Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Özünə güvən, Vicdanınla seç, Gələcəyinə sahib ol!

Share


Millət vəkilliyinə namizəd, Dalğa Gənclər Hərəkatının həmtəsisçisi, Demokratik İslahatlar Partiyası Gənclər Təşkilatının sədri və siyasi şurasının üzvü Ramin Hacılı gənclərə, vətəndaşlara müraciət edib. Ramin Hacılının müraciəti fərlqiliyi və özünəməxsusluğu ilə seçildiyi üçün onu sizlərə təqdim edirik:


Vətəndaşsan?!

Sən rüşvətli təhsil almağa, gələcəyini qurmaq üçün vətənini tərk etməyə, 82 manat təqaüd almağa, zəhərlənmiş ətraf mühitdə yaşamağa, yalanlara boyun əyməyə, məmur özbaşınalığı ilə qarşılaşmağa, vergidən yayınmağa, haqsızlığa məruz qalmağa layiq deyilsən! Biz bir yola çıxdıq. Şərəfimizi, təmiz əllərimizi qoruyaraq, yolun başına çatacağımıza əminik. Məqsədimiz rüşvətsiz, ədalətin hökm sürdüyü, insanlığın hər şeydən üstün tutulduğu bir GƏLƏCƏKdir.



Gəncsən?

Gələcəyini vətənindən kənarda qurmağı düşünmə. Vətəninə SAHİB ÇIX!
Başqa ölkədə ikinci dərəcəli olmaqdansa, sevdiklərini tərk etməkdənsə, inamsızlığa qapanmaqdansa, şansını dəyərləndir. AKTİV OL!
Özündən birini - həmişə sənin yanında olacağını söz verən Ramin Hacılını SEÇ!

Ramin Hacılı nə deyir?!

Biz bir komanda olaraq sizlərə verdiyimiz sözlərin məsuliyyətini dərk edirik və əminik ki, seçiləcəyimiz təqdirdə 5 il müddətinə heç bir seçici özünü yalnız hiss etməyəcək. Mən bütün gənclik enerjimi, gücümü, sevgimi, coş...qumu seçicilərim üçün sərf edəcəyəm. Böyüyüb boya-başa çatdığım Nizami rayonunda bütün Azərbaycan üçün nümunə olacaq vətəndaş-dövlət dostluğunu, insanın müqəddəsliyini təmin edəcəyəm. Necə ki, fəaliyyət göstərdiyim 10 il ərzində vicdanımı və şərəfimi bütün maddi maraqlardan üstün tutub, əxlaqımı qorumuşamsa, haram yola əl atmamışamsa, bundan sonra da belə qalacağam. Rüşvət verərək və ya vicdanımı sataraq vəzifə qazanmaq yolunu seçməmişəm. Xalqımın SƏSi ilə vəzifə qazanıb, yalnız xalqımın qarşısında xidmətçi olmaq istəyirəm.
Özünə güvən, Vicdanınla seç, Gələcəyinə sahib ol!

Gənc Liderlər Ramin Hacılıya dəstək verdi

Ölkənin ən gənc namizədlərindən biri olan Ramin Hacılıya elə ölkənin tanınmış gənclərindən böyük dəstək gəlib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən “Gənclər klubu” İctimai Birliyinin sədri Zaur Əkbər, gənc alim Əhməd Şahidov və bir sıra digər gənc liderlər seçkilər dövründə Ramin Hacılını dəstəkləyəcəyini deyiblər. Bu barədə  qəzetimizə açıqlama verən fəlsəfə elmləri doktoru Əhməd Şahidov Ramin Hacılının savadına, potensialına, natiqlik qabiliyyətinə, resurslarına əsaslanaraq onu dəstəkləyir: “Mən Ramin Hacılını uzun illərdir ki, tanıyıram. Onu səmimi, mehriban, eyni zamanda vətənpərvər və demokratik bir gənc kimi xarakterizə edə bilərəm. Məhz bu cür gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi günümüzün tələbidir. Ramin Hacılını dəstəkləyirəm və ona uğurlar arzulayıram.”
Əhməd Şahidov deyir ki, Ramin Hacılının millət vəkili olması ölkədə çox şeyi dəyişə bilər: “Ramin Hacılının Milli Məclisə üzv seçilməsi ölkəmizdə çox şeyi dəyişə bilər, məncə. İlk növbədə, gənc nəslin Azərbaycanın taleyüklü məsələlərində “favorit” olması təmin olunar, dövlətimizin gənclərə diqqət və qayğısının bir qədər də artmasına gətirib çıxardar və ölkədə yeni insanların, yeni düşüncəli vətəndaşlarımızın sayının sürətlə çoxalmasına bir təkan olar.
Ramin Hacılının platforması ilə yaxından tanış olmuşam. Orada əksini tapan fikirlər onun daxilində yığılıb qalmış istəklər, planlar və arzuların gələcəkdə intellekt, səbr və iradənin birlikdə səyi nəticəsində reallaşa biləcəyi məsələlərdir. Məncə, bundan mükəmməl platfoma tapmaq qeyri-mümkündür. Qalır, təkcə həmin platformadakı ideyaların həyata keçirilməsi. Onu da yalnız sadə vətəndaşların səsini qazandıqdan sonra bir millət vəkili kimi reallaşdırmaq mümkündür.”

“Gənclər klubu” İctimai Birliyinin sədri Zaur Əkbər isə qəzetimizə açıqlamasında bidirdi ki, onlar təşkilat olaraq Ramin Hacılını dəstəkləmək barədə qərar veriblər: “Əvvəla, mən Ramin Hacılının bir dostu olaraq dəstəkləyirəm. Bundan əlavə, Ramin Hacılının təsisçisi olduğu Dalğa Gənclər Hərəkatının bizim təşkilatla yaxın münasibətləri var. Bu səbəbdən biz təşkilat olaraq Ramin Hacılını dəstəkləyəcəyimiz barədə qərar vermişik”.
Zaur Əkbər deyir ki, o Ramin Hacılını prinsipial mövqeyi olan bir gənc kimi tanıyır: “Ramin Hacılı ölkədə fəaliyyət göstərən gənc liderlər arasında öz aktivliyi ilə seçilir. O, öz prinsipial mövqeyi ilə hər zaman diqqətləri cəlb edib. Əgər Ramin Hacılı millət vəkili seçilərsə, bu ümumilikdə ölkə gəncliyi üçün müsbət bir hadisə olacaq. Bundan sonra artıq bizim də səsimiz parlamentdə eşidiləcək, gənclərin qarşılaşdığı problemlər parlamentdə qaldırılacaq. Biz buna inandığımız üçün Ramin Hacılını dəstəkləyirik.
Ümumiyyətlə, təşkilat olaraq bir neçə namizədi dəstəkləyirik. Bu insanlar elə namizədlərdir ki, onlar millət vəkili olmadığı müddətdə də insanların rifahı üçün çalışıblar. Məhz Ramin Hacılı da belə şəxslərdən biridir. Mən onunçün sürpriz hazırlamışam, əgər o deputat seçilsə (fərq etməz qutudan onun adı çıxsın və ya çıxmasın) bu sürprizi ona təqdim edəcəyəm.”

Hazırladı: Pərviz Əzimov