Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

«Rövnəq Abdullayev vədlərini yerinə yetirib»

Share


Ən gənc namizəd ARDNŞ prezidentinin ona güzəştə gedəcəyinə ümid edir

Ramin Hacılı: «Seçicilərə deyəcəyəm ki, 20 gün evinizə toyuq gətirə bilərsiniz, amma bu, 5 il olmayacaq»


Parlament seçkisində iştirak edəcək namizədlər sırasında ən gənci “Demokratiya” Blokunun nümayəndəsi Ramin Hacılıdır. Onun rəqibi isə ARDNŞ prezidenti, millət vəkili, sərhədsiz imkanlar sahibi Rövnəq Abdullayevdir.
Şübhəsiz ki, hakimiyyət bu dairədən Abdullayevin mandat almasında maraqlıdır. Üstəlik neft sənayesinin başında duran imkanlı namizədin seçilməsi Azərbaycan seçicisi üçün də cəlbedici görünür. Çünki, seçicini daha çox çoxsaylı sosial problemlərinin həlli imkanı maraqlandırır. Ramin Hacılı ilə bu mövzuda söhbət edib fikirlərini aldıq.
Seçkilərə qatılan ən gənc namizədsiz. Özünüzü prosesə tam hazır hesab edirsinizmi?
- Əvvəla, ən gənc namizəd olmağım məni sevindirir və güman ki, parlamentdə belə olacaq. Hər halda ən gənc millət vəkili olmaq ehtimalı məndə stimul yaradır.
- 24 saylı DSK-da ARDNŞ prezidenti və hazırkı deputat Rövnəq Abdullayev istisna olmaqla başqa namizədlər işsizdir və o qədər tanınmırlar. Rövnəq Abdullayev kimi imkanlı və səlahiyyətləri geniş olan rəqiblə mübarizədə uğur qazanmayacağınızdan narahat deyilsinizmi?
- Rövnəq Abdullayev istisna olmaqla o biri rəqiblərim haqqında informasiyam yoxdur və araşdırmamışam. ARDNŞ prezidenti 5 il əvvəl də bu dairədən seçkiyə qatılıb, verdiyi vədlərin bir çoxunu yerinə yetirib, bunun nəticəsində kifayət qədər elektorat toplaya bilib. İkinci, bu ərazidə onun vaxtı ilə rəhbəri olduğu zavodun işçiləri kompakt yaşayır. Ona görə də Rövnəq Abdullayev bu üstünlükdən kifayət qədər yararlanmaq imkanına sahibdir. Bu mənada mənim üçün çətin olacaq.
- Dediniz ki, Rövnəq Abdullayev verdiyi vədlərin əksəriyyətini yerinə yetirib, bu vədlər nədən ibarətdir? - Birinci, mini yolların salınması, uşaqların oynaması üçün meydançaların, xeyir-şər evlərinin inşası, binaların yağış keçirən hissələrinin qırlanmasıdır. Bu işlərin əksəriyyətini seçki təbliğatı zamanı həyata keçirdi ki, bunlar qeyri-qanunidir. Sadəcə, seçicilər bunu fərqli qəbul edirlər.
- Bəs Siz təbliğat zamanı bu qeyri-qanuniliyə toxunacaqsınızmı?
- Təbii ki, deyəcəm. Real vəziyyət odur ki, insanlar qanuna inanmır. Belə olduqda isə qanunsuzluqlarla hüquqlarının bərpa olunmasına təbii yanaşırlar. Yəni təki yolum düzəlsin, palçığa batmayım.
- Əgər Rövnəq Abdullayevin ötən seçkilərdə qanunsuz vədlər verdiyini deyirsinizsə, bu dəfə hansı vədlər verib?
- Yenə də eyni vədlər olacaq və mən çətinlik çəkəcəyəm. Çünki mən onun qədər büdcəyə sahib deyiləm ki, onun gördüyü işləri edim.
- Heç olmasa rəqibinizin gəlirləri haqqında MSK qarşısında məsələ qaldıra biməzsinizmi?
- Təbii ki, ARDNŞ prezidentinin qeyri-qanuni hərəkətləri haqqında faktlar olsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəyəm. Məni tanıyanlar bilir ki, haqqımı kiməsə verməyəcəm. Kimsə mənə qarşı öz pulu və gücü ilə istifadə edib qeyri-qanuni yollarla qələbəsini təmin etmək istəyirsə, onun qarşısını öz cəsarətinlə almağa çalışacağam.
- Vaxtı ilə sədri olduğunuz Dalğa Gənclər Hərəkatı orijinal aksiyalarla çıxış edib. Bəs bu dəfə hansı metodlardan istifadə edəcəksiniz?
- Əsas şüarım “Gələcək!”dir.
- Belə çıxır ki, rəqiblərinizin keçmiş olduqlarının anonsunu edirsiniz…
- Biz Azərbaycan üçün bir gələcəyik. Rəqiblərim isə bu gün ola bilər. Təbliğatımı öz dəyərlərimiz üzərində quracağıq. Vaxt az olduğu üçün kiməsə qarşı təbliğat aparmayacağıq. Mən reallıqları qəbul edirəm, amma biz insanlara gələcəyi vəd edirik. Yəni bu gün kimlərsə sizləri dilənçi yerinə qoyub nələrləsə təmin edə bilər, amma bu, gələcək vəd etmir. Seçicilərə deyəcəyəm ki, 20 gün evinizə toyuq gətirə bilərsiniz, amma bu, 5 il olmayacaq. Biz status əldə edib insanların hər biri ilə onun probleminin arxasınca gedəcəyik.
- Seçki günü baş verəcək qanun pozuntuları qarşısında hansı addımları atacaqsınız?
- Etiraf edim ki, 2005-ci ildə Hüseyn Abdullayev və Rövnəq Abdullayev qalib gəlmişdilər. Yəni seçki pozuntuları seçkiyə qədər baş vermişdi. Seçkidən əvvəl ağsaqqallarla əlaqə yaradır, yol çəkib sovqat verib insanları ələ alırdılar. Əslində mən rəqibimi tərifləmirəm, amma olanı deyirəm. Bu dəfə çalışacağıq ki, seçki gününə qədər qanun pozuntusunun qarşısını alaq. Çünki sonra gec olacaq.
- Özünüzü cəsarətli gəncliyin nümayəndəsi hesab edirsiniz, amma çıxışınızdan belə təəssürat yaranır ki, artıq Abdullayevi qalib sayırsınız...
- Mən olanları deyirəm. İstərdim ki, Rövnəq Abdullayev də həqiqəti desin. Düşünürəm ki, rəqiblərim də bundan stimul alıb həqiqətin və gələcəyin tərəfində olacaqlar. Hesab edirəm ki, Rövnəq Abdullayev mənim xeyrimə güzəştə gedib gələcəyə sevgisinin olduğunu göstərib gəncliyə böyük xidmət etmiş olar.

Natiq CAVADLI//BizimYol