Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Erməni fotosundan qorxanlar üçün

Share
Dalğa Gənclər Hərəkatına qarşı kampaniya aparanlar Mirzə Ələkbər Sabirin üstünə gələn qoçular, onların arxasında duranlar isə şəhid arvadına göz dikən “molla”lardır.

Barəsində bəhs edəcəyim mətləblə tanış olduğum gün Ernest Heminqueyun intihar günü idi. Heminquey “Əlvida silah” romanını yazan yazıçıdır. Kütlə isə bir gün onun özünü silaha əl atmağa vadar etdi. O əlinə silah alıb intihar etdi.


Biz hər kəslə öz dilində deyil, öz dilimizdə hamı ilə danışmağın tərəfdarıyıq. Mən Qarabağdan məcburi köçkünəm. “Azərbaycan” adlanan Facebook səhifəsində özümə yer tapa bilmədim. Səhifənin adminləri o qədər vətənpərvərdi ki, yalnız özlərinə xoş gələn fikirləri həmin səhifədə saxlayırlar. Şəhidlərin adından alver edirlər. Bəli, Azərbaycan budur - Məcburi köçkünü dildə sevən, fərqli fikirə yer verməyən, vətəndaşının köləsini və ölüsünü sevən sovet başlı quldarların ölkəsi.

Mən üzümü sadə Azərbaycan vətəndaşlarına tuturam. Sizlərin pulunu mənimsəyən, haqqını əlindən alan və hislərinizlə oynayan dırnağarası vətənpərvərlərin oyununa getməyin.


Gəlin birgə düşünək. Necə olur ki, “İrəli”çi və ya hakimiyyətin başqa cici uşaqları ermənilərlə bir süfrədə oturanda ona hücum olmur, lakin bir fərqli fikirli vətəndaş bunu edəndə ona qarşı hücüm təşkil edilir. Mən Pərviz Əzimovun digər azərbaycanlılarla birlikdə erməni gəncləri ilə fotosu ətrafında ajiotajı görəndə yadıma bir çox beş qəpiklik söhbətlər düşdü. O söhbətlədən doğan suallar isə aşağıdakılardı:

Niyə məhz Pərviz Əzimovun adının qarşısında təmsil etdiyi təşkilatın adı yazılıb?! 
Niyə məhz Pərviz Əzimovun bu fotosunu yayarkən mənim adım istifadə olunub?! 
Niyə məhz müxalif düşüncəli gənclər ermənilərə salam verəndə vətən yada düşür?! 
Bunu kimlər edir və hansı məqsədlə?!

Fürsətdən istifadə edib bir neçə təsuratlarımı bölüşmək qərarına gəldim. 

1.Sumqayıt hadisələri yəqin ki, xatırınızdadır. Azərbaycan gənclərini ermənilərin yaşadığı mənzillərə göndərib erməniləri öldürtdürüb, bununla da dünyaya azərbaycanlıları vandal kimi təqdim etmək istəyən sovet KQB-si bu gün də öz niyyətindən əl çəkməyib. Qarabağ münaqişəsinin həllini istəməyən və bundan ən çox fayda əldə edən təbii ki, Rusiyadır. Heç kimə sir deyil ki, Rusiya QKB-si hələ də Azərbaycanda güclüdür. Özünüzü rus oyunlardan qoruyun.
       
     2. Hər kəs özündə olmayandan daha çox danışar. “Azərbaycan” səhifısində ən çox namusdan, qeyrətdən və vətənpərvərlikdən danışılır.(!)

     3. Biz heç kimdən və heç nədən qorxmadığımızı hər zaman real fəaliyyətimizlə sübut etmişik. Bu bizi kölə görmək istəyən Azərbaycan hakimiyyətinin xoşuna gəlmir. Çünki, biz sadə vətəndaşlarımızın haqları uğrunda mübarizə aparırıq. Gərək sadə vətəndaşlarımız hakimiyyətin oyununa getməsin. Hakimiyyətlər tarixən də xoşuna gəlməyən insanları xalqın əli ilə əzməyə çalışıb. Necə ki, İsa Məsihi, Məhəmməd Peyğəmbəri, Qalileo Qalileyi və Nəsimini xalqın əli ilə məhv etməyə cəhd ediblər. Bu klassik oyunu bu gün də istifadə edirlər. Dalğa Gənclər Hərəkatına qarşı kampaniya aparanlar Mirzə Ələkbər Sabirin üstünə gələn qoçular, onların arxasında duranlar isə şəhid arvadına göz dikən “molla”lardır. 

Sonda: Ermənifobiya vasitəsi ilə Azərbaycan vətəndaşları dünya elmindən uzaq tutulmamalıdır. Mən hər bir Azərbaycan insanına inanıram və qorxmuram ki, hansısa erməni ilə bir masanı paylaşmaq o vətəndaşımızı vicdansız edəcək. Qarabağ Azərbaycan torpağıdır. Bu həqiqəti heç bir foto dəyişə bilməz.

Beləliklə, mən öz həmvətənlərimə inanıram! Bəs siz?