Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Biz necə idarə olunuruq?

Share
Makiavellizm - realist idarəçilik tərəfdarları hər zaman qorxunu sevgidən üstün tuturlar. Makiavellinin dili ilə desək, "hökm edərkən insanların səni sevməsi və yaxud səndən qorxması seçimi ilə qarşılaşsan, qorxunu seç!" Azərbaycan realist ideologiyanın idarə prinsipləri ilə yönətilməkdədir. Bu zaman nələr əsas götürülür?
    
   1. İnsanları xof içində saxlamaq. Bunun üçün də insanları günahsız yerə, qondarma ittihamlarla həbs etmək. Məsələn, narkomaniyaya yaxından-uzaqdan heç bir dəxli olmayan insanı məhz narkotik üstündə həbsə atmaq, bununla da hər kəsə "Əsla və əsla dürüst olduğunla öyünmə! Bizim üçün səni günahkar çıxarmaq su içimi kimi bir şeydir!" mesajı vermək…

   2. Şübhə toxumu səpmək. Bunun üçün çox sayda düşmənlər uydurmaq və hər kəs haqqında guya "düşmənlə əlbir olub uğur qazandığı" şübhəsini yaratmaqdır. Hətta ən xırda, amma uğurlu fərd və ya təşkilat barəsində müsbət imici dağıtmaq üçün çoxsaylı şübhə yaradacaq elementlərdən istifadə olunur. Məsələn, düşmənin maraqlarına xidmət etmək, dövlətin milyard illik ənənələrini dağıtmaq, dövlətin özünə işləmək, əxlaqi pozğunluq və s…
   3. Əxlaq kredosu yaratmaq. Bunun nümunəsi üçün heç də uzaq tarixə ekskurs etmək lazım gəlmir. Mussolini zamanına qayıtmaq kifayətdir. Həmin vaxt İtaliyada Mussolininin hərəmxanası var idi. Eyni zamanda bu ölkədə " dəmir əxlaq" qaydaları hökm sürürdü, tutaq ki, qadınlar qapalı geyinirdi. Oxşar situasiyaya Azərbaycanda da rastlayırıq. Bizdə azacıq önə çıxanları milli mentalitetlə hədələyirlər. İndiyədək heç kim "milli mentalitet"in nə olduğunu bilmir, amma hamı ondan qorxur.
   4. Müharibə. İnsanların narazılıqlarını, etirazlarını boğmaq üçün istifadə olunan vasitə. Məsələn, belə: "Biz müharibə şəraitində yaşayırıq, cəbhə xəttində atışma var, hər an müharibə yenidən başlaya bilər, sən torpaqların müdafiəsinə hazır olmalısan" kimi psevdo-vətənpərvər şüarlarla insanların ictimai, siyasi, sosial mübarizə hissini arxa plana keçirmək, onu real hədəflərdən yayındırmaq. Qarabağın işğalından cəmiyyətə qarşı "xof silahı" kimi istifadə etmək.
   5. İnamsızlıq. İnsanlar bir-birindən qorxur, heç kim heç kimə inanmır. İctimai etimadsızlıq mühiti hökm sürür. Hətta ən yaxın adamlar arasında belə, inam yoxdur, hər kəs ətrafından birinin əvvəl-axır gedib onu satacağını düşünür. Aldadılacağını düşünür. İnamsızlıq qorxu ilə şübhənin qarışığıdır. İnamsızlıq özünə inamı öldürməklə başlayır. Fərd öz gücü ilə deyil, yalnız kiminsə dəstəyi, himayəsi altında uğur qazana, yüksələ biləcəyini, həm də aradan götürüləcəyini, məhv ediləcəyini düşünür.
   6. Sərvət. Sərvət hakim elitanın əlində cəmləşir. Və yalnız oradan bölüşdürülür. Belə vəziyyətdə insanlar həmin sərvətdən pay sahibi olmaq üçün hakim elitanın qılıncının altından keçməyə məcbur olur, yaxud məcbur edilir. Hər kəs maddi asılılıq altında saxlanılır. Qazanc üçün bir yol qalır: hakimiyyətin cızdığı xətlə hərəkət etmək və sağ qalmaq!
   7. Asılılıq. İnsanları çirkli yollara vadar edərək, özündən asılı vəziyyətə salmaq. Məsələn, biznesdə uğur qazanmaq üçün vergidən yayınmaq və ya rüşvətə şərait yaratmaq. Beləliklə, gözükölgəli olmaq, taleyinin "yuxarılar"ın əlində olduğunu anlayıb, "ağa deyir sür dərəyə, sür dərəyə" prinsipinə qatlanmaq.
   8. Savadsızlıq. İnsanları miflərə və əfsanələrə, hər cür yalana və uydurmaçılığa inandırmaq üçün ən ciddi silah. Bunun üçün təhsil səviyyəsini aşağı salmaqla yanaşı, informasiya blokadası yaratmaq da şərtdir. Azad medianın məhvi, kütləvi savadsızlığa nail olmaq üçün mütləqdir, vacibdir.
   9. Umid. Atılan hər kiçik addımı belə, şişirdərək və ya imitasiya edərək, cəmiyyətə yalançı ümid vermək. Belədə insanlar kənardan müsbət qiymətləndirdiyi nəsnəyə inanaraq hərəkətə keçir, sonra hər şeyin göründüyü kimi olmadığını görərək sınır.
   10. Təhlükəli obraz yaratmaq. Bu, həm xarici, həm də daxili qüvvələri qorxutmağa xidmət edir. Bunun üçün mövcud alternativi radikal imicdə təqdim edərək, onun hakim elita olacağı təqdirdə neqativ fəsadların artacağı görüntüsünü yaradaraq xarici qüvvələri qorxutmaq, həmin alternativin təhlükəlilik dərəcəsini qabardaraq daxildə xof yaratmaq və bununla da alternativ düşüncənin sıralarının genişlənməsinə nail olmaq. Bu sırada xüsusi ilə dini ekstremist qüvvələrin seçilməsi həmin niyyəti həyata keçirmək üçün ən çox istifadə olunan metoddur.
   İndi razılaşın ki, belə şərtlər altında idarə olunan bir ölkədə kimlərinsə hüquqlarının təminatından və gələcəklə bağlı sığortasının mövcudluğundan danışmaq çox gülməli səslənir. İnsanlar kim tərəfindən və hansı məntiqlə idarə olunduqlarını bilmir. Bu halda isə ölkədə əməl sabitliyinin fonunda bir fikir xaosu yaşanır. Bəzən biz ölkəmizdəki məntiqsizliyi, başqa cür düşünüb başqa cür yaşamağı, fərqli danışıb məntiqsiz hərəkət etməyi, "niyə" sualının cavabsız qalmasını xalqın günahı kimi dəyərləndiririk. Belədə isə unuduruq ki, xalq - həmişə hakim sistemin vinti rolunu oynayır. Yuxarıda sadaladığım idarəçilik metodlarının tətbiq olunduğu sistem sonucda insanların saxta xarakterə sahib olmasına gətirib çıxarır.
 
   P.S. Bəs bu sistemdə azad olmağın yolları hansıdır? İzninizlə bu barədə növbəti yazımda bəhs edəcəm.