İş elə gətirib ki, yenə elm mövzusunda yazmağa məcburuq. (Baxarsınız, axırda özüm də alim olacağam).
Təzə bir “alim” çıxıbdır - əslində şəxsən mən onu 8-9 il öncədən tanıyıram - mediada “oxumamış alim” adlandırırlar. Adı Cabbar Məmmədov olan bu gözəl insanın 38 yaşı var, heç bir ali məktəb bitirməyib. Ancaq deyir ki, Eynşteynin nisbilik nəzəriyyəsinin yanlışlığını artıq sübut edibdir. Bundan başqa, filologiya, kompyuter texnologiyaları, siyasət, canım sənə desin, psixologiya və sairə üzrə də fısqırıq icadları, tədqiqat və araşdırmaları varmış.
Hal-hazırda bəy “İşğalçı dövlətlərə qarşı qeyri-hərbi yollarla mübarizənin forma və metodları” mövzusunda dissertasiyanı müdafiə etməyə hazırlaşır. Ali Attestasiya Komissiyası istisna hal kimi bu “oxumamış alimi” müdafiəyə buraxıbdır. Halbuki Səfər Əbiyev məhz həmin qeyri-hərbi mübarizənin akademikidir, təzədən bundan elm qayırmağın nə mənası varmış... Amma bu ölkədə elə bir şəxs neft sahəsi üzrə elmlər doktorudur ki... Cabbar bəy niyə olmasın?
Yeri gəlmişkən, bizdə bir iqtisadçı ekspert var, artıq onun adını eşidəndə məni gülmək tutur. Niyə? Çünki cəmi 5-6 ay öncə bu adam qəzetlərə intervü verirdi: “Vəssalam, ucuz neft dövrü qurtardı. Neft 200 dollar olacaq”. İndi neft 60 dollara düşüb, adam hələ utanmır, yenə qəzetlərə şərh verir. Üstəlik, bir ara bu “şərhlərinə” görə pul da istəyirdi qəzetlərdən.Hal-hazırda bəy “İşğalçı dövlətlərə qarşı qeyri-hərbi yollarla mübarizənin forma və metodları” mövzusunda dissertasiyanı müdafiə etməyə hazırlaşır. Ali Attestasiya Komissiyası istisna hal kimi bu “oxumamış alimi” müdafiəyə buraxıbdır. Halbuki Səfər Əbiyev məhz həmin qeyri-hərbi mübarizənin akademikidir, təzədən bundan elm qayırmağın nə mənası varmış... Amma bu ölkədə elə bir şəxs neft sahəsi üzrə elmlər doktorudur ki... Cabbar bəy niyə olmasın?
Nə isə, dönək Cabbar bəyin Eynşteyni “fıs” çıxartmağına. Yaz, qadan alım, biz onsuz həmişə hər hansı elmi öyrənib başa çatdırmamış onu “fıs” çıxartmağa keçmişik. Bu ölkənin təhsil naziri fizika-riyaziyyat elmləri doktorudur. Təhsilin niyə bu kökdə olmağı elə onun doktorluğunun səviyyəsidir.
Cabbar Məmmədov deyir: “Nizami Cəfərov mənim ideyamla tanış oldu, dedi, ortada nəsə ağlabatan şey var... Mahmud Kərimov da mənə yüksək qiymət verir”. Cəfərovu, Kərimovu yaxşı tanıyırıq. Anan ölsün, Eynşteyn, gör üstünə kimlər gəlir...
14 noyabrda Bakıda enerji sammiti keçiriləcək. Bunu başa düşdük. Neft-qaz, xammal ölkəsiyik. Amma dünən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı”nın keçirilməsi tam arsızlıq örnəyi idi. Qəşəng ad da qoyublar: “BakuTel-2008". Bəh-bəh... Təxminən ”kəkilli Bakı" kimi səslənir.
Ay hörmətli RİTN əhli, utanmadınızmı? Azərbaycan dünyada internetə qoşulmanın ən qotur, yavaş sürətli ölkələrindən biridir. (Dostumuz Osman Gündüz dial-ap qoşulmaya qəşəng ad qoyub: “Zülüm Zülümov”). Biz redaksiyada Allah heç qoymasa guya saniyədə 100 meqabayt sürətli, ADSL internet qoşmuşuq, indi bir elektron məktub adama çatınca özümüz qaça-qaça gedib xəbər veririk. Niyə? Sən demə, telefon qovşağı bizə satdığı internet xəttini eyni zamanda başqa idarələrə də satıbdır. Sizcə, kimə? Bir internet-kluba və... Bakı Qaz İdarəsinə! Ləzzətdir - bu idarələrlə eyni lokal şəbəkəyik, məsələn, istədiyim vaxt “BakQaz”ın kompyuterinə girib qaz borcumu silə bilərəm. Ancaq borcum görünsə nə vardı... Qaz idarəsi tarixən borcu kompyuterdə göstərməyən, əsrarəngiz sistemə malikdir. İşçilər “filfilo” oxuyur, borc məbləği çıxır. Fısıltıynan.
Poçta gedirsən, sənə qabyuyan toz, sabun satırlar - pul qalığı əvəzinə...(Dostumuz Vəfa Cəfərliyə poçtda daha unikal məhsul satmağa cəhd ediblər - “Final” yağı!) Mobil rabitənin qiyməti qonşu ölkələrdən baha... Radiotezlik alverinə “Nuşik” baxır... Rəhmətliyin uşağı, bu ölkənin Tele, Kommunikasiya, İnformasiya və Texnologiya anlayışlarına nə dəxli var? Gedin mazutunuzu, qazınızı satın da bə!
Elə bu mövzunu işləyərkən əziz dostum, “dalğaçı” Ramin Hacılıya mesaj yazdım. Onun dünənki bir mesajına cavabım idi. Az keçmədi, bəydən növbəti mesaj gəldi: “Mənim telefonum xarab olub. Başqa telefon işlədirəm deyə nömrələrin adları görünmür. Ona görə də sizin kim olduğunuzu bilmirəm. Siz kimsiniz?”
İnandığınız haqqı, son çağlar heç belə ləzzətlə gülməmişdim.
Amma sual yaxşı sual idi...