərdim.
Bir də sayın Hacılı, sizcə hal- hazırda Azərbaycanda yaltaq gənclər (gənclik) varmı? Varsa təxmini sayı maraqlıdır.

Ramin Hacılı:
Mən reallıqları deməyi sevmirəm, çünki bunu hər kəs bilir. Bu reallıqları dəyişdirmək üçün iradəyə ehtiyac var. Təəssüflə qeyd etməliyəm ki, bu iradəni ortaya qoyan gəncliyimizin faiz nisbəti birə bərabərdir. Amma bu tip gənclərin sayı artmaqdadır. Sualınıza görə təşəkkür edirəm, amma qeyd etməliyəm ki, bu suala ən qısa belə cavab verə bildim. Əslində isə Azərbaycan gənclərini xarakterizə etmək üçün boş bir qəzet səhifəsi və bir videokamera lazımdır.
Azərbaycanda üç nəfərdən biri şərəfsiz, biri isə yaltaqdır. Şərəfsizliyin kökünü axtarsaq, Ziqmund Freydə qədər gedib çıxarıq. Yaltaqlığın səbəbi isə bu günki sistemdir.

feminist:
Hacılı, mən 2005-ci ildə Dalğaya ona görə heyran idim ki, Dalğanı xanımlar təmsil edirdi.
Vəfa xanımın sədr seçilməsi əla oldu, amma bu hər şey demək deyil. Dalğada oğlanlar dominans təşkil edir. Vəfa xanım isə yerini kişi cinsinə verdi. Bu bağışlanmaz səhvdir, məncə.
Dalğaçı oğlanlar ətrafdakılardan az fərqlənirlər. Şəxsən mən ümumiyyətlə, fərqləndirə bilmirəm.
Əvvəllər elə bilirdim sən feministsən.



Ramin Hacılı:
Mən kişilərin yanında feminist, xanımların yanında isə antifeminst təsiri bağışlayıram. Təəsüflə qeyd etməliyəm ki, siz hələ də cins ayırımı ilə məşğulsunuz. Kimisə bağışlıyırsınız, kimisə bağışlamırsınız... O ki qaldı Dalğanın daxili işlərinə, məncə buna qarışmağa dəyməz. Dalğada hər şey təbii axarı ilə gedir... Cinsindən asılı olmayaraq hər kəsin Azadlığı üçün onun şəxsi toxunulmaz mülkiyyətə ehtiyacı var. İnsan öz şəxsi mülkiyyəti ilə birlikdə müqəddəsdir.

HerKesBirDALGACI:

DALĞA sənin həyatında nələri dəyişdirdi?
Bir də ki, DALĞAda olmağın sənə şəxsi həyatında hansısa bir problem yaratdı?

Ramin Hacılı:
Mən həyatımdakı ən böyük dəyişikliklərə görə sevimli müəllimim Xaqani Hasa borcluyam. Dalğa isə məni pozitiv praqmatist etdi.
Dalğada olmaq məni ictimailəşdirdi ki, bu da mənim şəxsi həyatıma təsirsiz ötüşmədi. Artıq kimlərinsə rəqibi olmaqdan, hansısa məsuliyyətləri daşımaqdan qaçmaq mümkün deyil. "Hər kəsə sevgi" tezisi insanı yalnız müsbət istiqamətə dəyişir.

kafka:
Səncə şeytanı məhv etmək üçün cinlə əməkdaşlıq etmək olarmı?

Ramin Hacılı:
Yox. Əgər tarixə baxsaq görərik ki, bu cür Makyavelist addımların nəticəsi xoşbəxtlik gətirmir. Ümumiyətlə, mən kiminsə üzərində qələbə çalmaq üçün mübarizə aparmağın tərəfdarı deyiləm. İnsan düşməninə qarşı mübarizə apardıqca əksər hallarda düşməninə oxşayır. Adolf Hitler xalqını xoşbəxtliyə daşımaq üçün süni qəhrəmanlar və düşmənlər yaratdı. Nəticəsi göz qabağındadır. M.Qandi isə xalqını xoşbəxtliyə daşımaq üçün xalqından böyük ideya ortaya qoydu. Biz əgər millətimizdən böyük ideya ortaya qoyub onu imitasiyalardan qoruya bilsək, böyük gələcək qaçılmaz olacaq.

pishik:
show.qaynar-ın məlumatına görə Namiq Qaraçuxurlunun "Dedi-qodu" adlanan yeni albomu nəhayət ki, işıq üzü görüb. Səncə Namiq nə qədər yumru disk satacaq?
sport-qaynar yazır ki, bəs dünya futbolunun ulduzu Dieqo Maradona Argentina iqtidar partiyası olan peroncular - Xutsialistik partiyasının sıralarına daxil olmaqla siyasətə qoşulmaq qərarına gəlib. Buna münasibətinizi öyrənə bilərik?
PS: :))

Ramin Hacılı:
Namiq Qaraçuxurlu disklərdən pul qazana bilməyəcək. Əgər onun dedi-qoduları kasset şəkilində olsaydı, daha çox pul qazanardı. Çünki bizim "qazel"lər hələ də maqnitofon istifadə edir.
Maradona bizim Həmid Herisçi kimi super avantürist insandır. Bu avantüra futbolda yaxşı alınardı...

QayNAR:
Ramin bey, bir sual da məndən. Nə zaman ingilis dilini öyrənməyə başlayacaqsan?

Ramin Hacılı:
Dil bir vasitədir, əgər bunu altı aya öyrənmək olursa və mən əminəm ki bu mənim üçün çətin olmayacaq, hörmətli dostum Zahir Əzəmətə söz verirəm ki, yaxın zamanlarda İngilis dilimin daha mükəmməl olması istiqamətində çalışacam və onunla ingilis dilində danışacam.

Santino:
Hacılı, 60 avroya bir ay nə etmək olar? =)

Ramin Hacılı:
Əgər Çinlisənsə yaşaya bilərsən, əgər Azərbaycanlısansa kəfən ala bilərsən.

SoaD-Slipknot-Anathema:
Ramin hacılı, ilk dəfə neçə yaşında cinsi əlaqədə olmusan?

Ramin Hacılı:
Xatirlamiram. Bir o yadıma düşür ki, yay idi və hava çox isti idi.:)

Ulvi:
Ramin bəy, Ukrayna səfəri sizdə ən çox hansı təəssüratları buraxdı?

Ramin Hacılı:
Yalnız yaxşı təəssüratlarla qayıtdım. Azərbaycanda nəinki Ukrayna, ümumiyyətlə, dünya haqqında təsəvvürlər olduqca yanlışdır. Ukrayna xalqı bizim xalqdan daha xoşbəxtdir və buna layiqdir.

passenger:
Azərbaycanı 7-8 ildən sonra necə görürsən?

Ramin Hacılı:
Mən bu suala yuxarıda cavab verdım. Bir cümlə də əlavə edim ki, biz Norveç təcrübəsini öyrənməli və bunun əsasında öz gələcək inkişaf strategiyamızı qurmalıyıq.