Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Bir hüzn var məmləkətdə...

Share

Araz Önər
arazoner@music.az


Axır vaxtlar çox pessimist olmuşam. Ətrafımdakı insaları anlaya bilmirəm. Nəinki ətrafımdakıları, hətta ətrafımda olmayanları. Ramin Hacılını, Vəfa Cəfərovanı... və digər ətrafımda olmayanları... Biz Dalğa olaraq daima insanları sevməyə, onlara dəyər verməyə yönəlik addımlar atmışıq. Amma hər dəfə xəyal qırıqlığına uğrayanda, çıxış yolunu 40 dərəcəlik suda arayırıq. İnsana sevgi bəy Hacılıda, xanım Cəfərovada haradandır bilmirəm. Mən hər insanı sevməyin əleyhinəyəm. Daim də bu fikrin əleyhinə olmuşam. Bir vaxtlar mənim Dalğaya gəlməyimi müzakirə eləyən insanlar indi hər kəsə Dalğada qucaq açır. Bu məndə paxıllıq hissi yaratmır, qətiyyən belə deyil. Amma sabah kimsə bizim üzümüzə ağ olanda, mən bunu Hacılının və Vəfanın üzünə vurmağa utanıram. Onların səhvlərini üzlərinə deməyə utanıram... Mən şükr edirəm ki, mənim əynimdəki gödəkçəni mənə alan insanın üzünə ağ olmamışam. Mən atamı, anamı çox sevirəm. Mən bilirəm ki, sabah mənim cibimə heroin atsalar, mənə Raminlər, Vəfalar, Elşənlər, Rövşənlər, Orxanlar, Pənahlar, Sisilər, Əsmərlər, Aysellər, Günellər, Gülarələr inanacaq. Amma bilirəm ki, mən sabah bu insanların üzünə ağ olsam, mənə Ülvilərdən, Seymurlardan, Səlimlərdən başqa heç kəs inanmayacaq. Mən bu insanlarla sərxoş olacam. Onlar həmən o dalğaçıların arxasıyca danışacaqlar. Mən də ağzımı açan kimi, dilim qatlanacaq və əbədiyyətə qərq olacam. Tanrıdan bircə diləyim və duam budur. Mən dalğaçılarla nə vaxt nifaqa girsəm, onlara qarşı bir söz deyən yerdə mənim dilim qatlansın. Mən, mənə Araz Dönər deyən insanların üzünə baxanda, onların üzündə romantik bir hüznün əksini görürəm. Onların içində tapılmamış şəxsiyyətlərini, mənliklərini görürəm. Mən dalğaçılara qarşı bir söz eşidəndə içimdə daxili qanaxma başlayır, bir hüzn başlayır, ağlayıram. Amma həqiqi dalğaçılara qarşı... Mən 15 yaşımda, küçələrdə yatmışam, 16 yaşımda vəhhabi olmuşam, 17 yaşımda Dalğaya gəlmişəm və sədr əvəzi olmuşam. Bu insanlar mənim kimi qəribə keçmişi olan birisinə qucaq açdılar, məni öz aralarında bir nömrəli adam etdilər. Oxucu, səncə mən bu insanlara necə üz çevirə bilərəm? Mən bir gün necə ofisə gəlib, deyə bilərəm ki, mən Dalğadan ayrılıram. Ya mən ideyamı satmalıyam, ya da şərəfsiz çıxmalıyam. Məna etibarilə ikisi də eyni şeydi. Amma daxilimdə dostluq sevgisi kimi bir nöqtə var. O nöqtəni nə gələcəkdə cibimdə tapılacaq heroin, nə çıxarılacaq dırnaqlar, nə göyərəcək üzlər ləğv edə bilməz. Yolumuz azadlıq və hürriyət yoludur. Və mən bu yolda inandığım insanlarlayam. Bir zamanlar pessimist, optimist, pofiqist olsam da, həyata qarşı baxışlarım dəyişsə də, bu insanlara qarşı baxışlarım heç bir zaman dəyişməyib. Ona görə mən bu insanlarla bir boşqabdan yemək yeyirəm. Mən Raminin hər gün insanlara sevgi hissiylə yanaşdığını görəndə, Vəfanın kişi qeyrətilə davrandığını görəndə, Zahir Əzəmətin hər gün öz mənfi hisslərini içində boğub, müsbət hisslərini bizə dəstək yolunda xərclədiyini görəndə, Elşənin azadlıq mücadiləsini görəndə, Rövşənin baş qoyduğumuz yola mazoxistcəsinə asvalt çəkdiyini görəndə və digərlərini görəndə bu insanların yanında olmamağı öz mənliyimə sığışdırmıram. Ey insanlar, siz həyatı nə məqsədlə yaşayırsınız, hansı dəyərlərə istinad edirsiniz? Sizə, sizin həyat yoldaşlarınıza bir şey olanda, Tanrı sizə bəxş etməsin, sevdiyiniz bir insan öləndə necə aparırsınız özünüzü? Bəyəm bu ölkəni sevdiyiniz bir insan qədər sevmək çoxmu çətindir? Mən bu yola baş qoymuşam. Ailəmdən, nəslimdən, hər şeydən vaz keçmişəm. Nəinki Azərbaycanda, bütün dünyada azadlıq uğrunda savaşın bir mücahidinə çevrilmək istəyirəm. 18 yaşlı bir cavan qədərmi olmadınız? Siz Rəsulzadəni belə tezmi unutdunuz? Siz demokratiyada olan azadlığı bir monarxa qurban verməyi çoxmu istəyirsiniz? Mən sabah nə cibimdə tapılan heroindən, nə çıxardılan dırnağımdan, nə də göyərən üzümdən qorxuram. Mən yalnız itirə biləcəyim sevdiklərimdən, azadlığımın qeybə çəkilməsindən və puç olacaq ümidlərimdən nigaranam.
  
   P.S.: Zahir bəyə nə qədər dedim ki, mənim adımı Araz Dönər kimi verin. Amma o mənə bu sözü yaraşdırmadı... Sizi sevirəm, Zahir bəy. Səmimi qəlbdən, dəlicəsinə, heç bir qadını sevmədiyim kimi sevirəm. Tanrı sizi qorusun!