Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Kimdir təxribatçı?

Share

30 apreldə Azərbaycan Dövlət Neft Akademiyasında çox ağır bir faciə baş verib. Hakimiyyət məhz gözlədiyim reaksiyanı verdi. Bütün emosiyaları ölmüş məmurlar heç nə olmamış kimi öz telekanallarında əyləncə verilişlərinə baxmağa davam edirdilər. Bir çox ekspertin terror kimi qələmə verdiyi bu hadisə haqqında terror demək hələ tezdir. Çünki terrorun tərifi bunu deməyə imkan vermir.
Biz vətəndaşlar bu an nə etməliyik? Xüsusən həlak olanların böyük əksəriyyətinin gənc olması və bu hadisənin təhsil ocağında baş verməsi emosiyaları tarıma çəkib. Kimlərsə bu emosiyadan istifadə edərək, böyük siyasətçi olduqlarını güzgüdə şişmiş sifətlərinə söyləmək istəyirlər. Bu kimi hadisələrdən istifadə etmək insana yaraşmayan hərəkətdir. Biz unutmamalıyıq ki, hər şeydən əvvəl insanıq. Mənim üçün mərdlik hər şeydən əvvəl gəlir. Öz siyasi karyeram üçün nəinki ölüdən, heç bir canlıdan belə istifadə etmərəm.
   1 may saat 20:00-da biz də öz vətəndaş borcumuzu yerinə yetirmək üçün ADNA-nın qarşısına əklil qoymaq niyyətində idik. Polis heç kimi hadisə baş verən korpusun önünə buraxmadı. Mən şəxsən polis rəisi ilə danışdım. O bildirdi ki, onlara heç kimi buraxmamaq barədə tapşırıq verilib, çünki hadisə yerində tədqiqat aparılır. Həmin vaxt mülki geyimli insanlar vətəndaşlara qarşı kobudluq nümayiş etdirməyə başladı. Rəisdən xahiş etdim ki, toxunmasınlar, sakit şəkildə gülümüzü qoyub, himnimizi oxuyub, şamları yandırıb dağılışacağıq. Rəis mənimlə razılaşdı və dəyənəklərdən istifadə etməyəcəklərini, lakin mülki geyimdə olanlara görə cavabdehlik daşımadıqlarını bildirdi. Bizdən tapşırıq yerinə yetirdiklərini və qarşıdurmaya şərait yaratmamağımızı rica etdi. Təxminən 600-700 nəfər idik. Burada yalnız dalğaçılar deyil, digər tanıdığımız və tanımadığımız gənclər də vardı. Anlaşdığımız kimi, ADNA-nın əsas binasının qarşısına güllərimizi düzdük, dövlət himnimizi oxuduq, dağılışmaq istəyirdik ki, bir təxribatçı “istefa”, “İlham Əliyev get”, “17 ölü var” və s. şüarlar səsləndirməyə başladı. Yanımızdakı hasarın üstünə çıxan gənc “Nə? 17 ölü?” deyə qışqırmağa başladı və o an da gözdən itdi. Mən içimizdəki təxribatçını tutdum və nə baş verdiyini soruşdum. O, “17 nəfər ölüb, buna necə dözmək olar?” dedi. Tamam, -dedim, nə təklif edirsən? Bu an arxadan insanların “terrora yox” şüarları yüksəlməyə başladı.
   Aksiyanın təşkilatçıları biz idik və bunun məsuliyyətini yaxşı anladığımız üçün Dalğaçı dostlarımla birlikdə 28 may metrosuna tərəf (o tərəfə gedəndə nə olacaqdı, məqsəd nə idi?) qışqıra-qışqıra gedən kütləni sakitləşdirməyə başladıq. Nəticədə istədiyimizə nail olduq. Polislər və mülki geyimlilər hadisə yerinə gəlib çatanda insanlar sakitləşmiş və bir çoxu dağılışmışdı. Həmin vaxt bir xanım özündən getmiş, digəri isə ağlayırdı. Hələ heç nə olmamışdı bu qədər təlaş vardı.
   Dünən isə APA-ya müsahibə verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bunları söyləyib: “Bir daha qeyd edirəm ki, baş vermiş hadisə bütün xalqımızın faciəsidir və bu ümumxalq faciəsindən siyasi məqsədlər üçün istifadə etmək heç bir əxlaqa sığmır. Anım mərasiminin Azadlıq meydanında keçirilməsinə təkid edən, Xalq Cəbhəsi, Müsavat və Liberal partiyalarının üzvü olan bir qrup öyrədilmiş gənc, habelə “Dalğa” Gənclər Hərəkatının üzvləri mərasim iştirakçılarının arasında olan və onların təhlükəsizliyini qoruyan polislə insident yaratmağa cəhd etsə də, bunun qarşısı alındı. Amma hər hansı zorakılıqdan və kiminsə döyülməsindən söhbət belə gedə bilməz. Onu da qeyd etməliyəm ki, xalqın faciəsindən siyasi məqsədlər üçün istifadə edilməsi cəhdləri, qanunsuz hərəkətlər bu cinayətin ətraflı araşdırılmasına və onun təşkilatçılarının müəyyən edilməsinə maneçilik kimi qiymətləndirilə bilər.”
  
   Cənab DİN sözçüsünə bir neçə vacib xatırlatma:
   1. Azadlıq Meydanında mitinq təşkil etmək və ölkədə matəm elan olunmasını tələb edən ADNA-nın tələbələri olub. Mətbuatla eynəyinizin üstü ilə tanış olmasanız, görərdiniz ki, həmin aksiyanı heç bir təşkilat təşkil etməyib.
   2. Səhər saatlarında "İRƏLİ" İB-nin üzvləri də həmin ərazidə bayraqlarla aksiya keçirməyə cəhd edib və polis onlara da imkan verməyib, cənab DİN sözçüsü.
   3. Biz heç bir şüar-filan götürmədən, sadəcə saat 20:00-da ora gül qoyurduq. Sizin müsahibənizdən sonra isə aydın oldu ki, oradakı təxribatçıları siz göndərmisiniz, cənab DİN sözçüsü. Çünki müsahibənizdə özünüz "mərasim iştirakçılarının arasında olan" öz adamlarınızdan açıq-aydın bəhs edirsiniz.
   4. Məqsədiniz oradakı gəncləri döyüb, bundan sonra oraya gəlib, gül qoymaq istəyən insanların qarşısını almaq idi. Budur siyasi məqsədlər üçün istifadə cəhdi, cənab DİN sözçüsü.
   Sonda bu aksiyadan öz məqsədləri üçün istifadə etmək istəyib, amma nail ola bilməyən şəxslərə də bir neçə kəlmə demək istəyirəm.
   Bu aksiyanı biz təşkil etmişdik, biz də dağıtdıq. Gedin aksiya təşkil edin və dağıdın və ya dağılın... Özünüz bilərsiz! Biz heç kimin qabağını tutmamışıq. Amma biz təşkilatçısı olduğumuz aksiyada ora dəvət etdiyimiz onlarla xanımı və illərlə əziyyət çəkib yetişdirdiyimiz gəncləri polis dəyənəyi altına verə bilməzdik.
   Qarşıdurma olacağına sevinən, amma "gözəl material"ın əldən çıxdığına sevinən bəzi “jurnalistlərdən” isə “üzr” istəyirəm. Həm də anlamıram, belə “jurnalistlərin” xətri üçün, onlara maraqlı olsun deyə gedib lütmü gəzməliyik? Bu arada kimlərsə ABŞ-da və ya isti evində oturub bizim döyülməyimizdən keyf ala bilməyəcək. Bunu birdəfəlik qulağınıza sırğa edin.
   Şüarlara gəlincə, bir gün öncədən dəvət elanında yazmışdıq ki, əgər hər hansı bir şüar olacaqsa, öncədən bildirin. Çünki biz aksiyanı təşkil edərkən şüar səsləndirmək fikrimiz yox idi və buna hazır da deyildik. Çünki şüarlara qarşı polisin münasibətini hamımız bilirik.
   Buna görə də öncədən şüarların planlaşdırılması lazım idi. Kimlərsə əgər mənim təşkilatçılıq etdiyim aksiyada öz maraqları üçün nə isə edirsə, o, təxribatçıdır. Çünki mən aksiyanı təşkil edərkən həm də oradakı hər kəs üçün məsuliyyət daşıdığımı anlayıram.
   Bir çoxlarından fərqli olaraq...

    P.S.: Həmin gün emosiyalara qapılaraq, mənim onları sakitləşdirmək cəhdlərimə fikir verməyən dostlar, bir gün sonra zəng vurub məndən üzr istəyirdilər. Mən də bu dostlardan xoşagəlməz hadisəyə görə üzr istəyirəm. Beləliklə, əsl təxribatçılar bəlli oldu!
   P.P.S.: Biz heç vaxt təxribatçılıqla məşğul olmamışıq və təxribatçı da deyilik. Biz Azərbaycanın gələcəyini düşünən beyinlərik, onun ucalacaq binasına hər gün daha bir daş yonan bənnalarıq, əsrlərlə könüldən-könülə, əldən-ələ ötürülən Azadlıq odunu bu gün də belə sönməyə qoymayan məşəlçilərik...
   Adımızı düzgün deyin!..