Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Pərviz Əzimovu niyə dəstəkləməliyəm?

Share

Lənkəran Dövlət Universitetinə 4 il öncə daxil olarkən Pərviz də hər kəs kimi çox sevinmişdi. Hərçənd mən universitetə daxil olanda çox da sevinməmişdim. Çünki bundan daha ciddi bir xəbər gözləyirdim. Valideynlərimin sevincini və bir də hər kəsdən gizlətdiyim təlaşı heç vaxt unutmaram. Yalnız ikinci xəbəri alandan sonra sevinc burulğanına düşdüm. 4 il ərzində dəfələrlə universitetden xaric edilmə faktı ilə üz-üzə qaldım.
Bütün bunları özümü reklam etmək üçün yazmıram. Sadəcə insanın fərdi tarixini dünya tarixindən daha üstün tuturam. Mənə görə tarixdə baş verənlər, insanın həyatında baş verənlərdən ona daha təsirli ola bilməz. Bir millətin fərdlərinin travması, o milləti naqis edir. Bir xalqın fərdləri qul olanda dövləti kölə olur.
   Biz müstəqilliyimizdən, dövlətin azad xarici siyasətindən ağız dolusu danışa bilmərik. O vaxta qədər danışa bilmərik ki, hamımız ayrı-ayrılıqda müstəqilliyimizə və azad qərar vermə haqqına sahib deyilik. Kölələrin birliyi heç vaxt olmur. Düşməni olan həmişə kölədi. Ən azı düşmən kompleksi onu kölə edir. Bizim düşmənimiz güclüdü. Biz içimizdə bunu bilirik. İçimizdə kölə olduğumuza əmənik.
   Bütün bunları bildiyim üçün mən sizləri birləşməyə, düşmənə qarşı vahid cəbhədən vuruşmağa çağırmıram. Sizləri azadlıq uğrunda mübarizəyə də səsləmirəm. Cəfəng maarifləndirmə tədbirlərinin də tərəfdarı deyiləm. Əminliklə söyləmək olar ki, Sokrat erası Azərbaycanda bitib. Yeni bir eraya- Şopenhauer dönəminə qədəm qoymağın vaxtıdı. Bu isə o deməkdir ki, həqiqət axtarışından əl çəkməliyik. Biz bildiyimiz həqiqətlərə uyğun davranmalıyıq. Şopenhauer bunun üçün iradəni vacib hesab edirdi. Özümüzü azad hesab edib, iradəmizi ortaya qoysaq, bildiyimiz həqiqətlərin müdafiəçisi olacağıq. Fərdi tariximin səhvlərinin günahkarı özüm olacam, əgər azad yaşamışamsa... Dövlətimin tarixi səhvlərinin günahkarı elə dövlətimin özüdü. Əgər dövlətim süveren olubsa...
   Sən əgər azad dövlət istəyirsənsə, öz azadlığına nail ol, başqalarının azadlığı uğrunda vuruş və bu zaman ziyalı olacaqsan. Azadlıq sevənlər səndən ilham alacaq. Haqqı tapdananlar sənin yanına gələcək. Sən çoxsansa, qüdrətlisənsə, sənin ölkənin gücü, qüdrəti səndən böyüklərini doğacaq.
   Bu gün 4 ildi rüşvət vermədiyi üçün müəllimləri tərəfindən “söyüd ağacı” kimi çağırılan Pərviz Əzimovun təhsil hüququ əlindən alınıb. Mən başa düşürəm, söyüd ağacı gənc yaşlarında bar vermir. Amma bir az böyüyəndən sonra kölgəsi ilə sərinlədir, odunu ilə qızdırır. İnanın, bu gün cır meyvəli ağaclar sizin sabahkı xoşbəxtliyinizin açarı olmayacaq. Yazımın bu abzasında insanı ağaca bənzətdiyim üçün hər kəsdən üzr istəyirəm. Bu, müəllimlərimizin bizə münasibətidi.
   Ey Qərbi ikili standardlarda ittiham edən gənc, bu gün sənin gənc dostun haqqsızlıqla üz-üzədi. Bəlkə ziyalı olub iradəni ortaya qoyasan?! Bəlkə bildiyin həqiqəti dilinə gətirəsən?! Bəlkə bir anlıq özünü azad hiss edəsən və azad olub bunun nə qədər dəyərli olduğunu hiss etməyə çalışasan?!
   Biz qələbəni özümüzə yaraşdırmayana qədər fərdi tariximizlə deyil, yaratdığımız miflərlə fəxr edəcəyik. Bu bizi fərd yox, sürü elementi edəcək.
  
   P.S. Pərviz Əzimovun nə qədər haqqlı olduğunu kim bilmək istəsə, istənilən sayda fakt göstərə bilərik. Mən P.Əzimovu məhz haqqlı olduğu üçün müdafiə etməliyəm, bu da haqqın müdafiəsi deməkdir.