Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

E T İ R A F

Share
İnsan onu dinləyənlərin olduğu yerdə etiraf edir. İnsanları ən gözəl qəbir daşları dinləyir. Atamın məzarı üstündə etiraf edəndə özümü İsa Məsih kimi hiss edirəm. Monoloq melanxoliya şəklində olsa belə atamın məzarı üstündə etdiyim bir neçə etirafı da yazmaq istəyirəm...

Beləliklə...


Mən sevgimi nümayiş etdirə bilmirəm. Hərdən elə insanlar üçün darıxıram ki, heç onların ağlına da gəlməz. Bəlkə də bu, yaltaq kimi görünmək qorxusundandır.
Yalan danışmağı sevmirəm, amma nəyisə şişirdib danışmaqdan ötrü ürəyim gedir.
Başqasının uğurunu sevinclə qarşılayan insanları ideal sayıram.
Eqoma və mühafizəkarlığıma qarşı apardığım mübarizədə hava qurşun kimi ağırdı.
Tərif eşitməyi sevirəm. ))
Ev işləri deyəndə gizlənməyə yer axtarıram.
Bildiklərimin 10%-ni danışsam, insanlar məni daha rahat başa düşər, amma həyatım maraqsızlaşar.
Hər şeyi və hər kəsi tənqid etməyi qarşısına məqsəd qoyan insanların ali təhsil almasını ağlım dərk etmir.
Bilmirəm bu xoşbəxtliyim, ya bədbəxtliyimdir, xanımlar mənə evlənməkdən başqa bütün təklifləri edirlər. ))
Çox qısqancam! Ən çox da Tanrımı insanlara qısqanıram.
İkinci sinifdə oxuyandan özümü Azərbaycanın prezidenti sayıram.
Salam verdiyim hər kəsin mənə münasibətini 5 saniyə sonra müəyyənləşdirə bilirəm. Rahat olun, onsuz da gözünüz sizi ələ verir...
Mənə siqaret çəkməyi öyrədən xanıma nifrət edə bilmirəm, çünki o mənə həm də çox gözəl şeylər öyrədib.
Başqaları üçün nəsə yaxşılıq edəndə uşaq kimi xoşbəxt oluram.
Mənim üçün ən gözəl dəyər sirrdir. Sirr saxlaya bilməyən insanlardan uzaq qaçmağa çalışıram.
Ən təhlükəli adamlar “tərbiyəli” insanlardır.
Azərbaycandan kənarda yaşaya bilmirəm!
Məni ən çox dostlarım təsirləndirə bilər.
Etiraf edirəm ki, ən maraqlı sevgi münasibətim Sisi ilə olub. İndi Sisi mənim üçün o qədər müqəddəsdir ki, onunla ancaq dost ola bilərəm.
Etiraf edirəm ki, yalnız mənə hörmət edən adamlarla səmimi oluram.
Ata, məni ən çox kimisə sevməkdə ittiham edirlər! Məhz buna görə mənə nifrət edirlər!
Ata, mənə şübhəylə baxmasınlar deyə, yaxşılıqlarımı gizlətməyə məcburam!
Ata, kiminsə sevgisini qazananda, kimlərinsə nifətini qazanmaqdan qaça bilmirəm.
O qədər geniş və gözəl çevrəm var ki, kiminsə adını çəkərək kimlərisə itirmək istəmirəm....