Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

MƏTBUAT ŞƏHİDİ BİR DAHA MƏZARI BAŞINDA ANILDI

Share
Şahin Ağabəylinin ata yurdunda onun 7 mərasimi keçirildi



Dünən bir qrup ictimai-siyasi xadim, jurnalistlər, müxtəlif təşkilatların nümayəndələri oktyabrın 27-də jurnalist fəaliyyətini yerinə yetirərkən yol qəzasında həlak olan mətbuat şəhidi, “Milli yol” qəzeti və Poliqon İnformasiya Agentliyinin (pia.az) rəhbəri Şahin Ağabəylinin Neftçala rayonunun Aşağı Qaramanlı kəndində keçirilən 7 mərasimində iştirak etdilər və məzarı başında mərhum həmkarımızı andılar. Onlar səhər saatlarında Bibiheybət məscidinin qarşısından avtomobil karvanı ilə Şahinin ata yurduna yola düşdülər.

Öncə mərhum jurnalistin məzarı ziyarət olundu. Mərasimdə keçmiş müdafiə naziri Rəhim Qazıyev, Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı,  Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı Bürosunun sədri Ağrı Qaradağlı, “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı, hərəkatın üzvləri, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, pia.az saytının redaktoru Anar Gəraylı, “Turan” Gənclər Təşkilatının nümayəndələri, Milli Demokrat (Bozqurd) Partiyasının sədr müavini Nurəddin Abbasoğlu, jurnalist Sevil Nuriyeva  və başqaları iştirak edirdilər. Şahin Ağabəylinin məzarını ziyarət edəndən sonra onun ruhuna dualar oxundu, həmkarları, dostları onun haqqında xatirələrini danışdılar.
Ə.Zeynallı Şahin Ağabəylinin iş başında həlak olduğunu bildirdi. Onun ölümünün Azərbaycan mətbuatı üçün böyük itki olduğunu vurğuladı. Şahin Ağabəylinin azad mətbuat üçün gecə-gündüz çalışdığını deyən Ə.Zeynallı mərhumun xatirəsinin əbədiləşdirilməsi üçün hamını əlindən gələni etməyə çağırdı: “Şahin Ağabəyli yaxşı dost, əsl millətçi, peşəkar qəzetçi idi. Durmadan çalışardı. Öz düşüncə və idealları uğrunda qorxmadan mübarizə aparırdı. Şahin Ağabəyli mətbuat uğrunda şəhid oldu. Allah rəhmət eləsin”.
Digər mərasim iştirakçıları da bu sözlərə qoşularaq mərhumun yaxınlarına, demokratik düşərgəyə, Azərbaycan xalqına və mətbuat nümayəndələrinə başsağlığı verdilər. Keçmiş müdafiə naziri Rəhim Qazıyev də deyilənlərə qoşuldu və mərhumun xatirəsinin əbədiləşdirilməsi üçün Şahin mükafatının təsis edilməsi istiqamətində fəaliyyətə başlamağın vacibliyini vurğuladı.
“Dalğa” GH-nin həmtəsisçisi Ramin Hacılı da Şahin Ağabəylinin vəfatının demokratik düşərgə və mətbuat üçün ağır itki olduğunu söylədi: “Mən Şahin bəyin özünə də demişdim, biz bir yerdəyiksə, mən müəyyən məqam sahibiyəmsə buna görə borclu olduğum insanlardan biri də Şahin Ağabəylidir. Şahin bəyin bir arzusu var idi. Bu Elmin Bədəlovun hüquqlarını bərpa etmək idi. O bu istiqamətdə çox çalışırdı. Mənə demişdi ki, indiyədək heç kim ona görə zərbə altında qalmayıb və indi baş verənlərlə barışmaq istəmir. Şahin bəyin ruhunu şad etmək üçün bütün imkanlarımdan istifadə edəcəyəm. O mətbuat şəhididir. Allah rəhmət eləsin”.
Şahin Ağabəylinin uşaqlıq dostu, yazar Mirmehdi Ağaoğlu mərhum haqqında danışmağın ona çətin olduğunu bildirdi. Şahin Ağabəylinin gənclikdən azadlıqsevər bir insan olduğunu xüsusi qeyd etdi.
Daha sonra insanlar Şahinin ata yurduna yollanaraq orada keçirilən yas mərasimində iştirak etdilər və mərhum həmkarımızın yaxınlarına başsağlığı verdilər.
Xatırladaq ki, Şahin Ağabəyli oktyabrın 27-də jurnalistika fəaliyyəti ilə əlaqədar Bakıdan bölgələrə gedərkən yol qəzasında həlak olub.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Elmin BƏDƏLOV, Bakı-Nefçala-Bakı