Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Mən seçkilərə kiməsə qarşı mübarizə aparmaq üçün qatılmıram

Share
 Əgər onların qarşısını zorakı metodlarla almasalar...
  
   Parlament seçkilərinə 2 aydan az vaxt qalır. Rəsmi məlumata görə, Azərbaycan müstəqillik əldə edəndən sonra keçirilən və sayca 4-cü olacaq bu ilki parlament seçkiləri 2010-cu il noyabr ayının 8-də baş tutacaq. Bəzi namizədlər iştirak etmək üçün artıq Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediblər.

  
   Bu il keçiriləcək seçkilərin bəzi özəlliklərlə yadda qalacağı indidən görünməkdədir. Bu özəlliklərdən biri də ondan ibarətdir ki, seçkilərdə gənc namizədlərin sayı, əvvəlki seçkilərə nisbətən daha çoxdur. Hər halda buna əyani misal kimi, gənc namizədlərin bir qisminin seçkilərə blok şəklində qatılmaq təşəbbüsüdür. Bundan əlavə, siyasi partiyaların gənclər təşkilatlarının rəhbərləri və ya siyasi partiyalarda fəaliyyət göstərən bəzi gənc liderlər də öz namizədliyini irəli sürəcəklərini rəsmən bəyan ediblər. Bütün bunları nəzərə alıb gənclərin qəzeti olan “Alma”da gənc namizədlər barədə yazmağa və onlar arasında sorğu keçirmək qərarına gəldik. Onlara bu tip suallar ünvanladıq:
   1. Hansı səbəbdən namizədliyinizi irəli sürmək fikrinə düşdünüz?
   2. Seçkilərin şəffaf keçəcəyinə inanırsınızmı?
   3. Sizdən yaşça böyük və qismən təcrübəli rəqiblərinizlə rəqabət apara biləcəksinizmi?
  
   Ramin Hacılı: “Mən seçkilərə kiməsə qarşı mübarizə aparmaq üçün qatılmıram”
  
   Seçkilərdə namizəd kimi iştirak edəcəyini və bununla bağlı sənədlərini artıq MSK-ya göndərdiyini deyən Azərbaycan Demokratik İslahatlar Partiyasının Gənclər təşkilatının sədri Ramin Hacılı deyir ki, o Nizami 24 saylı seçki dairəsindən namizəd olacaq və öz şanslarını yüksək qiymətləndirir: “Qərara aldım ki, yaşadığım Nizami rayon 24 saylı 1-ci seçki dairəsindən namizədliyimi irəli sürüm. Hesab edirəm ki, seçilmək şansım yüksəkdir. Seçkilərin şəffaf keçəcəyini hazırda proqnozlaşdımaq çətindir, amma hal-hazırda heç bir pozuntu müşahidə etməmişəm, gələcəkdə necə olacaq, bunu zaman göstərəcək”.
   Ramin Hacılı rəqibləri ilə bağlı sualı belə cavablandırdı: “Mən rəqiblərim haqqında fikirləşməmişəm, çünki rəqiblərimin adları tam dəqiqləşməyib, hər hansı bir blokun mənə qarşı rəqibinin konkret kim olacağı müəyyənləşməyib, çünki hələ qarşıda imzaların toplanması və təhvil verilməsi mərhələsi var. Ola bilər ki, hazırkı deputat Rövnəq müəllim mənim rəqimin olsun, ola bilər ki, onun imzalarında problem çıxsın və namizədliyi qeydə alınmasın - indidən nəsə demək düzgün deyil. Ümumiyyətlə, rəqiblərimin kimliyindən asılı olmayaraq, mən onlara qarşı mübarizə aparmayacam, çünki mən seçkilərə kiməsə qarşı mübarizə aparmaq üçün qatılmıram. Mən öz mövqeyimi ortaya qoyacam və öz prinsiplərimlə çıxış edəcəyəm.”
   Seçkilərə gənclərdən ibarət bir blokla qatılmağa gəlincə isə Ramin Hacılı deyir ki, ona bu barədə hər hansı bir təklif gəlməyib: “Mənə bu barədə hər hansı bir təklif gəlməyib və bu barədə ümumiyyətlə, düşünməmişəm”.