Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

"Maraqlar tələb edəndə hakimiyyətlə də yaxınlaşmaq olar..."

Share



Ramin Hacılı: "İsrail düşmənləri üçün belə səmimi mövqe tutur"
Qaynar.info- nun "Qaynar qonaq" rubrikasında bu dəfə oxucuların suallarını  Demokratik İslahatlar Partiyasının(DİP) Gənclər Təşkilatının sədri Ramin Hacılı cavablandırıb
Orxan: 1) Salam. Ramin Hacılı niyə siyasi arenada görsənmir? Və Ramin Hacılı bu ilki parlament seçkilərində iştirak edəcək?
- Siyasətçi üçün sivil ölkələrdə seçki şansı verilir. Və o bu şansdan istifadə edərək komandası ilə birlikdə qələbəsini təmin edir. Bizim ölkədə bu şans yalnız kağız üzərindədir. Mən son bələdiyyə seçkilərində həm paytaxtımızın, həmdə regionlarımıza səfərə çıxdım. Təşkil olunan treyninqlərdə birbaşa iştirak etdim.
Demokratik İslahatlar Partiyasının bəzi rayonlarda şansları heçdə az deyildi. Bu seçkidə də özünü göstərdi. Amma seçkinin nəticələri xalqın iradəsi ilə yox, hakimiyyətin istədiyi kimi oldu. Səsləri saxtalaşdırılmış insanlara kömək etməkdə digər siyasətçilər kimi məndə aciz idim. < more > Bir daha başa düşdüm ki, hazırki şərtlərnən ölkəmizdə siyasi mühit yoxdur. Dedi-qodu mühiti var. Bu şəraitdə iş daha çox  qanunun aliliyini, ədaləti və insanların təfəkkürünü dəyişmək istiqamətində fəaliyyətə yönəlməlidir. Məndə bu istiqamətdə daha çox çalışıram. Parlament seçkilərində də, bu istiqamətdə çalışacam. Amma hələki namizədliyimi verməyi düşünmürəm. Bunun üçün lazımi resurslar və insanlara veriləcək sözü tapmamışam.
Rahim: 2) Ramin bey hazırda təmsil etdiyiniz Demokratik İslahatlar Partiyasını siyasi cəbhənin hansı cinahında görürsünüz? Əgər müxaliftədə görürsünüzsə sizcə bu nə qədər inandırıcıdır?
- Əvvəla, müxalifət anlayışını dəqiqləşdirmək lazımdır. Müxalifət hakimiyyətdə təmsil olunmayan və onu dəyişməyə çalışan qüvvədir. Bizim partiyanın heç bir funksioneri hakmiyyətin hansısa strukturunda təmsil olunmur. Hakimiyyətin vermiş olduğu qərarlarda partiya olaraq birbaşa iştirak etmirik. Bu elmi nəzəri yanaşma ilə Demokratik İslahatlar Partiyası müxalifətdir. Amma ölkəmizdəki reallıqlar bizə imkan vermir ki, müxalifət olduğumuzu hər gün bəyan edək, tərəfdarlarımızı repressiya maşınına ataq, silaha sarılaq, yüksək səslə qışqıraq, daş ataq və bununlada kimlərsə tərəfindən lazımsız “bunlar müxalifətdir” qiyməti alaq. Biz Liberal Demokratik idealogiya tərədarıyıq. Atdığımız hər bir addımda təmsil etdiyimiz ideologiyanın tezislərini əsasa alırıq. Liberal ideologiyaya görə mono dövlət, yəni dövlətin səlahiyyətlərinin azaldılaraq vətəndaş cəmiyyətinə verilməsi prosesi qiyamla, dedi-qodu ilə, nədə qışqırıq ilə olmur. Bunun üçün uzun və tədrici yol keçmək lazımdır. Mən başa düşürəm, insanlar darıxır. Tez bir zamanda hazırki sistemdən canını qurtarmaq istəyir. Bunun üçün ən asan yolu: səngərdən daş atmaq yolunu seçir. Daşı olmayan isə söyüşü. Əgər biz zor gücü ilə bu günki hakimiyyəti dəyişsək, növbəti hakimiyyətidə zor gücü ilə dəyişmək məcburiyyətində qalacağıq. Çünki, qan tökərək bərqərar olan hakimiyyət ən azı qan düşmənlərindən özünü qorumaq üçün ən güclü olmağa çalışacaq. Təbii ki, hazırki Azərbaycan hakimiyyəti islahatlara getmək niyyətində deyil. Əksinə günü gündən daha çox qadağalar tətbiq edir. Bunun günahı nə qədər hakimiyyətdədirsə, o qədərdə bizdədir. Nə qədər ki biz 9 milyon yerə parçalanıb bir-birimizlə ittiham dilində danışacağıq, ideal insan axtaracağıq o qədər bu sistem var olacaq. Sistemi islahatlara məcbur edən qüvvə sistemdən iki dəfə güclü olmalıdır. Biz bu gücü formalaşdırmağa çalışan, islahatlar tərəfdarı bir partiyayıq.
İsmayıl Yaşar: 3) Azərbaycanda müxalif yönlü və ya özlərini "solçu" adlandıran gəncləri bir araya yığmaq üçün hansı addımı atmaq istərdiniz?
- Sizin partiya parlamentdə təmsil olunur, "qızıl orta" mövqeyi nümayiş etdirməyə çalışır amma, yeri gələndə hazırkı Azərbaycan iqtidarı ilə yaxınlaşmamış da deyil. Buna aydınlıq gətirməyinizi xahiş edirəm.
- Sizin dediyiniz böyük birlik modeli insanların başqalarını ittiham etməkdən yorulub özündən iyrənəndə mümkün olacaq. Baxın, biz bütün baş verənlərə görə hərəmiz bir günah keçisi axtarırıq. Massonlardan tutmuş sapı özümüzdən olan balta şəkilli satqınlara qədər hər kəsi ittiham edirik ki, evimizdə niyə çörək yoxdur. Bəzən Bakılıların məcburi köçkünləri ittiham etdiklərini görürsən. Səndə demə kişinin oğlu ona görə işsiz şəkildə tində oturub təsbeh fırlatmasının səbəbi hansısa bir məcburi köçkünün “Mersedes” sürməsidir. Bunları ona görə deyirəmki, biz istər məişətdə, istər ictimai siyasi sferada başqasına qarşı cəbhə almış şəkildəyik. Bu isə bizi nifrət bataqlığına atır. Sizcə belə şəraitdə birləşmək söhbəti özü yersiz deyilmi? Nə vaxtki insanlar öz işləri ilə məşğul olsalar və onları digəri ilə iş marağı birləşdirsə o zaman birlik yaranacaq. Bizim partiya öz işi ilə məşğuldur. Bu iş Demokratik islahatlara nail olmaqdır. Bu iş üçün maraqlar tələb edəndə hakimiyyətlə də yaxınlaşmaq olar, sağla da, solla da.
Zaur Rzayev: 4) Ramin, bu hakimiyyətin yerində olsaydın Ramin Hacılını həbs edərdinmi? "Hə" niyə? "Yox" niyə?
- Yox. Çünki, Ramin Hacılı hal-hazırda hakimiyyət üçün ciddi təhlükə deyil. Üstəlik hakimiyyətin konkret mentalitetdən çıxış edərək qoruduğu ailəsinə qarşı hansısa söyüş söyməyib. Bizim kimi ölkələrdə qərarlar daha çox emosiya ilə verilir. Heçdə oturub hesablamırlar bu adam 8 ildən sonra necə olacaq? Konkret ünvanlarına hansısa təhqiri eşidəndə, həmin adamı cəzalandırırlar.
Rövşən: 5) Məmməd Əmin Rəsulzadəni, Ebülfəz Elçibəyi və Heydər Əliyevi  hər birisini 1 cümle ilə ifadə et...
- Məmməd Əmin Rəsulzadə - Zamanın tələbini öz millətinin xeyri üçün istifadə etməyə çalışan şəxsiyyət.
Əbülfəz Elçibəy - Millətin, zamanın tələbinə uyğunlaşdırmağa çalışdığı şəxsiyyət.
Heydər Əliyev - Özünü millətin tələbinə və zamana uyğunlaşdırmağa çalışan şəxsiyyət.
İlkin Əlisoy: 6) Emin və Adnanın həbsi, Azərbaycan gənclər sektoruna hansı təsirləri etdi?
- Emin və Adnanın həbsi ilk başlar Azərbaycan gənclər sektoru üçün böyük bir birliyin və müqavimət hərəkatının yaranmasına səbəb olmuşdur. Hansıki bu biraz davam etsəydi həmin gənclərin azadlığına nail olmaq mümkün olardı. Ən azından hakimiyyəti gənclər siyasəti ilə bağlı islahatlara məcbur etməyə mümkün olacaqdı. Amma çox keçməmiş bu birlik və bu birliyin simaları arasında hakimiyyət nifaq sala bildi. Və nəticədə hər şey dağıldı. Mən bu prosesin necə getdiyini, kimlərin rol aldığını dəqiq bilirəm. Lakin bundan danışmaq fikrində qətiyyən deyiləm. Əgər istəsə bu birliyin simaları ilə birlikdə müzakirə edə bilərəm. Lakin cəmiyyət üçün bu barədə danışıb kimlərisə şou-biznes ulduzuna çevirmək niyyətim yoxdur. Bu gün gənclər sektorunda bir ətalət var. Güman edirəm ki, uzun müddət bu belədə davam edəcək. Emin və Adnanın həbsi bütün Azərbaycan üçün çox böyük bir itki oldu. Onlar Azərbaycan dövlətinə faydalı ola biləcək gənclərdi. Onların dövlətimiz əleyhinə olacaq hər hansı bir fəaliyyəti olmayıb. Onlar leksikonunda söyüş olmayan, dedi-qodulara qarışmayan yaradıcı gənclərdi. Təəsüflərki bizdə dövlət maraqları hakimiyyətin maraqlarını üstələməyib. Bu səbəbdəndə onlar həbsdədir.
Məsih: 7) Elçibəyi ozünə ideal seçən biri olaraq Ramin Hacılı bu gün niye vaxtı ilə Elçibəyə "Bundan siyasətçi çıxmaz, romantikin biridi" deyən iqtidar «kuklası» Asim Mollazadənin yanındasan? Bu Ramin Hacılının qeyri- ciddi bir insan olducunun göstəricisi deyilmi?
- Məsih həzrətləri, Elçibəy artıq 25 ildir ki hakmiyyətin anti-Piar maşının təkərinə çevrilib. Mənə elə gəlir ki, Elçibəy rəhmətə gedəndən sonra onun adından sözlər uydurub partiyasını müxtəlif hissələrə bölən, kimisə Elçibəyə 4 barmaq yaxın, kimisə 5 addım uzaq olmaqda ittiham etmək şərəfsizlikdir. Mən tanıdığım Asim Mollazadə bu günə qədər heç kim haqqında təhqir işlətməyib. Hələ o ki qala 1993-cü ildə Elçibəylə birlikdə istefa verib Kələkiyə gedə və onun bu sözləri deyə. Elçibəy haqqında çox söhbətlər dolaşırdı. Xatirimdədi, bəy demişdi ki, bu xalq eşitdiyinə gördüyündən daha çox inanır. Mən bu haqda çox düşünürdüm. Niyə belədir? Sonra anladımki, 70 il qulağını Kremlə şəkliyən və baş verən bütün hadisələri nağıl hesab edən, son qərarın Kremldən gələcəyini bilən bir xalq təbii ki, qulağına daha çox inanacaqdı. Əminəm ki bu sualı verənin yaşı ona imkan vermir ki, Elçibəyin sağlığında olan siyasi prosesləri xatırlasın. O səsləndirdiyi sualı hansısa çayxanada dahi siyasətbazlarımızdan ya eşidib, yada atası siyasətbazdır. Əminəmki, Elçibəy bu sualı oxusa bu yoldaşa deyərdi: «Çalış əxlaqını düzəlt. İnsanlara öz əxlaqınla yanaşıb əxlaqsızlıcını sübut etmə».
2) - Türkiyədə bayraq krizinə çomaq soxan biri olaraq provokasiyaya uyduğuna görə, utanırsanmı?
-Həmin vaxt Türkiyəyə səfər edən İsa Qəmbərlə mənim mövqeyim arasında heç bir fərq yox idi. Soruş gör İsa bəy utanırsa məndə utanıram.
Vasif: 8) Sizə elə gelmir ki, "İrəl"i yaranandan sonra Dalğansn olümünə fərman verildi?
- Hansısa təşkilatın ölümünə fərmanı o təşkilatı yaşadanlar verə bilər. İrəlini yaradanlarla Dalğanı yaşadanlar fərqli adamlardır.
Pərviz Əzimov: 9) 1.Təsisçisi olduğu Dalga Gənclər Hərəkatı hal - hazırda Ramin Hacılı üçün nədir?
- Hətta yenidən dünyaya gəlsəydim, bir daha Dalğa Gənclər Hərəkatı təsis edərdim.
2. Sizcə niyə Azərbaycanda siyasi partiyaların gənclər təşkilatları ilə müstəqil gənclər təşkilatları aralarından bir  soyuq müharibə var?
- Çünki, müstəqil gənclər təşkilatları siyasətdən qorxur və elə hesab edirki, hansısa siyasi partiyaya yaxınlaşma  olsa həmin partiyanın istisində əriyəcək.
Ağrı Qaradağlı: 10) Ramin Hacılı kimdir və kim olmaq istəyir?
- Ramin Hacılı hər kəs üçün ayrı adamdır. Birisi üçün dost, birisi üçün sevgili, birisi üçün övlad, birisi üçün  düşmən və s. Amma özü üçün Bənna. İstəyim tikdiyim binanın xoşbəxt sahibi olmaqdır. Mistik cavab oldu...
Denis: 11) Bəy, gənclərin hazırki meyillərini necə qiymətləndirirsiniz? Gənclər nəyə və kimə  xidmət edirlər? Bu yaxınlarda bir video gördüm və orada bir gənclər təşkilatı Amerika günləri  təşkil etmişşdi. Bu tədbirdə gənclər Maykl Ceksonunun mahnıları altında yaman bərk  oynayırdılar. Bizim gənclik nə vaxta qədər onun- bunun «çaldırdığı»  mahnılara oynayacaq?  Bu 2018 deyirdiz, onun axırı necə olacaq?
 
- Düşünürəm ki, əgər gənclər Maykl Ceksonun musiqisi sədaları altında rəqs edə bilirlərsə, bu olduqca xoşdur.   Çünki, Maykl Cekson bir dünya dəyəridir. O insan öz rəngini belə dəşiyməklə vətənsizliyini, rəngsizliyini və  dünyanın olduğunu isbat etdi. Azərbaycan Rusiya deyil. Heç ABŞ da deyil. Biz içində olduğumuz üçün  Azərbaycanı böyük görə bilərik. Amma, dünya xəritəsinə baxdıqda ölkəmizin nə qədər kiçik olduğunu görməmək  ən azı sadəlövhlük olardı. Nə qədər ki biz sadəlövhcəsinə suveren demokratiya və ya milli mentalitet kimi bizi  dünyadan təcrid edən “dəyərlərə” sığınacağıq, o qədər də yerimizdə addımlamağa davam edəcəyik. İnsanının heç  bir haqqı olmayan, amma, güclü ordusu olan dövləti krallar arzu edə bilər. Sadə vətəndaşın bunu arzu etməsi,  krala xidmətdən başqa bir şey deyil. Ona görə də mən təklif edirəm ki, 2018-ci ilə biz özünün xoşbəxt yaşayacağı  vətənini yaratmaq istəyən təhsilli insanların çoxluğu ilə gedək. O zaman 2018 yaxşı olacaq.
Professor: 12) Ramin bəy, nə vaxt anladınız ki, hər bir siyasi toqquşma Azərbaycanda o qədər də hər şeyi, ən  əsası hakimiyyət dəyişikiyi edə bilməyəcək və şəxsi ambissiya qoydunuz ortaya? Bu barədə bir az geniş, necə bu  qənaətə gəldiniz?
- Mənim şəxsi ambissiyamı nədə və necə gördüyünüz haqqında söyləyəcəyim fikrin yanlış olacağından qorxuram,  açığı. Lakin, siyasi toqquşma və ya hər hansı bir prosesin nəyə apara biləcəyinə dair söylədiklərinizin bizim daha  çox təhsilə üstünlük verməyimizlə bağlı olduğunu düşünürəm. Yəqin ki, elə bu ambisıiya dediyiniz də bizim  təhsilə bu qədər önəm verməyimizdir. Bəs nəyə görə təhsil? Çünki, atıla biləcək bütün addımların sağlam olması  üçün təhsilin vacib olduğuna inanıram.
-İran Türkü:  1) Sizin və üzvü olduğunuz partiyanın "BMT qətnamələrinə tüpürən, NPT-yə üzv olmadan nüvə başlıqlarına malik olan, 60 ildir bütün Yaxın Şərqi bir-birinə vuran, dövlət səviyyəsində terrorlar həyata keçirən, Xocalı soyqrımının yüz qatını müsəman Fələstin xalqının başına gətirən İsrailə olan rəğbətinizin səbəbi nədir?
- İsrail öz vətəndaşları və müttəfiqləri üçün, hətta düşmənləri üçün belə səmimi mövqe tutur. Müharibə qanunları prizmasından məsələyə baxsaq, vaxtilə ərəblər də onları israillilərə qarşı pozublar. Dünyada, xüsusən də xarici siyasətdə demokratiya və ədalət axtarmaq boş vaxt itkisidir. Bu gün İsrailin aqressiyası qorxudan doğur. Çünki, növbəti dəfə əsarət altına düşmək təhlükəsi onlar üçün hələ də var. Mənə elə gəlir ki, əlbəyaxa döyüş ustası ilə qarşılaşan şahmatçı, rinqə çıxmaq əvəzinə onu şahmat taxtasına dəvət etməyi bacarmalıdır. Bütün İslam dünyasının Fələstin xalqına “mənəvi” dəstək verərək, əliyalın şəkildə və ya əlində daş İsrail tanklarının üstünə göndərməsi nə qədər düzgündür. Yeri gəlmişkən, İsrail sözünü oxuyana qədər mən elə bilirdim ki, söhbət İrandan gedir.
2) Nəyə görə İsrail Asiyanın göbəyində olduğu halda idman üzrə Avropa çempionatlarında iştirak edir?
-Bunu artıq Avropa İdman Komitələri ilə dəqiqləşdirsəniz, daha yaxşı olar.
3) Yaxın Şərq dövlətlərinin və xalqlarının demək olar hamısının (Qərbin qulu olan rəhbərlərdən başqa) İsraili bir  dövlət kimi tanımamalarına necə baxırsız? Sizə elə gəlmirmi ki, israilin dövlət kimi tanınması qondarma Dağlıq  Qarabağ rejiminin də bir dövlət kimi tanınmasına haqq verir?
- Məncə Dağlıq Qarabağla bağlı ən yaxşı presedent Aland adaları ola bilər. Çünki İsrail və Dağlıq Qarabağ  arasında heç bir uyğunluq görmürəm.
14)Sizcə "İrəli" nə vaxta kimi yaşayacaq və "Dalğa"nın da bu qədər pulu olsaydı hansı layihələri edə  bilərdi? Ümumiyətlə edə bilərdimi?
- "İrəli"nin nə vaxta qədər davam edə biləcəyilə bağlı heç bir fikrim yoxdur. "Dalğa" eyni imkalara sahib olsaydı bəs nələr edə bilərdi məsələsinə gəlincə isə, könüllü olaraq həyata keçirdikləri bu qədər layihələri ən azından  genişləndirəcəyini əminliklə söyləyə bilərəm.
15) Asim Mollazadəni özünə lider seçən birisinə sual vermək doğru deyil! Düzdürmü, yuxarıda sual verənlər?
- Mən bu fürsətdən istifadə edib, sual verən bütün hər kəsə öz təşəkkürümü bildirirəm. Düşünürəm ki, hər kəsin  sualına gözlədiyi qədər dolğun cavab verə bildim. Sizə də bunu demək üçün boşluq yaratdığınız üçün təşəkkür  edirəm.