
O, Eberd Fondu adından bu tədbiri maliyyəşdirdiklərinə üçün məmnun olduqlarını bildirdi. Tədbirin aparıcısı, Dalğa Gənclər Hərəkatının sədr əvəzi Araz Qasımov tədbiri keçirməkdə məqsədin Avropaya inteqrasiya prosesində gənclərin sistemli və davamlı fəaliyyətini gücləndirmək olduğunu bildirdi. Araz bəy məruzəçi kimi ilk sözü Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərovaya verdi.
“Azərbaycanda fəaliyyət göstərən müstəqil gənclər təşkilatlarının durumu” mövzusunda məruzə edən Vəfa xanım onların müstəqil fəaliyyətinə təsir edən əsas problemin maliyyə və müxtəlif təzyiqlər olduğunu bildirdi: “İki cür gənclər qurumu var: müstəqil gənclər təşkilatları və onlara alternativ kimi yaradılmış, dövlət tərəfindən maliyyələşdirilən gənclər qurumları. Təəssüflər olsun ki, müstəqil gənclər təşkilatları maliyyə sıxıntıları ilə üzləşir, dövlət tərəfindən təzyiqlərə məruz qalır və yaradılmış demokratiya, iqtisadi inkişaf fonunda beynəlxalq təşkilatların dəstəyindən məhrum olur. Biz çox istərdik ki, Azərbaycanda milli qrant proqramının yaranmasına baxmayaraq, beynəlxalq təşkilat və fondlar gənclər sektoruna xüsusi diqqət ayırsınlar. Çünki, maliyyə üzərində nəzarət, şəffaflıq yoxdur və hakimiyyət bu maliyyə hesabına imitasiya edir.”
Daha sonra “Avropa və Azərbaycan mədəniyyətlərinin Avro-İnteqrasiya prosesinə təsiri” mövzusunda çıxış edən Qafqaz-Xəzər Komissiyasının üzvü Erkin Qədirli təəssüflə qeyd etdi ki, Azərbaycanda Avropaya baxış istiqamətində yanlış tendensiya formalaşıb: “Telekanallardan və başqa vasitələrdən istifadə edərək Avropa mədəniyyəti barəsində cəmiyyətimizdə mənfi stereotiplər formalaşdırmağa çalışırlar. Əslində isə avropalılar özləri öz mədəniyyətlərini formalaşdırarkən bəşərin qabaqcıl dəyərlərindən yararlanmışlar. Bu gün bizim Avropaya can atmağımız bəşəri dəyərlərə can atmağımızdır. Bunu təhsillə etməyimiz çox vacibdir, çünki xalq cümhuriyyətini quran babalarımız Avropanı qabaqcıl universitetlərində təhsil almışdılar.”
Sonra Araz bəydən söz alan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov "Dalğa"çıları ADR-n 90 illiyi münasibəti ilə gənclər təşkilatları arasında keçirilən futzal turniri çərçivəsində "İrəli" üzərində qazandığı qələbə münasibətilə təbrik etdi: “Vəfa xanım "alternativ"lərdən danışdı. Bu gün biz Azərbaycanda müstəqil təşkilatın "alternativ" təşkilat üzərində qələbəsinin şahidi olduq. Bu, cəmiyyətdə yeniliklə köhnəliyin, səmimiyyətlə imitasiyanın mübarizəsinin göstəricisidir. Və mən əminəm ki, hər zaman səmimi və yenilikçi olanlar qalib gələcək.”
Eldar bəydən sonra müzakirələrə qoşulan millət vəkili Asim Mollazadə bizim Avropaya inteqrasiya prosesində təbii heç bir əngəlimizin olmadığını qeyd etdi: “Bu gün kimlərsə bizim müqəddəs dəyərlərimizdən istifadə edib insanları müxtəlif dini təriqətlərə və cərəynlara cəlb edərək Avropaya inteqrasiya prosesinin qarşısını almağa çalışır. Mən əminəm ki, milli mentalitet deyilən nəsnə bizim Avroapaya inteqrasiya prosesinin qarşısını almamalıdır. Əgər biz Şərqi və Qərbi Avropanı misal kimi götürsək, eyni xalqın və eyni mentalitetə məxsus insanların inkişafının nə qədər fərqli olduğunu görərik.”
Asim bəydən sonra müzakirələrə qoşulan DEVAMM-ın rəhbəri İlqar İbrahimoğlu, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı, Sivilizasiyalar Monitorinq Mərkəzinin rəhbəri Surxan Lətifov qoyulmuş məsələyə dair öz fikirlərini söylədilər.
Proqrama uyğun olaraq çay fasiləsi oldu və sonra məruzəçi qismində çıxış edən Demokratiya məktəbinin direktoru Ramin Hacılı “Azərbaycan və Avropa təhsilinin müqayisəsi və bunun inteqrasiya prosesinə təsiri” mövzusunda çıxış etdi. O, Avropaya inteqrasiya prosesində təhsilin vacibliyini qeyd edərək, bu istiqamətdə Azərbaycanın qoşulduğu Boloniya prosesini və prezidentin xaricdə tələbələrin təhsil alması ilə bağlı imzaladığı fərmanı yüksək qiymətləndirdi. Ramin bəy, bütün bunlara baxmayaraq, dövlətin insanlardan deyil, neft gəlirlərindən asılı olduğunu, bununla belə bu sahədə də şəffaflığın olmadığını bildirdi. Daha sonra təhsil problemlərinə toxunan məruzəçi dedi: “Boloniya prosesinə uyğun olaraq tələbələrin müstəqil özünüidarəetmə qurumlarının yaradılması vacibdir. Təcrübə göstərir ki, Azərbaycan kimi ölkələrdə bu proses heç vaxt öz-özünə getmir, mütləq beynəlxalq təşkilatların maliyyə və təcrübi dəstəyinə ehtiyac olur. Amma təəsüflər olsun ki, bu istiqamətdə dəstəyin kifayət qədər böyük olduğunu demək olmaz. İkinci məsələ isə xaricdə təhsillə bağlı imkanların məhdudluğudur. Belə ki, prezidentin uyğun fərmanının real icrası prosesində ciddi boşluqlar göründü və bu, tələbələrin ümidlərini qırdı. ”
Digər məruzəçi, "Alumni" şəbəkəsinin təsisçilərindən biri olan Emin Abdullayev Azərbaycan gənclərinin Avropada şəbəkələşmə imkanları ilə bağlı çıxış etdi. Emin bəy şəbəkələşmənin əsas tezisi kimi təşkilati birlikdən çox, ideoloji birliyin vacib olduğunu bildirdi: “Bu gün bizim milli dövlətçilik və milli ideologiyamız xalq cümhuriyyətindən başlayır. Və biz çalışmalıyıq ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirək və insanları bu ideya ətrafında toplayaq. 2018-ci ildə, yəni xalq cümhuriyyətinin 100 illiyində bizlər bu günkündən fərqli olaraq övladlarımızın və bir-birimizin gözünə dik baxmaq üçün xalq cümhuriyyətinin baniləri kimi yüksək ixtisaslı kadrlar olmalı və fəxr edə biləcəyimiz sistemi yaratmalıyıq.”
Emin Abdullayevdən sonra müzakirələrə qoşulan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu qeyd etdi ki, biz neft gəlirlərinə və ölkəmizə sahib çıxmasaq, beynəlxalq təşkilatlar bizimlə deyil, hökumətlə hesablaşacaq: “Əgər tədqiqatlar həyata keçirməsək və alternativ ortaya qoymasaq, biz dünya tərəfindən ciddi qəbul olunmarıq. Və bu istiqamətdə biz Dalğa Gənclər Hərəkatı ilə əməkdaşlığa hazırıq.” Daha sonra müzakirələrə qoşulan Avrointqerasiya Milli İctimai Birliyinin üzvü Toğrul Cuvarlı, Məlahət Mürşüdlü, Əhməd Abbasbəyli və digər qonaqlar konfransı yükəsk qiymətləndirməklə yanaşı, Dalğa Gənclər Hərəkatı ilə təhsilin inkişafı prosesində əməkdaşlığa hazır olduqlarını bildirdilər.
Sonda qeyd edək ki, konfransda iştirak edən beynəlxalq təşkilatların və səfirliklərin təşəbbüsü əsasında qərara alındı ki, tədbirdən hazırlanmış təkliflər paketi bu qurumlara təqdim olunsun.