Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Ərəstun Oruclunun ALGAsı

Share

2005-ci il qızğın parlament seçkiləri dövrü idi. Mən o vaxtlar Dalğa Gənclər Hərəkatının (Dalğa GH) sədri idim. İlk dəfə Fridrix Nauman Fondunun xətti ilə Nabranda 3 günlük təlimdə idik. Mən beynəlxalq əlaqələr üzrə koordinatorumuz Ayan və idarə heyətinin üzvü Şölə. Həmin vaxt Nauman Fondunun Azərbaycan ofisi gənclər təşkilatlarından Emin Hüseynovun başçılıq etdiyi "Məqam" Vətəndaş Hərəkatı ilə əməkdaşlıq edirdi. Bizi də bu tədbirə Emin Hüseynov dəvət etmişdi. Mən orada Ərəstun Oruclu ilə tanış oldum.

   Nəhayət, seçkilər bitdi. Emin Milli və mən "Pizza İnn"də Ərəstun Oruclu ilə görüşdük. O, bundan sonra Dalğa Gənclər Hərəkatı ilə əməkdaşlıq edəcəyini bildirdi. Belə də oldu. 2005-ci ilin sonlarında Dalğa GH-nin 10 üzvü Nauman fondunun Nabranda təşkil etdiyi tədbirə dəvət edildi. Bu tədbirdən bir neçə ay sonra Ərəstun Oruclu və onun "boz kardinal"ı Səbuhi Qafarlı Nauman Fondunun maliyyə dəstəyi ilə təşkil olunan tədbirləri "daha təmtəraqlı" və daha qazanclı etmək üçün ALGA adında təşkilat yaratdılar. İlk işləri şirnikləndirici vədlərlə (xarici səfərlər, Nabranın gölməçələrində üzmək, maraqlı coffee-break, şən klounlar və s.) ALGA-ya üzvlər cəlb etmək üçün digər təşkilatlara, əsasən də Dalğa GH-nin üzvlərinə "qarmaq" atmaq oldu. Hakimiyyətin bundan qat-qat artıq vədlərinə baş qoşmayan gənclər təbii ki, Ə. Oruclunun da dediklərini ciddiyə almadılar.
   Bununla da Nauman Fondunun keçirdiyi bütün tədbirlər digər təşkilatlardan olan gənclərin üzünə bağlandı. Onun çevrəsində yalnız ALGA üzvləri, potensial ALGA-çılar və fondun Azərbaycandakı partnyoru- Müsavat Partiyasının gəncləri qaldılar.
   Bir dəfə Dalğa GH-dan 4 nəfər Nauman Fondunun növbəti tədbirində iştirak etmək üçün müraciət göndərdi. Bunlardan ikisi xanım, ikisi də bəy idi. Xanımların CV-də hər hansı nailiyyəti qeyd olunmamışdı, bəylərin CV-si isə daha dolğun idi. Əvvəlcədən hazırladığımız bu oyunda Səbuhi Qafarlı gözlədiyimiz kimi məğlub oldu. O, ictimai fəaliyyətdə daha aktiv olan bəylərin əvəzinə, sadəcə, iştirakçı ərizəsini doldurmuş xanımları tədbirə dəvət etdi. Səbuhi Qafarlı ilə əlaqə saxlayıb, seçim prosesinin hansı məntiqlə aparıldığını öyrənmək istədim. O, gözlədiyimiz kimi, şəffaf açıqlama vermək əvəzinə, tələsik bir şəkildə bəylərin iştirakında heç bir problem görmədiyini bildirdi. Bir daha əmin oldum ki, bunların işi ALGA yox, ovdur, "Həsənsoxdu dəyirmanı"dır.
   Davamı daha absurddur. Avropa liberallarının və Nauman Fondunun Azərbaycan gəncliyi üçün təklif etdiyi bütün imkanlar "ALGA"dan kənarda qalan gənclərdən gizlədilir. Bir paralel aparım, siz qiymətləndirin. 2005-ci il parlament seçkiləri vaxtı exit-poll keçirən ABŞ təşkilatının nümayəndələri hansı regiona gedirdisə, həmin regionun icra başçısı o nümayəndələr üçün gündə 3 dəfə qonaqlıq təşkil edirdi. İyul ayının ortalarında Avropa Liberallar Assosiasiyasının nümayəndələri Bakıya gəlmişdi. Onlar müxtəlif gənclər təşkilatları ilə görüşlər keçirmək niyyətində idi. Xüsusən də həmin assosiasiyaya üzv olmaq üçün namizədliyini irəli sürmüş Dalğa GH ilə. Avropalı dost Nabranda coffee-break`a tələsən gənclər üçün seminar keçirdikdən sonra Bakıya gəlməli və görüşlər keçirməli idi. Ən azından razılıq belə olmuşdu. Növbəti zəngində o, Dalğaçılara bildirdi ki, Ə. Oruclugil onu Altıağaca - yeyib-içməyə aparıblar. Həftə səkkiz, mən doqquz Azərbaycana səfər edən Nauman Fodunun eksperti Yanki Pürs ölkəyə hər gəlişində Ərəstun Oruclunun girovuna çevrilir, h"ALGA"dan kənara buraxılmır, kimsəylə görüşməsinə imkan verilmir. Ə. Oruclu və adamları onu o qədər ciddi qoruyurlar ki, hətta "Mossad" belə, kimisə o qədər ciddi qoruya bilməz.
   Beynəlxalq Mətbuat Mərkəzində Gürcüstan seçkiləri ilə bağlı Nauman Fondunun növbəti tədbiri idi. Mən də orada idim. Ərəstun Oruclu Saakaşvilini elə ciddi-cəhdlə tənqid edirdi ki, ORT-nin diktorları "toya getməli" olmuşdu. Ondan dərhal sonra söz alıb həqiqətləri, Saakaşvilinin gördüyü müsbət işləri xatırlatmağa başladım. Ərəstun Oruclunu ORT ilə eyni mövqedən çıxış etməkdə ittiham etdim. Son fikrim isə belə idi: "Gürcü xalqı Azərbaycan xalqından daha böyük xalqdır. Çünki gürcülər qrantdan gələn pulu yemir, avropalı qonaqları yeyib-içməyə dəvət etmir, özü üçün "halqa" yaratmır. Hətta başqasına torba belə tikmir". Bu sözlərim Ərəstun Oruclunun xətrinə dəymədi. Sonralar isə eşitdim ki, o qarşısına çıxan gənclərə guya məni tədbirdən qovduğunu deyib. Nəinki qovmaq, fikirlərimi şərh etməyə belə, ona imkan vermədim. Ə.Oruclu susdu. Arxamca danışmağı azmış kimi, Avrokomissiyanın nümayəndələri "Park İnn Hotel"də gənclərlə görüş keçirmək niyyətlərini açıqlayanda Dalğa GH-nın adını o siyahıya salmamış, yalnız Avrokomissiya nümayəndələrinin təkidindən sonra Vəfa Cəfərovaya zəng edərək, Avropadan iki nəfər gəlir, onlara Dalğa barəsində təqdimat etmək lazım olduğunu deyir. Mənim iştirakımın isə qəti qadağan olduğunu bildirir.
   Ən nəhayət, məni təəssüfləndirən məqama gələk. ALGA-da hörmət etdiyim gənc dostlarım var. İnanmıram ki, onlar bu həqiqətləri bilə-bilə belə oyunların iştirakçısı olsunlar. Mən o insanları gənc yaşlarında merkantil olmağa deyil, həqiqəti müdafiə edəcək mənəvi dolğunluq nümayiş etdirərək Azərbaycanımızın ümumi inkişafına mane olan bu oyunda iştirak etməməyə çağırıram.
 
   P.S.: Bu yazını müxtəlif dillərə tərcümə edib, yayacam. Heç vaxt, heç kimlə döyüşdən qorxmamışam.
   P.P.S.: Keçmiş MTN işçisi olmur. Ona görə də Ərəstun Oruclunun MTN tarixçəsi, Əli Kərimli ilə müttəfiqlik dövrü və bu günki fəaliyyətilə bağlı daha bir yazımı gözləyin.