
“Yeni Müsavat”a açıqlama verən R.Hacılı aksiya zamanı “Dalğa”çıların döyülməsi ilə bağlı həm təşkilatın, həm də döyülən şəxslər adından şikayət edəcəklərini bildirdi: “Etirazımız Güneydəki həbslərə qarşı idi.
Son aylarda İranda güneyli soydaşlarımız yoxa çıxır. Bir ailə oğurlanıb, onların körpə uşağı ortalıqda qalıb. Biz də buna etiraz olaraq aksiya keçirdik. Bu zaman ərazidə xeyli polis var idi. Daha sonra mülki geyimli bir neçə şəxs aksiyaya müdaxilə edərək gəncləri döyməyə başladı. Təəssüf ki, polislər mülki geyimli şəxslərin aksiyaçıları döyməsinə tamaşa edirdi. İranda Azərbaycan bayrağı yandırılanda, güneyli soydaşlarımız oğurlananda heç kim buna fikir vermirdi. İran polisi azərbaycanlıları döydürməyə şərait yaradır, bizim polislər isə bizim döyülməyimizə tamaşa edir. Birinci növbədə vətəndaşların hüquqları qorunmalıdır, sonra bayraq. Vətəndaş olmayan yerdə bayraq da olmaz”.Hüquq müdafiəçisi Novella Cəfəroğlu da mülki geyimli şəxslərin aksiyaçılara qarşı bu cür davranışını pis qiymətləndirdi: “Aksiya olan gün Bakıda deyildim. Sonra qəzetdən oxudum ki, İran səfirliyi qarşısındakı aksiya zamanı etirazçılar mülki geyimli şəxslər tərəfindən döyülüb. Uşaqlar İranda həbs olunan soydaşlarımıza qarşı haqsızlığı pisləyib, insan haqlarının pozulmasına öz etirazlarını bildiriblər. Belə etirazlar nəinki Azərbaycanda, bütün dünyada olur. Ümumiyyətlə, Azərbaycanda etiraz edən insanlara pis münasibət var. Bu insanlar daş atmır, adam öldürmürlər ki... Öz etirazlarını ifadə edirlər də. Biz bu məsələni qaldıracağıq. Strasburqda söz azadlığı və insan haqları ilə bağlı müzakirələrdə bu məsələni də qabardacağıq”.
Xatırladaq ki, sentyabrın 3-də “Dalğa” GH və Güney Azərbaycan Milli Oyanış Hərəkatının üzvləri Bakıdakı İran səfirliyi qarşısında aksiya keçirdilər. “İran, oğru!”, “Güney Azərbaycan siyasi məhbuslarına AZADLIQ!” şüarları səsləndirən gənclər mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülüblər. Qeyd edək ki, həmin mülki geyimli şəxslərdən birinin fotosu qəzetlərdə də yayılıb.
Elmin BƏDƏLOV