Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Həqiqət acıdır!

Share

Və onun həmişə fədakarlığa ehtiyacı olub...
  
   “Dalğa Gənclər Hərəkatı Azərbaycan cəmiyyəti üçün “İrəli” və Ceyhun Osmanlıdan daha çox təhlükəli və parazit xarakterlidir. Çünki dalğaçıların hamısı xaricdən maliyyələşən, Azərbaycanın milli mentalitetini və milli dəyərlərini baltalayan Ramin Hacılı kimi satqınlardır”.
    
   Bu bizim ünvanımıza deyilən ən düzgün və ən gözəl tənqiddir. Bu tənqidi eşidəndə özümü və ideyadaşlarımı Axundovdan başlayan, Rəsulzadənin dili ilə desək, “Dəniz üzərindəki neft qalığının şimal küləyini gözləyərək yanması ilə nəticələnən, yanaraq gecənin qaranlığını aydınlatdığı bir ADR qələbəsi” ilə nəticələnən insanlar sırasında gördüm.

   Nədir axı bu mentalitet? Onu kim və nə vaxt yaratdı?
   Rusiyanın “Naşı” hərəkatına görə, mentaliteti SSRİ yaradıb. Onların ayaq izləri ilə iməkləyən, bizim kimi ölkələrin “Naşı”ları özlərinə “Neokonservator” deyirlər. Demək ki, onlar da SSRİ-nin yaratdığı dəyərləri özlərinə mentalitet ediblər. Onların Amerikaya və İsrailə olan nifrətləri də yəqin ki, bu mentalitetlə bağlıdır. SSRİ təbliğat maşının son qurbanları “Neokonservator”ların ən ciddi nümayəndələri Afrikada yaşayırlar.
   F. Fukuyamanı səhv çıxartmağa çalışan neokonservatorlardan biri iddia edir ki, həbəşistanlılar dünyanın ən böyük xalqıdır və onun böyük milli mənəvi dəyərləri var.
   Ona baxan Azərbaycan insanı güləcək, amma xəbəri yoxdur ki, özü də o gündədi. Xalqın özünə kənardan baxa bilməsi üçün onu maarifləndirmək lazımdır. Maarifçilik insanlara hansısa texniki və ya humanitar fənlərin öyrədilməsi deyil, maariflənmək yalnız kitab oxumaqla olmur, heç alim dərəcəsinə yüksəlməklə də olmur. Maarifçilik insanlara həqiqətlərin çatdırılması, tabloların və qəliblərin sındırılmasıdır. Maariflənmək - Aydınlanmaqdır. Maariflənmiş insan, aydın insandır - ziyalıdır. Həqiqəti tikanlı səmimiyyətlə çəkinmədən, cəsarətlə dilə gətirən və bu yöndə açıq mövqe qoyan insanlardır maarifçilər. Cəsarət nümayişi təkcə hakimiyyətin yasaqlarına qarşı olmamalıdır, o həm də cəmiyyətə, xalqa, böyük kütlələrin inandığı yanlış dəyərlərə, lap elə minilliklərlə formalaşan köhnəlmiş adət-ənənəyə qarşı çıxmaqdır.
   Demək ki, sən hər kəs tərəfindən lənətlənən, amma ən müqəddəs işi görən həqiqət carçısı - maarifçisən.
   Bu günədək biz bütün bunların fərqində olaraq, bu işin nə qədər ağır, məsuliyyətli və müqəddəs olduğunu anlayaraq hər zaman həqiqətin yanında olmuşuq və bundan sonra da olacağıq. Hansısa bir jurnalist həbs olunanda, tələbə universitetdən qovulanda, insanların başı saxta mentalitetlə aldadılanda, “din” adı altında siyasət oyunu qurulduqda, insanlar xırda intriqalara cəlb edildikdə biz özümüzü bütün oyunlardan kənarda tutmağı bacarmış və hər zaman həqiqəti çəkinmədən söyləmişik. Biz bütün günü çayxanada oturub fəlsəfə kaçatdayan, özlərini uzaqfikirli, ağıllı siyasətçilər zənn edən gənclər kimi: “İran bizim qonşumuzdur və onunla balanslaşdırılmış siyasət aparmalıyıq”- deməmişik. Biz: “O İran adlanan yerdə 30 milyondan çox Azərbaycan türkünün bütün haqqları əlindən alınır. İnsanların inanc duyğusundan istifadə olunur, bu insanlığa və bəşəri dəyərlərə həqarətdir”-demişik.
   Biz Azərbaycan insanının xoşbəxt ola biləcəyi dövləti qurmaq bacarığına inanırıq. Bunun üçün Azərbaycan insanı öz azadlığını əldə etməlidir. Bu azadlığı məhdudlaşdıran bütün qəliblər və yasaqlara, mentalitet və dinlərə qarşı çıxırıq. Əgər kimsə bunu satqınlıq adlandırırsa, onun babası da Zərdabinin xanımını başını açdığı üçün “Firəngistan satqını” adlandırırdı.
   Bu gün Azərbaycanda ziyalı deyib Azərbaycan gəncliyi üçün bir mayak kimi təqdim etdiyimiz insanların böyük əksəriyyəti hər hansı bir müxalifət liderinin haqlı, hansınınsa haqsız, hansınınsa satqın, hansınınsa şeytan olmasının mübahisəsini edir. Bəylər, biz sizdən daha böyük işlər görmək üçün mövqe nümayiş etdirməyinizi gözləyirik. Hansı ki, o bizi mənasız məişətdən çıxaracaq.
   Nə qədər aqressiv olsaq da, nə qədər şeytana qarşı mübarizənin ön cərgəsində olsaq da, qarşımızdakı şeytanı görməyincə, bir-birimizə yalnız nifrət qusacağıq.
  
   Dalğa artıq 5 ildir ki, yorulmadan bir gənclər hərəkatı kimi fəaliyyət göstərir, öz həqiqətlərini cəmiyyətə çatdırmaq istəyir. İndiyə qədər heç bir gənc bu hərəkata qoşulmaqla nə isə xüsusi bir imtiyaz əldə etməyib. Əksinə, könüllü bir döyüşçüyə çevrilib. Dalğaçı 100 cəbhədə döyüşən, amma heç vaxt ölməyən qladiator kimidir. Onu yaşadan güllə keçirməyən ideyasıdır. Mən buna adım kimi əminəm. Sizi yalnız bir faktla əmin edə bilərəm. Dalğa Gənclər Hərəkatı 5 illiyini Dəniz Vağzalında keçirtmək üçün əvvəlcədən icazə almışdı. Tədbirə bir saat qalmış vağzalın rəisi: “gedin kimə istəyirsiniz şikayət edin, mən buranı tədbir keçirtmək üçün sizə verməyəcəm” -dedi. Həmin vaxt dalğaçı gənclərin böyük qrupu artıq vağzalın içindəydi. Bizim mövqeyimiz çox sərt və açıq oldu: “Hörmətli rəis, biz burdan çıxmayacağıq, gedin siz şikayət edin və bizi burdan polis gücünə çıxardın!” Həmin vaxt siz bu gənclərin (oğlanlı, qızlı) öz haqqları uğrunda savaşa necə hazır olduqlarını görməliydiniz. Bunu orda olan hər kəs gördü. Bir saatlıq mübahisədən sonra tədbir üçün icazə verildi. 16 yaşından 25 yaşına qədər olan bu gənclər valideynlərinin sözündən çıxmışdı. Axı onların valideynləri hər səhər deyir: “Gördün nə isə problem var, başını aşağı salıb, sakitcə aradan çıx”.
   Dalğaçıların döyüşdüyü cəbhələrdən biri də ata hökmranlığının, ağsaqqal məntiqsizliyinin hökm sürdüyü ailədir.
  
   Dalğaçıların heç biri digər gənclər təşkilatlarının üzvləri barədə dedi-qodu etməzlər. Öz qəzetlərində digər gənclər təşkilatlarına yer verərlər, ofislərində tədbir keçirmələrinə şərait yaradarlar. Müxalifət liderləri ilə gənclərin görüşlərini təşkil etməkdən başqaları kimi qorxub-çəkinməzlər. Amma əksər gənclər təşkilatlarının üzvləri Dalğaya qarşı harda gəldi dedi-qodu edərlər. Hakimiyyət yandaşı olanlar dalğaçıları təhlükəli, MTN-nin nəzarətində olmaqda, millətçilər vətəni satan, milli dəyərləri aşağılayan satqın olmaqda, solçular inqilabçı olmamaqda (elə bil qabaqlarını kəsmişik, gedib inqilab edə bilmirlər), müxalifətçilər hakimiyyətə işləməkdə, özünü liberal, müstəqil, real, azad, cümhur-i həqqi, rəşadət-i cumbuli sayanlar Asim Mollazadəyə işləməkdə (guya Asim Mollazadənin Dalğaçılara və onların keçirdiyi aksiyalara ehtiyacı var), dindarlar satanist, dinsiz, imansız, allahsız kafirlər dəstəsi olmaqda, axmaqlar və nurçular isə İsrail və Amerikaya işləməkdə ittiham edir. Hələ bu harasıdır. Dalğaya yenicə qoşulmuş hər bir gənc bir-iki gün keçəndən sonra, qohum-əqrabasından eşitdiyi 37-ci il şüarı ilə üstümüzə gəlir ki, amandı qoymayın, bəs bir qohumum var onun qardaşının arvadının xalası oğlunun babasının qardaşının nəvəsi MTN-də işləyir, o deyib ki, Dalğa möhkəm nəzarət altındadır, onların hamısını qıracaqlar, çalışın ora getməyin. Biz isə həmin gəncə 2018-ci ilin şüarını deyirik: “GƏLİRİK!” Sən o qohumunu SSRİ eksponatı kimi muzeyin nadir eksponatlar guşəsinə göndər”.
   Ən sevindirici və maraqlı məqam odur ki, bütün bu dedi-qodu ilə məşğul olan irili-xırdalı təşkilatların əkstəbliğatına baxmayaraq dalğaçıların sayı azalmır, əksinə, mövqeləri hər keçən gün daha da güclənir. Kimlərsə Vəfa Cəfərova istefa verəndə, Dalğanın zəifləməsini hiss edəndə “Araz” kafesində 40 gün, 40 gecə şadyanalıq keçirirdi. Nəticədə Dalğa Gənclər Hərəkatı içinə çəkildi. Təşkilatlandı. Və bu gün hər zamankından daha güclü Dalğa var. Gələcəyin sahibi olacaq bu gənclərin dediyi bir şüar var: “Haqq öz yerini tapacaq, tapmasa haqqı o yerə soxacağıq!”
   Dalğa Gənclər Hərəkatının həqiqət bildiyi və təbliğ etdiyi Axundovun, Zərdabinin, Sabirin, Mirzə Cəlilin, Rəsulzadənin, Topşubaşovun, Əhməd Bəy Ağaoğlunun, Əli Bəy Hüseynzadənin, Xudu Məmmədovun, Əbülfəz Elçibəyin dəyərləridir.
   Bu dəyərlər onu daşıyanları heç vaxt varlı etməyib, amma varın sahibi edib. Bu dəyərlər Rəsulzadəni və Elçibəyi cəmiyyətin ən yüksək zirvəsinə qaldırıb. Bu insanların ən böyük üstünlüyü həqiqətin qərarlarına tabe olmaları olub.
  
   P.S. “Rəsulzadə və Elçibəyin gözləri ilə həqiqətə baxış” adlı yazım, bu yazının davamı olacaq, düşünürəm...