Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

Pis bacı olmur

Share
Bu yazını "Böyük bacılar,  böyük qardaşlar" layihəsinin iştirakçılarına ithaf edirəm

   Nədənsə uşaq olarkən iki əcaib fikirim var idi. Fikrimin biri bu idi - yaxşı ki bacım yoxdur. İkincisi isə fikirləşirdim ki, böyüyəndə alim olmayacam, çünki alimlərin hamısı allahsız olur. İkinci fikrimdən çox keçməmiş vaz keçdim. Buna səbəb müəllimlərimin yalan danışdığını öyrənməyim oldu.



   Müəllimlərim sovet sisteminin insanları idi, onların həyatı iki rəngdə görmələri təbiidir. Bir sözlə, "mənim kimi olmayan mənim düşmənimdir" düşüncəsi. Həyatı yalnız ağ və qara rəngdə görən insanların gözlərindən fərqli olaraq, qulaqları daha həssas olur. Onlar kənardan eşitdikləri (şayiə olub-olmamasından asılı olmayaraq) istənilən standartdankənar xəbərərə dərhal maraq göstərirlər. Yəqin buna görə də "şanlı sovet müəllimləri"nin yetişdirdiyi bu günkü nəsil faktlara deyil, eşitdiklərinə inanır. Nəticədə bu gün cəmiyyətimizi şayiələr idarə edir, insanlar gördüklərinin deyil, eşitdiklərini quluna çevrilib. “Azadlıq” və “Amerikanın səsi” radiolarının sovetin dağılmasında nə qədər böyük rol oynadığını da bura əlavə edək.
   Sovetlər sisteminin yaratdığı insan modeli, yaratdığı mentalitet qədər saxta idi, elə bunun nəticəsidir ki, bizim mentalitetimiz uğrunda nəinki ölməyə, heç öldürməyə hazır olan kimsə yoxdur. Sovetin yaratdığı insan üçün “bizdən yoxdur” anlayışı varıydı, məhz buna görə də bu gün vicdansızlıq kimi dəyərləndirə biləcəyimiz bir çox davranışlar "mentalitet"ə çevrilib.
   Sovetlərdən öncə Azərbaycanda az da olsa xeyriyyəçilər və maarifçilər olub, məhz onlar Azərbaycanda ciddi mədəniyyətin, təhsilin əsasınıqoyublar. Amma bu gün siz mənə bir xeyriyyəçi göstərə bilməzsiniz ki, allah qorxusundan məscid tikdirməsin və ya hakimiyyətin qorxusundan şou-biznesin rəqsanələrinə pul yatırtmasın.
   Vicdansızlıqla pul qazandığını düşünən biznesmen (pul qazanmaq gözəl şeydir) atasına və ya özünə rəhmət oxutmaq üçün (Orta əsrlərdə Avropada buna “cənnət qəbzi” deyirdilər) hörmətli Ramiz Mehdiyev demişkən, məscid tikdirirlər. Məmurlar isə "xalq dili"ylə desək, “saxladığı” qadınları şou-biznesə dürtmək üçün hansısa biznesmeni ona sponsorluq etməyə məcbur edirlər. İstisnalar qaydanı pozmur tezisini də bura əlavə edək və keçək digər məsələyə.
   Nəyə görə uşaq vaxtı bacımın olmasını istəmirdim? Qorxurdum ki, bacım yaxşı qız olmaz, qorxurdum birdən bacımın gələcək həyat yoldaşı yaxşı insan olmaz. Yalnız qorxu və mənfi düşüncələr...
   Sizcə bunu səbəbi nədir? Siz allah, deməyin ki, mentalitetin bu məsələyə dəxli yoxdur. Yaxud da deməyin ki, bu qorxu yalnız məndə olub.
   Bacısı olmayan dostlarımın əksəriyyəti və qardaşım da mənimlə eyni qənaəti paylaşır.
   İndi isə mən təəssüf hissi keçirirəm ki, bacım olmadı. Çünki yalnız indi məsələyə pozitiv rakursdan yanaşa bilirəm. Düşünürəm ki, sevgi və sayğı ilə yanaşacağım bacı vicdanlı olacağı üçün heç vaxt əxlaqsız olmazdı. O ki, qaldı bacımın ərinin pis olmasına, onunda çarəsi boşanmaq kimi gözəl qanundur.
   Artıq mən özümə bacılar seçmişəm - mən də bir qardaşam. Bacım olmağı qəbul etdiyi üçün bu insanlara sonsuz təşəkkürümü bildirirəm. Heç vaxt təəssüflənməyə dəyməz, çünki insanın seçmək kimi gözəl haqqı var. Saxtakarlıq və səhvlər heç vaxt bu haqqımızdan imtina etməyə əsas verməməlidir.
   Gəlin sovetin bizə sırıdığı, xalqımızın itkilər hesabına qəbul elədiyi vicdansız tezislərin bol olduğu mentalitetimizdən imtina edək və pozitiv düşüncəyə sahib olaq.
   P.S. Yaşamaq əzmində olduğumuz ölkəni özümüz quracağıq. Mən buna adım kimi əminəm və bu yolda bütün varlığımla varam!
   Martin Lüter Kinqin dediyi kimi, “O dağlar bizi gözləyir”.