Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

“İctimai Palatanın aksiyalarından ciddi nəticə gözləmirəm”

Share


Ramin Hacılı: “Hakimiyyət ölkə vətəndaşlarının problemini həll etməlidir”

-  Ramin bəy, Dalğa GH-nın müxalifətin aksiyalarına qatılmaması heç də birmənalı qarşılanmır. Əslində nə baş verir?
- Dalğa Gənclər Hərəkatı (Dalğa GH) yarandığı ilk gündən təhsil problemlərinin həllini, gənclərin ictimai fəallığının artırılmasını qarşıya əsas məqsəd olaraq qoyub.
Bir növ ictimai fəaliyyətlə məşğul olaraq, daim siyasi proseslərdən kənarda dayanamağa çalışacağını bəyan edib.
Hətta mənim özüm Azərbaycan Demokratik İslahatlar Partiyasında siyasi fəaliyyətə başlayarkən Dalğa Gənclər Hərəkatının sədrliyindən istefa verdim ki, qurumun müstəqil fəaliyyətinə xələl gəlməsin. Bütün bunları nəzərə alaraq, öz ənənələrinə sadiq qalan Dalğa GH bu gün də siyasi fəaliyyətlə məşğul olmur və elə bu baxımdan müxalifətin keçirdiyi aksiyalara qatılmır. Biz öz prinsiplərimizə sadiqlik nümayişinin tərafdarıyıq. Əli Kərimliyə qarşı həyata keçirilən qara piar kampaniyasına Dalğa GH-nın etirazı da məhz elə bundan qaynaqlanır.  Dalğa GH-nın prisiplərini qəbul edib hərakata qoşulmuş gəncləri siyası proseslərin ortasına atmaq, prinsiplərimizdə qeyri – səmimi olmaq və aldatma kimi qiymətləndiriləcək. Dalğa GH isə gəncləri aldatmaq niyyətində deyil. Yəqin ki, Dalğa GH-nın prinsiplərini qəbul edib, hərəkata qoşulan və bir müddət həmin prinsiplərlə fəaliyyət göstərən, lakin bu gün başqa prinsipləri seçən şəxs Dalğa GH-nın prinsiplərini özünə uyğunlaşdırmağa çalışmamalıdır. Bu hərakata yenicə qoşulmuş gənclərin səmimiyyətindən sui – istifadə olar.
- Bir vaxtlar Dalğa GH-nın qaldırdığı problemlər bu gün İctimai Palata rəhbərliyi tərəfindən gündəmə gətirilir. Nə baş verdi ki, qurum vaxtilə elan etdiyi problemlərin həlli məqsədilə keçirilən aksiyalara qatılmamaq qərarına gəldi?
- Dalğa GH ölkədə baş verən qanunsuzluqlara qarşı daim haqq səsini ucaldaraq, öz etirazlarını ictimai formada bildirib. Amma, indiki aksiyalar siyasi xarakterli olduğundan Dalğa GH bu aksiyalara qatılaraq, üzvlərini aldatmaq  niyyətində deyil. Seçilən metod metodoloji xarakter daşımır. Bu isə o deməkdir ki, bizim bəyan etdiyimiz və addım – addım getdiyimiz metodologiya ilə İctimai Palatanın bu gün sərgilədiyi metod arasında çox böyük fərq var. Bizim seçdiyimiz metodologiya xalqı marifləndirmək, düşündürmək və öz taleyini həll etmək üçün ideyalarla silahlandırmaqdır. Bəs İctimai Palatanın medologiyası nədir?! Bax bunu məncə, mənim kimi çoxları müəyyənləşdirmədiyi üçün həbsxanadansa, “Facebook”da suallara cavab tapmağı üstün tutur. Bəli, biz də bu gün belə düşünürük ki, hakimiyyət həyata keçirdiyi siyasətindən əl çəkməli, ölkə vətəndaşlarının problemini həll etməlidir. Korrupsiyaya qarşı mübarizə tədbirləri aparılmasa, insan hüquqları qorunmasa, vətəndaşların problemlərinin həllində süründürməçilik halları aradan qalxmasa, bir sözlə hakimiyyət öz mahiyyətindən əl çəkməsə, təbii ki, inqilab qaçılmazdır. Sosial partlayış bu gün də ola bilər, sabah da.  Amma bununla bahəm İctimai Palatanın elan etdiyi aksiyalardan hər hansı ciddi nəticə gözləmirəm. Ciddi nəticə xalq hərakatı zamanı olacaq. Necə ki, bu gün ərəb ölkələrində baş verir. Xalq hərəkatı olanda nəinki Dalğa GH-dan, hətta hakimiyyətin içindəki bəzi qüvvələrdən də xalqa dəstək gələcək. Məncə xalq cəsarətsiz olduğu üçün deyil, metodologiyanı bilmədiyi üçün proseslərin fövqündə qalır.
- Ramin bəy, bəziləri belə iddia edir ki, sizin aksiyalardan imtinanız mənsub olduğunuz partiyanın sədri Asim Mollazadənin birbaşa göstərişidir. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı…
- Bu cür söz-söhbətləri çayxana söz-söhbətləri sayıram və belə adamların səviyyəsinə enmək istəmirəm. Əgər kimsə, mənim Müsavat.com saytında yayımlanan “Seçdiyimiz rənglər” yazımdakı arqumentlərə cavab vermək istəyirsə və bununla məni bugünki siyasi aksiyaların doğruluğuna inandırmaq fikrindədirsə, buyursun, gəlsin müzakirə edək. Biz özümüzü təhsilli gənc hesab edirik. Bu isə o deməkdir ki, bizə “niyə?”, “nə cür?”, “hansı məqsəd uğrunda?” kimi sualların cavabı aydın olmalıdır. Biz heç kimin əsgərləri deyilik. Bizi əmrlə nə küçəyə, nə meydana, nə də ki, evə yığmaq olmaz. Bizimlə inandırma dilində danışılsın. Arqumentlərimizə və suallarımıza dolğun cavablar verilsin. Lakin, bu gün bizdən tələb olunan sürü kimi hərəkət etməkdir. Dalğa GH heç bir müzakirəsi olmayan və düsturu yazılmayan tədbirlərdə iştirak etməyəcək. Çünki “Dalğa”çılar heç kəsin qarşısında öhdəlik götürməyib.
// Fərrux Xasayoğlu, QayNar