Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Azərbaycan obası!

Share
Bu yazını dostum Aynura ithaf edirəm
   Azərbaycanımızın Quzeyi haqqında çox yazmışıq. Amma millətçi olduğum yeganə mövzu - Güney Azərbaycan haqqında heç vaxt nə isə köçürməmişəm qəzet səhifələrinə. Düşünmüşəm ki, Güneydən olan iki qardaşıma ev tutmaqla daha çox iş görmüş olaram, nəinki Güney mövzusunda nəsə yazmaqla. 
   Ancaq son vaxtlar baş verənlər məni xeyli narahat etməkdədir. Əslində bunlar yeni də deyil, amma düşünürdüm ki, əhəmiyyət verməyə dəyməz, çox yəqin molla rejiminin yaratdığı geridəqalmış sivilizasiyanin məhsuludur. Yahooqruplara baxdığım zaman, Güneyin azadlığı uğurunda mübarizə apardığını iddia edən qüvvələrin bir-birinə yağdırdığı söyüşlərin, təhqirlərin, hədyanların şahidi oluram.
 Sonra eşidirəm ki, söyüş söyənlərdən bir qrup digər qrupu Yasamal qəbristanlığına - "razborka"ya çağırır. Təsəvvür edin, bu söyüşmələr Avropada yaşayanlar arasında baş verir və birdən məlum olur ki, bir azərbaycanlı digər azərbaycanlını qəbrin üzərindən çıxardığı xaçla döyür. Sonra da iddia edirik ki, biz barbar xalq deyilik, dünyanın ən mədəni, ən böyük xalqıyıq-filan. Bir az da irəli gedirik, deyirik ki, bütöv Azərbaycan quracağıq. Əzizlərim, mən də ən azı sizlər kimi bütöv Azərbaycan qurulmasını istəyirəm, həm də ən azı sizin qədər, bəlkə də sizdən çox istəyirəm. Və bu yolda mənim öndərim Elçibəydir! Azərbaycanın bütövlüyünə Elçibəy gözü ilə baxmaq lazımdır. 
   Sözü çox uzatmayım, gələk mətləb üstünə. Kanadada yaşayan, GünAZ. TV və daha dörd təşkilatın, birliyin, restoranın sahibi Əhməd Obalı deyə bir şəxs, bir "lider" kimi insanlara nümunə olmaq niyyətindədir, amma allah kəssin belə liderliyi! GAMOH lideri Doktor Mahmud Çöhrəqanlı haqqında hədyanları azmış kimi, indi də onun qızı və xanımı haqqında ağlına və ağzına gələnləri üyüdür. Özü haqqında güldən ağır söz deyəndə ətrafındakı beş-üç nəfər əli yabalı, dəhrəli, baltalı adamın üstünə gəlirlər. Amma bu adamlar Obalının hədyanlarına görə xəcalət belə keçirmirlər. Niyə? Kimsə mənə cavab versin görək, Güneydə fəaliyyət göstərən bir gəncin kimliyini rəhbərlik etdiyi televiziyadan elan edib ETTAALAT-a nişan verməyin adı nədir? Ya özünüz deyin, ya da biz deyəndə cırnamayın lütfən. Hadi Musəvi İrana deportasiya ediləndə Obalının, onun yanındakı obalıların səsi niyə çıxmadı? Güneydə hər gün qanlı hadisələr baş verdiyi bir zamanda hərənin bir DAK yaratmasına nə ehtiyac var? Cənablar, Elçibəyin Azərbaycanın bütövləşməsi üçün yaratdığı bütün sistemləri dağıtmanız bəs deyilmiş kimi, hələ Elçibəyin adından da öz oyunlarınızda istifadə etməyə çalışırsınız?!
   Mən Elçibəyi bütün ruhumla hiss edirəm və əminəm ki, Böyük Bəy heç vaxt Güneylilərə "bu sizin bayrağınız olsun" deyə bir göstəriş verməzdi. Çünki Böyük Bəy insanı və insan azadlığını bütün atributlardan üstün tuturdu. Əgər Güneylilər boz bayraq altında müstəqil olmaq istəsəydilər belə, Elçibəy bunu onlara irad tutmazdı, "olmasın" deməzdi. Çünki Elçibəyi belə xırda şeylər yox, böyük amallar maraqlandırırdı. 
   Bu gün Qüzey azərbaycanlılarının milyon yerə parçalanmasını bağışlamaq olar, çünki bizim müstəqil dövlətimiz var. Amma nə qədər ki, Güney Azərbaycan müstəqil dövlətini yaratmayıb, oradakı soydaşlarımızın bölünməyə, parçalanmağa, xırda şeylər üzərində böyük toqquşmalar yaratmağa ixtiyarı yoxdur. Bunu Əhməd Obalı sırğa eləsin, assın qulağından! 
   Sonda: BMT-də Güney Azərbaycan GAMOH-un elan etdiyi bayraqla tanınır. Əgər ora Qüzey Azərbaycanın bayrağı təqdim olunsa idi, buna ilk qarşı çıxan Quzey Azərbaycan höküməti olardı. Unutmayın. Və bir şeyi danışanda ən azı məntiqli olmağa çalışın. 
   P.S. Eşitmişəm cənab Obalı haqqında güldən artıq söz deyəndə kimlərsə adamı ölümlə hədələyirlər. Əvvəla, həmin cəsarəti öz soydaşlarınız əvəzinə, molla rejiminə göstərsəniz pis olmaz hər halda. 
   İkincisi də, bu, mənim mobil telefon nömrəmdir: (050) 512-86-38. Buyurun, cənablar, arqumentlərinizi eşitməyə hazıram.