Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

AGENT, SƏN HARALISAN?

Share
Zamin HACI
zaminhaci@gmail.com

Yaxud təhsildə yeni istiqamət - “evdə qalmamaq”

“Dalğa” Gənclər Hərəkatı 3 sentyabrda İran səfirliyi önündə etiraz aksiyası keçirəndə gənclər mülki geyimli şəxslərin hücumuna tuş gəlmişdi. Sonra hərəkatın fəalı Ramin Hacılı bildirdi ki, həmin şəxslər İran səfirliyi tərəfdən gəliblər, güman edilir onlar İranın məxfi agentləri olubdur.
İran agentləri Bakıda adam döyə bilərmi? Tamamilə mümkün şeydir. Bura çoxdan bizim ölkə deyil, üstündən nə boyda bayraq asırsan, as. Prezident Əliyev Rusiya prezidenti Medvedyevi Bakıya səfərində yeni iqamətgahda qarşıladı. Əliyev Azərbaycanın rəhbəridir. Ancaq Azərbaycan vətəndaşları prezidentin yeni iqamətgahı haqda xəbəri Rusiya telekanalı NTV-dən öyrəndilər. Absurd görünür. Ancaq absurd deyil. Faciədir. Beynəlxalq Böhran Qrupu bu günlərdə hesabat yaymışdı. Sitat: “Bəylər Əyyubov kürdlərə nəzarət edir və onların vasitəsiylə PKK ilə əlaqələrə malikdir”. Təsəvvür edirsinizmi bu nə deməkdir? Prezidentin baş cangüdəni Azərbaycanın dünyadakı faktiki yeganə müttəfiqini terrora tutan bir qurumla əlaqədə suçlanır. Kimsə buna izahat vermir. “Məlum məsələ” kimi baxırlar.
Hərçənd, izahat verməyin də mənası yoxdur. Seçkiqabağı müəllimlərin maaşı 10 faiz artırıldı, qiymətlərin yüksəlməsi bu artımı prezident fərmanından öncə basıb yeyib, ancaq bu saat yaltaqlar növbəyə düzülüb. Hamı dövlətin, prezidentin 10 faiz atalıq qayğısından danışır. Yeri gəlmişkən, bu yaxında təhsil naziri söylədi: ölkə müəllimlərinin 85 faizi qadınlarmış. Müəllimlik qadın peşəsinə çevrilən ölkədə kişilərin nərmənazik əqidə, nazlı beyinlə yetişdirilməsinə təəccüblənmirik. (Hərçənd, guya müəllimlərin 50 faizi kişi olsa nə dəyişəcəkdi?)
Məktəbli formasını Volodarski fabriki buraxır. Mən bu fabrikin hərbi forma tikmək üzrə ixtisaslaşdığını nahaq yazmadım. Budur, formalar ortaya çıxıb, eynilə hərbçi geyiminə bənzəyir. Xüsusilə qızlara tikilən formalar bədheybət bir geyimdir. Bəlkə bunu da İranın agentləri ediblər? Nə biləsən. Ölkə agentlə qaynaşır.
Misir Mərdanovun həmin dəhşətli çıxışından bir sitatı da verməliyik: “Məktəb direktorlarının da 95 faizi qadındır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda, bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Məncə, bunun əsas səbəblərindən biri əməkhaqqının aşağı olmasıdır. Evə əsas qazancı kişi gətirir. Onlar həyat yoldaşlarını evdə qalmamaları üçün məktəbə işə göndərirlər”. Nazir etiraf edir ki, qadınlar yalnız evdə oturmamaq üçün müəllimlik edir. Sonra uşaqları evdə hazırlaşdırırlar - paradoks olsa da.
Bu nazir YAP Siyasi Şurasının üzvüdür. Bu adam bütün günü hakimiyyəti tərifləyir. Ölkəni nə günə qoyduqlarını özü deyir, sonra bu ölkəni tərifləyir. İnsanın bu cür ruhi halına hansı diaqnoz qoymaq olar? Əlbəttə, daha prezident maaşı 10 faiz artırdı, 10 faiz qadın müəllimlər evə dönüb yerlərinə kişi göndərərlər, işlərimiz düzələr. Bizdə axı ayrı problem yoxdur, bütün problemlərimiz gender problemidir, bu haqda dövlət komitəsi də qayırmışıq.
Nəhayət, neytral.az saytında oxudum, nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun ayı yeməsindən danışıbmış. Yalan-gerçək, nazir söyləyib ki, oğlu ayı yeməyib, ümumiyyətlə bu söhbət çıxanda Anar xaricdə səfərdə imiş. Bəlkə Anar ayını elə xaricdə yeyibdir? O cümlədən, bu saat Qəbələ də xaric kimi bir yerdir. Kamaləddin Heydərovun balaca dövlətlərindən biridir. Kimi istəsə qonaq çağırır, nə festival istəsə keçirdir. İstəsə Qəbələnin müstəqilliyini BMT-də pulla alar. İstəsə Qəbələ ilə Masallını birləşdirib konfederasiya qurar. Kimin cürəti var söz desin?
İran agentlərindən isə xahiş edək, bu dəfə deputatxana seçkisini onlar keçirtsin. Rusiya agentləri çox araq içir, məsrəf çox çıxır. İrana isə uzağı təsbeh lazımdır. Biz istəsək dünyanın ən uzun təsbehini qayırarıq.