Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Qatmaqarışıq yazı

Share

 Və ya Dalğanın dalğası

Oslonun "Pilistredit" küçəsində məşhur bir bina var. Ətrafındakı binalardan daha köhnə, daha yaraşıqsız, kərpicləri düşmüş, boyası getmiş antikvar bir bina. Binanın divarlarında qeyri-adi şəkillər: əlində yanacaq dolu butulka tutan başı maskalı gənc, "təhlükə", "ölüm" işarəsi olan skelet baş. Bina tikanlı simlərlə əhatəyə alınıb. Amma bu binanı başqalarından fərqləndirən, onu məşhurlaşdıran üzərindəki "occupied" (işğaledilmiş) yazısıdır.
60-cı illərdən bəri Avropada tələbə-gənclərin dövlətə, sistemə qarşı mübarizə metodlarından biri kimi dövlət binalarını "işğal etmək" çox məşhurlaşıb. Əvvəlcə bina zəbt edilir, sonra danışıqlar başlayır. Cavabdeh qurumlar bu gənclərin güzəştə getməyəcəyini bildikdən sonra, bina leqallaşdırılır- gənclərin ofisi, görüş yeri rolunu oynayır. Belə binalar, ümumiyyətlə, Osloda çoxdur, çünki Osloda "gənclik" kriteriyalarına uyğun gənclər yaşayır, "dahi" görünüşlü, küt, taxtabaş təbəqə deyil. Yuxarıda danışdığım həmin binanın hər tərəfdən rahat görünə bilən bir tərəfində isə böyük hərflərlə bizim bilmədiyimiz, eşitmədiyimiz bir cümlə həkk olunub: "Actions speak louder than words !!!" ("Əməl daha ucadan danışır, nəinki söz"). Bu şüarı bir neçə ay öncə eşitmişdim, gözlərimlə görmüş, hiss etmişdim onun nə qədər həqiqi olduğunu...




Parlament seçkiləri öncəsi çoxsaylı, mənasız mitinqlərdən birində idim. "Liderlər"in həmişəki çıxışları, camaatın "azadlıq", "istefa" bağırtıları özündən əvvəlki mitinqin kopyasıydı. Hələ sizə üzərində Çe Gevaranın şəkli olan T-şort geyinmiş bir gəncin Corc Buşun plakatını qaldırmasını demirəm. Mitinqin qətnaməsi oxundu və bitdi. Hamı da dağılışmağa başladı. Kütlə meydanı tərk etdikcə, meydanın zir-zibili üzə çıxırdı. Dalğanın eks-sədri Ramin Hacılı və tanıdığım bir neçə gəncin kütlənin tör-töküntülərini meydandan təmizlədiyini gördüm. Qəribə bir mənzərə idi. İnanın mənə, həmin hadisədən təqribən 1 il keçir, mən həmin mitinqdə danışılan sözləri, deyilən "alovlu" nitqləri deyil, yalnız Dalğanın gördüyü işi xatırlayıram. Onlar həmin gün əməlin daha da ucadan, hamının- karların da eşidə biləcəyi qədər ucadan danışdığını sübut edirdilər. Amma bu, son olmadı.

2 ay öncə Ramin Hacılıdan SMS aldım. Şok oldum. Mən 160 hərf və işarəyə sığan cəsarətə, mədəniyyətə inana bilmirdim. Dalğanın sədri təşkilata ayıracaq vaxtının az olmasından şikayətlənib, istefa verirdi. Artıq o, sədr deyil, "eks-sədr" olmaq istəyirdi. Adətən bizim cəmiyyətdə "EKS" sözü yaxşı qarşılanmır, ona əvəzedilməz bir nifrət var. Buna görədir ki, dövlətin birinci şəxsindən tutmuş, ailə başçısına qədər, siyasi partiya liderlərindən tutmuş, uşaq bağçası müdirələrinə qədər, hamı rəhbər, lider postunu dörd əllə tutur, əldən vermək istəmirlər. Yaxşı ki, Əzrayıl var. Əgər O, tutub bu adamların canını ala-ala, titullarının qabağına "EKS"-i əlavə etməsə, bütün müqəddəslərə and olsun ki, onlar qiyamətə qədər liderlik edib, qanımızı içəcəklər. Məhz buna görə Dalğanın eks-sədrinin SMS-inə inana bilmirdim. SMS-də Dalğanın növbəti qurultayının vaxtı da açıqlanırdı. Eks-sədr zarafatından qalmayıb, məni də Beynəlxalq Mətbuat Mərkəzinə dəvət edirdi. Qurultayda iştirak edə bilməsəm də, uzaq Skandinaviya ölkəsində Azərbaycanda keçirilən ilk demokratik, aydın, şəffaf seçkilər barəsində mediadan məlumat ala bildim. Sonda sadəcə, bir söz deyə bilərəm: həqiqətən, Dalğa gənclərin mikrafonudur. O, haqsızlığa, ədalətsizliyə qarşı müxalifət funksionerlərinin edə bilmədiyini edib- söz bütünü sındırıb, əməl epoxasını başlayıb!Dəxli olmasa da, bunu da deyim: bir neçə gün öncə mediadan yazıçı Rafiq Tağının "Avropalılar və biz" adlı yazısının "milli müsəlmanlar" tərəfindən hiddətlə qarşılandığını oxudum. Qanım qaraldı. Öz düşüncələrini ifadə edən yazıçı barəsində ölüm fətvası da çıxarıblar. Əhsən sizlərə. Əcəb etmisiniz! Çox qəribədir, bu ölkədə hamı hamını ölümlə hədələyir, başqasına ölüm hökmü verir. Amma kimsə güzgünün qarşısına keçib, özünü hər cür iyrənclik, yaltaqlıq, rüşvətxorluq, əclaflıq və minlərlə bu kimi keyfiyyətlərə malik olmaqda ittiham edərək, özü barəsində ölüm hökmü çıxarmır. Artıq Həzrəti Məhəmmədə acıyıram, görün, bu dünya mütəfəkkirini kimlər müdafiə edir: somalililər, efiopiyalılar, nigeriyalılar və Cənab Şeyximiz başda olmaqla, azərbaycanlılar. Yeri gəlmişkən, Rafiq Tağı və "Sənət qəzeti"nin müdafiəsi üçün Avropada yaşayan bir neçə gənclə hərəkətə keçmişik. Amma buradakı azərbaycanlılar da başımıza olmazın müsibəti gətirdi. Növbəti yazımda Norveçdə yaşayan "milli fəallarımız"la bağlı sizdə tam təsəvvür yaradacağımıza söz veririk