Qopduğun budaqları deyil səninlə qopan yarpaqları sev! Rafiq Tağı

İlkin Əlisoy: Ramin Hacılıyla müsahibə

Share
Bloqdakı bu bölümün ilk materialı. Qonağım – Dalğa Gənclər Hərəkatının həmtəsiscisi, Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri və bu ilki seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsində “Demokratiya” blokunun vahid namizədi olan Ramin Hacılıdır. Müsahibə 2 hissədən ibarətdir. Səmimi, maraqlı söhbət alınıb. Buyurub oxuya bilərsiniz. Müsahibə alanlar: mən və Pərviz Əzimov






-       Salam, Ramin.
-       Əleykümə salam.
-       Bəri başdan istəyirəm ki, bir razılığa gələk. Biz təxminən 4-5 ildir ki, tanışıq. Məncə “sən” deyə bir-birimizə müraciət etsək daha səmimi olar.
-       Təbii ki.
-       Fotoda da oxucuların gördüyü kimi divanda uzanmış vəziyyətdəsən. Bir çoxları bilir nəyə görə, amma çoxsu yox. Ətraflı danışardın səbəb haqqında.
-       Bu bir qəza oldu. Ayağım kəsiləsi oldu və kəsiləndən sonra da “pis yer imiş, yara ağrıyırmış, dərin imiş, həmin yerdə oynaq varıymış, ət yox imiş – dəri imiş” kimi əsaslarla hələ ki, hərəkətsizəm. Bu hərəkətsizlik məni bir ayağla hərəkət etməyə alışdırıb. İşlərimin bir çoxlarını təxirə salsam da, ən vacib işlərimi təxirə salmamışam və onları həyata keçirdirəm.
-       Hərəkətsiz olduğunu bildirdin. Bəs seçki kampaniyan necə gedir? Yəni evdə otura-otura necə idarə edirsən onun gedişatını?
-       Hərəkətsizlik “hərəkatsızlıq” anlamında deyil. İnsan bəzən hərəkətsiz bir vəziyyətdə həbsxanada da ola bilər, insan bəzən hərəkətsiz bir şəkildəə yataqda da ola bilər. Amma bu o demək deyil ki, hərəkat dayanır. Hərəkatın davam etməsi üçün ideyanın güclü olması lazımdır. Hərəkatın davam etməsi üçün dostların, əqidədaşların sənə inamı və sənə etibarı yüksək olmalıdı. Mən çox sevincliyəm və xoşbəxtəm ona görə ki, seçdiyimiz ideya, seçdiyimiz yol və bu yolda addımlayan yandaşlarımla təmənnasız ideya bağlılığı ilə yaşayırıq. Bunun nəticəsidir ki, bugün mənim kampaniyam istənilən kimi olmasa da, yüksək səviyyədə keçirdilir. Nəzərdə tutulduğu kimi olmamasının səbəbinin də mənim ayağımla bağlılığı daha çoxdur. Həmçinin bəzi resursların məhdud olmasından da irəli gəlir.
-       Seçki kampaniyanda sənə kim köməklik edir bilavasitə dairədə? Qurucun olduğu Dalğanın üzvləri, yoxsa ayrıca öz komandan var?
-       Mən seçki kampaniyamda hansısa təşkilatdan dəstək istəməmişəm və dəstək almamışam. Çünki mən bir blokun namizədiyəm, “Demokratiya” blokunun. Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının üzvüyəm. Partiyanın və blokun kifayət qədər dəstəyi var. Amma daha çox mən öz könüllülərimin, əvvəlcədən mənimlə birgə olacaqlarını bəyan etmiş dostlarımın imkanlarından yararlanıram. Onların “qapı-qapı” kampaniyasında və başqa işlərdə səmərəli ola biləcəklərinə əminəm. Bizim ideyaların yayılmasında, fikirlərimizin çatdırılmasında onlar daha çevikdirlər, çünki bu ideyanı həm də özləri daşıyırlar. İnsan baxımından mənim kampaniyamda əlavə resursa ehtiyac qalmadı. Kəmiyyət problemi yalnız maddi vəziyyətlə bağlı ola bilər. O da ona görədir ki, bu sahədə bizim hansısa böyük dəstəyimiz yoxdu. Göründüyü kimi Mason lojası da bizə hələlik köməklik eləmir (gülür).
-       Bu yaxınlarda mətbuatda, konkret olaraq böyük tiraja malik olan Yeni Müsavat qəzetində və LENT.AZ xəbərlər portalında belə bir xəbər yayıldı ki, Lənkəranlı iş adamının ölümü məsələsində sənin də adın hallanır. Bununla bağlı nə söyləyə bilərsən? Sənin o məsələdə nə qədər böyük izin var?
-       Birincisi, bununla hüquq-mühafizə orqanları məşquldur. Mənim orada adım yalnız bir epizodda hallanır – həmin ailəyə məxsus maşının Bakıya gətirilməsi. Maşın həmin ailənindir və mən onun paytaxta gətirilməsində köməklik eləmişəm. Bununla bağlı hansısa cinayət tərkibi olsaydı sevə-sevə istifadə edərdilər. Amma burada hər hansısa bir problem yoxdur. Orada adı keçən bir şəxs buna dair məhkəməyə də müraciət eləmişdi, müxtəlif orqanlara da müraciət eləmişdi. Lakin, göründüyü kimi, cavablar özünü doğrultmadığından, qəzetə üz tutmuşdu. Bir misal var, deyir “tumanını başına çəkmək”. Bu yolu seçdi və cavabı kifayət qədər yaxşı verildi. Cavab da, mənim güya internet vasitəsilə tanış olduğum, Arzu xanım tərəfindən verildi. Arzu Rzazadə Dalğa Gənclər Hərəkatının 2 ildən artıqdır ki, üzvüdür. Pərviz Əzimovun və Anar Əsgərin rəhbərliyi altında Lənkəranda Hərəkatın böyük özəyi var idi və Arzu xanım orada aktiv olmuşdu. Biz hamıya olduğu kimi bu başsız qalmış ailəyə də dəstək olduq. Biz bu ailənin çörəyinə bais olmaq istəyən insanların “şərəfsiz” adına layiq olmasını istəmirik, onların maraqları üçün çalışırıq.
-       Qayıdaq seçkilərə. Hər səsvermədə olduğu kimi bu il də diqqət mərkəzində ana müxalifətdir. Hal-hazırda bu “AXCP-Müsavat” bloku sayılır. Onların kampaniyasını və ümumiyyətlə şanslarını necə qiymətləndirirsən?
-       Şanslar artıq indidən məhdudlaşdırılıb – namizədlərin qeydə alınması zamanı. Hansı səbəblərdən olduğu ayrı-ayrı baxılmalıdır, çünki sistem proporsional deyil – majoritardır. “AXCP-Müsavat” blokunun keçirtdiyi kampaniyayla ciddi bir uğura nail olmaq olmaz. Həm də ona görə ki, seçki kampaniyasının müddəti azaldılıb, ərazini qarış-qarış gəzmək sırf fiziki baxımdan mümkün deyil. Heç bir partiyanın, heç bir blokun ciddi uğura imza atacağını düşünmürəm. Bu kiminsə zəif və kimsə güclü olmasıyla bağlı deyil. Bunun əsas səbəbi təklif olunan və yaradılmış şəraitdir. 2005-ci ilə baxsaq situasiya tam fərqli idi. O vaxtdan indiyə qədər kim daha sistemli şəkildə fəaliyyət göstəribsə, uğur onun olacaq. Bu da hal-hazırki hakim partiyadır, çünki onlar dövlətin sahibidirlər. Onların böyük resurslardan istifadə etmək imkanları var.
-       Ötən parlament seçkilərindən fərqlənən daha bir məqam var. Bu il ictimai sektorda, belə deyək, bişmiş və daha çox sosial şəbəkələrdə məşhurlaşmış gənclərin sayı çoxdur. Onların bu prosesdə iştirakına necə baxırsan?
-       Düşünürəm ki, bu tam olaraq müsbət bir hal kimi qiymətləndirilməlidir. Azərbaycanda artıq yeni bir mədəniyyəti, düşüncəni siyasətə gətirmək iddiasında  olan gənclərin varlığı Azərbaycan dövlətinin uğurudur. Azərbaycan insanı gərək buna sevinsin. Bu ölkə yetişdirməyi bacaran bir ölkədir. Demək ki, bu ölkənin gələcəyini düşünənlər var. Demək ki, xaricdə keyfiyyətli təhsil aldıqdan sonra ölkəyə qayıdıb burada ciddi dəyişikliklərə imza atmaq istəyən gənclər var. Bu insanların uğurlarının olub-olmayacağını müəyyənləşdirmək üçün demokratik seçkilərin keçirilməsi çox vacibdir. Çox istərdim ki, şəffaf seçkilər olsun və xalq bu gənclərə layiqli qiyməti verə bilsin, onları dəstəkləyə bilsin. Mən istərdim ki, dövlətin başında duranlar da, əks mövqedə olan gənclər də bu hala sevinsinlər. Çox təəssüf ki, tez-tez onun şahidi oluruq ki, müxalif düşüncəli olduqları üçün onlara qarşı bir qara piar aparmağa çalışırlar. Amma axı həmin insanlar olmasa bu insanların da varlığı sual altına düşər. Gərək bunları nəzərə alaraq müxalif düşüncəli, sivil mübarizə üsullarını seçmiş və Azərbaycan siyasətinə yenilik gətirə biləcək insanlar dəstəklənməlidir.
-       Ramin Hacılı üçün 8 noyabr günü necə görünür?
-       (gülür)… 8 noyabr haqqında indidən hansısa dəqiq proqnoz vermək çox çətindir. Mən pafosla deyə bilmərəm ki, 8 noyabrda hamını qərargaha bayrama dəvət edirəm. Həmçinin də deyə bilmərəm ki, mən 8 noyabrda məğlubam və bir çadır təşkil edib hamını yasa dəvət edirəm. Ancaq onu dəqiq deyə bilərəm ki, 8 noyabrda biz yenə hamımız bir yerdə olacağıq. Mənim qalib və yaxud məğlıub olmağımdan, yıxılmağımdan və yaxud durmağımdan asılı olmayaraq hər kəs biləcək ki, mən ayaq üstəyəm. Mən öz rühümla və fiziki durumumla 8 noyabrda ayaq üstə olacam, 8 noyabrda mənim ayağım işləyəcək. İşləməsə də işlədəcəm. Əsas odur ki, dostlarımın əhatəsində olum, bütün hallarda.
-       Dönək sənin kampaniyana, sənin dairənə. Əsas rəqibin kifayət qədər ciddi maddi və insani resurslara malik olan bir insandı, Rövnəq Abdullayevdir. Səncə, belə birisini məğlub etmək üçün sənə nə lazımdır?
-       İnsani resurslarını deyə bilmərəm, bu çox ciddi bir şeydi. Amma, daha çox muzdlu resurslara və böyük maddi imkanlara sahibdir. Kifayət qədər ciddi rəqibdir və bir çox namizəd bu dairədən qorxub bura gəlmədi. Heç kim burada pul xərcləmək istəmir. Amma, mən deyirəm ki, qələbə bütün hallarda mümkündür. Əgər insanlar bugün şərəfini, səsini, iradəsini pula satmayacaq qədər bilincli hala gətirilə bilərsə – seçki qələbəylə bitər. Əsas iş ərazidə kütləvi maarifləndirmə və insanlara həqiqətin çatdırılmasından keçir. 23 günə bunların hamısını tam şəkildə eləmək mümkün deyil. Həmçinin, ərazidə təşviqat işlərinə ciddi məhdudiyyətlər qoyulub. Yalnız məktəblərin həyətində plakatlar asıla bilər, amma onları uşaqlar çox vaxt cırır. Həmçinin, görüş yerlərinin məhdud sayda verilmısi məsələsi -  4 dənə yer ayırılıb. Məhlə-məhlə görüşlərin qarşısı həm vaxtla, həm də qadağayla alınıb. Lakin, bunlara baxmayaraq, ayrılmış efir vaxtı və “qapı-qapı” kampaniyası imkanı mənə Rövnəq Abdullayev üzərində qələbəyə bəs edir. Sadəcə mənim ehtiyyat elədiyim odur ki, həmişəki kimi dövlət resurslarından istifadə olunsun və nəticədə Rövnəq müəllim təyin olunsun. Fikrimcə, 10 faizdən çox olmadan kiçik faiz fərqiylə qalib gəlmək mümkündür və mən bunun üçün bütün məhdud imkanlardan istifadə edəcəm.
-       Bizimlə bir otaqda yerləşən silahdaşımız Pərviz Əzimovun da sualı var. Buyur, Pərviz.
-       Pərviz Əzimov (P.Ə.): Seçkidə saxtakarlıqlar müşahidə olunarsa və bunlar nəticələrə təsir edəcək gücdə olarsa mübarizə hansı həddə qədər aparılacaq?
-       Hər hansısa saxtakarlıqlarla bağlı faktlar olarsa mən heç kimdən heç vaxt çəkinməmişəm və indi də çəkinmirəm. Öz hüquqlarımın bərpası yolunda bütün addımları atacam. Prinsipim də dəyişməz olaraq qalır – çalışacam ki, mənasız yerə heç kimin qanı tökülməsin, kimlərsə həbsə getməsin. Hüquqi müstəvidə və lazımi addımlar atacam. Düşünürəm ki, hər hansısa köklü dəyişiklik olmayacaqsa, ciddi iş olmayacaqsa bu işin altına girmək vaxt itkisidir. Bu mənasız enerji israfçılığıdır. Çalışacam ki, qələbəsinə əmin olduğum addımları atım.

Bloqdakı bu bölümün ilk materialı. Qonağım – Dalğa Gənclər Hərəkatının həmtəsiscisi, Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri və bu ilki seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsində “Demokratiya” blokunun vahid namizədi olan Ramin Hacılıdır. Müsahibə 2 hissədən ibarətdir. Səmimi, maraqlı söhbət alınıb. Buyurub oxuya bilərsiniz. Müsahibə alanlar mən və Pərviz Əzimovdur.
Bu artıq 2-ci hissədir. İlk hissə bundan öncəki yazıda.
-       Hakimiyyət yönümlü televiziyaların, həmişə olduğu kimi, bu il də “qara piar” kampaniyaları başlayıb. Konkret olaraq Azər Əhmədov olayına sənin münasibətini bilmək istərdim.
-       Bu ümumiyyətlə çox əxlaqsız bir kampaniyadı. Heç kim bu kampaniyaya haqq qazandıraraq özü haqqında “əxlaqsız” obrazı yaratmaz. Qanunu qəbul edəndə deyirlər ki, bunları sizlər üçün qəbul edirik. Məsələn qəbul edirlər ki, şəxsiyyətə qarışmaq olmaz, bu qanun sizin lehinizə işləyəcək. Amma, görünür ki, heç bir qanun dövlətin həyata keçirdiyi aksiyalarda nəzərə alınmır. Əvvəla istərdim ki, Azərbaycanda qanun sağ olsun, ali olsun, ən pis qanun belə işləsin. Biz də işimizi bilək. Yox, əgər qanun gah işləyəcək, gah yox – onda bu insanı öz ölkəsinə olan inamını sarsıdacaq. Onda bu halda gərək dövlət Qarabağ müharibəsindən, bayrağın ucalığından danışmasın, fəxr eləməsin. O, dövlətini sevən vətəndaşlardan məhrum olacaq. Vətəndaş qəbul olunmuş qanunların ona yox, dövlətə işlədiyinin şahidi olacağı təqdirdə dövləti özünə işləyən, xalqa işləyəməyən kimi görəcək. Və bu halda xalq dövlətə deyil, özünə işləməyə başlayacaq. Özünə işləməyin yolunu isə ölkə xaricində axtaracaq, Azərbaycan daxilində qalmaq üçün artıq onda heç bir əsas qalmayacaq. Beləliklə, gərək Azərbaycan dövləti bu barədə ciddi düşünsün. Bütün qanunların, xüsusən də referendum yoluyla qəbul olunduğu iddia edilən qanunların, hər addım başı qorunmasını təmin etsin, onları hər bir məmurun başında çatlatsın və hüquq dövlətinin varlığını əyani şəkildə göstərsin. Artıq bundan sonra gəlsin Qarabağ müharibəsindən, bayrağın ucalığından danışsın, himnin oxunmasında ayağa durulmasının vacibliyindən danışsın, milli mentalitetin bizə verdiyi qadağaların nə qədər şöhrətli olduğundan danışsın v.s. İndi danışdıqları isə yalnız gülüş doğurur. Bundan başqa, heç kim deyə bilməz ki, Azər Əhmədovun qarşılaşdığı bu “qara piar” siyasi aksiya deil. Bu siyasi aksiyadır.
-       Sən də daxil olmaqla, bütün siyasi-ictimai qüvvələr, şəxslər Azər bəyin tərəfindədir. Lakin, bu yaxınlarda bir xəbər yayılıb ki, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun rəhbərlik etdiyi QHT bir bəyanat yayıb və bu bəyanatda Azər Əhmədov heç də dəstəklənməyib. Əksinə, ona qarşı bəzi neqativ sözlər işlənilib. Novella xanım kimi ciddi fiqurun, bir çox haqqları tapdanmışların sığındığı bir şəxsin belə mövqedə olmasına münasibətin necədir?…
-       (sözümü kəsərək) … Birincisi, Novella xanım haqqında ən yüksək fikirlərimi söyləmək istərdim. Novella xanım həmişə Azərbaycanda azad sözün, insan haqqlarının yanında olan birisidir. Bu hadisədə hər hansısa hüquq pozuntusu varsa bu hüquq müstəvisində həll olunmalıdır. Əgər ictimai qınaq varsa ictimayyət buna ad qoymalıdır və olduğu kimi qiymətləndirməlidir. Amma, ictimai rəy hal-hazırda bundan ibarətdir: orada xanımın üzü açıq şəkildə göstərilməsi bir əxlaqsızlıqdır, bu cür siyasi mübarizə əxlaqsızlıqdır və insanların şəxsi həyatına müdaxilə əxlaqsızlıqdır. Ona görə ki, bunun əleyhinə qanun qəbul eləmisən, hörmətli dövlət. İnsanlar bu qınağın üzərində cəmləşib. Çünki, bu hər-hansısa siyasi qüvvə tərəfindən ortaya atılmış bir şey deyil. Bu hər kəsin gözlədiyi bir şeydi. Hər kəs bilir ki, ona qarşı bütün əxlaqsızlıqlara hazır olan bir qüvvəylə qarşı-qarşıyadı. Bugün bu əxlaqsızlıqla üzləşən filankəs sabah mən ola bilərəm. Novella xanım isə həqiqətən çox dəyərli bir insandır. Bu bəyanatın səbəblərini onun özündən soruşmaq lazımdır. Onun dediyi bu ola bilər ki, demokratik düşərgənin zəifləməsinə səbəb oldu bu hadisə. Ola bilər videodakı xanıma acısın. Müxtəlif səbəblər ola bilər, amma hər bir halda pozitiv axtarmaq lazımdır. Mən başa düşürəm ki, cəmiyyətin sosial vəziyyəti, özünü ifadə vəziyyəti çox ağırdır və o, hər şeydə neqativ axtarmağa öyrəşib. Bu vəziyyətdə isə cəmiyyətə istiqamət göstərən ziyalılar gərək yalnız pozitiv axtarmalıdır və cəmiyyətə çatdırmalıdır ki, cəmiyyət qara rəngdə böyüməsin, qaramat olmasın. Qaramat cəmiyyətin düzəlməsinə sabah onillər lazım olacaq. Bu xalq ümidləri dəfələrlə puça çıxmış bir xalqdır, özünə inamı itirmiş bir xalqdır. Bu xalqa qarşı sayqılı olmaq və onu ayağa qaldırmaq lazımdır. Bu xalqa, özünü ifadə etməsi üçün, kiçik meydanlar vermək lazımdır. Elə bir şərait yaradılmalıdır ki, heç olmasa öz evində özünü ifadə edə bilsinlər insanlar. Heç olmasa mentaliteti qoparmalıyıq bu xalqın, ölkənin canından. Məktəblərdəki yekəbaş müəllimlərin başını biraz balacalaşdıraq. Universitetlərdə, tələbənin rektora bir təkliflə müraciət edəcək dərəcədə cəsarətli olması üçün, o rektoru onun gözündə biraz düşməsi üçün addımlar ataq, nümunələr göstərək. Ziyalılar, tanınmış fiqurlar sinələrini qabağa verməlidir, çünki ziyalı birisini həbs eləmək, əzmək çox çətindir. Cəmiyyət, zalım üzərində qələbəyə can atanda, öz qarşısında cəsarətli fiqurları görmək istəyir. Onu meydanda tək qoyub qaçan şəxslər görmək istəmir.
-       P.Ə.: Bu şəxs zatən təhqir olunub. Üstəlik hüquq müdafiəçisi tərəfindən təhqir olunmasını necə qiymətləndirirsən?
-       İnsan hər hansısa peşəyə sahib olanda hisslərini abort etməyə məcbur deyil, Pərviz bəy. Siz ideal insan axtarışındasınızsa, ömrünüzün axırına kimi axtarışda olaraq tapa bilməməyinizdən peşman olacaqsınız. İnsanın instinktləri var, insanın reaksiyaları var. Ola bilər ki, insan əsəbi halda olub nəyəsə reaksiya versin. Məsələn, siyasət adamının soyuqqanlı olması, onun söyüş söyə bilməməsi haqqında dünyanın heç bir yerindəki heç bir qanunda heç bir şey yazılmayıb. Qeyri-iradi baş verə biləcək şeylər var. Mən soyuqqanlı olmayıb özüm itirəcəm, mən əsəbi olub özümə pislik edəcəm, mən söyüş söyüb özümü gözdən salacam. Novella xanım bir hakim olsaydı, Azər bəyi həbs etdirsəydi, onun ən ağır şəraitdə cəza çəkməsinə çalışsaydı – biz Novella xanıma qarşı çıxardıq. Amma, Novella Cəfəroğlu Kələkiyə, Elçibəyin yanına dağlardan keçib gedən bir qadındı. Köşəsində yekə-yekə danışanlar, internetdə başqa adla oturub lovğalananlar onda olan cəsarətin heç 1 faizinə də sahib olmayıblar, indi də sahib deyillər. Azərbaycanda bu qədər fəaliyyət göstərmiş, illərdi bu cəbhədə olan insanların hamısı Novella xanımın nə qədər şərəfli olduğunu bildikləri üçün onun dediklərini heç vaxt qabartmazlar. Bunu qabardanlar, fikir verin, meydanda heç vaxt bir dubinkanın üzünü belə görməyənlərdir, heç vaxt mübarizənin önündə olmayanlardır, evlərində gizlənmişlərdir. Baxın və görün kimlər qabardır bu məsələni. Bir tərəfdə bunlar, o biri tərəfdə isə xalqı gözükölgəliliyə təhrik edən hakimiyyət var. Onu rüşvət almağa məcbur edən, onu yaltaqlığa məcbur edən hakimiyyət var. Mən gözəl-gözəl gənclərimizi görürəm, namizədliklərini veriblər. Debatlarda çıxıb 4 dəqiqələrinin yarısını yaltaqlıq etməyə məcburdurlar, özüdə ağızlarına gələn şəkildə. O yaltaqlığa bu hakiməyyətin və xüsusən də prezidentin ehtiyacı yoxdur. Vallah yoxdur. O orada yaltaqlansa nə olacaq, yaltaqlanmasa nə olacaq? Sadəcə onlara təlqin olunub ki, “yaltaqlanmasan – çörək yoxdur!”. Kim təlqin eləyib? Bax, bu cür insanlar. Siz deyirsiniz ki, hansısa bambılının yaratdığı düşük bir küçə saytının səviyyəsində gəlin düşünək və xalqı tərbiyələndirək. Mən bununla razılaşmıram, razılaşmayacam da.
-       Bu mövzuya aid sonuncu qısa sual və sonuncu qısa cavab. Buyur, Pərviz.
-       P.Ə.: Bu bəyanat və ona münasibət konkret olaraq abzas.net saytında yayılmışdır. Sən konkret olaraq “düşük sayt” deyəndə onu nəzərdə tuturdun, yoxsa yox?
-       Hansı saytda yayılıb, üzr istəyirəm?
-       P.Ə.: abzas.net . Qan Turalının və Elmin Həsənlinin başçılıq etdiyi sayt.
-       Mənim bu saytdan, təəssüflər olsun ki, xəbərim yoxdur. Yəni eşitmişəm, amma baxmamışam ki, sayt nədir-nə deyil? O saytın ən ciddi oxucusu Pərviz Əzimovdur. Çünki ilk dəfə də o mənə məlumat vermişdi sayt haqqında, indi də məlumat verir. Qan Turalı və Elmin Həsənli bizim dostumuzdur. Sabah onlar başqa cür düşünə bilər, onların yerinə gələ bilər, məsələn, Qançı Tural və Elmin Göyçəli. Onlar da başqa cürə düşünə bilər, onların da yerinə gələ bilər, məsələn, Tural Ayaqlı və Elmin Böyrəkli və sayt yarada bilərlər vergül.az. Yəni, onu demək istəyirəm ki, mənim ifadələrim konkret insanlara aid deyil, işə aiddir. Konkret o işlə məşqul olanlara aiddir. Sabah onlar olmayacaq, başqası olacaq. Mənim müsahibəm ölməyəcək ki, qalacaq. Bu müsahibəni həmən insanlara oxutdurarsan. Ona görə mən bugün durum deyim ki, bu insanlardı günahkar… Yox. Bu insanlar bu cür düşünür və mən deyirəm ki, bu düşüncə səhvdir. Yalnız bi ikisi belə düşünmür ki, çoxdu həmfikirləri. Mənim onlarla heç bir şəxsi düşmənçiliyim yoxdur. Bu onların özlərinə zərbədi, demokratik düşərgəyə zərbədir, hakimiyyətin dəyirmanına su tökməkdir. Mən demirəm ki, onlar hakimiyyətə işləyirlər, şpiondurlar, bilə-bilə edirlər. Bəlkə də bilə-bilə etmirlər. Mən onu deyə bilmərəm. Faktım yox, əsasım yox. Adamı verərlər məhkəməyə. Mənim 1 ayaqla məhkəməyə gedəsi halım var? Mənim sadəcə dediyim odur ki, bu insanların düşüncəsi bizə ziyan verir. Ay kişi, hamı satqın ola bilməz axı ölkədə. Siz elə hamıya “satqın” deyə-deyə gəzirsiz. Xəbəriniz olsun ki, sizə də “satqın” deyirlər. Xəbəriniz yoxdur ki, sizin haqqınızda o qədər faktlar yazırlar orda-burda. Niyə? Çünki xalq düşüb ortada satqın axtarır. Xalq, elə bilirsiniz, ona inanacaq, sizə amma yox? Xalq ikinizə də inanacaq. Sənə inanıb ona “satqın” deyəcək, ona inanıb sənə “satqın” deyəcək. Çünki xalq …çayxanadadır. Xalq çayxanada qulağıyladır. Oturub analiz elımir, kitab oxumur. Məndən yaxşı bilirsiniz axı, çayxanada oturub qulağıyla eşidir və çayxanada olduğuna görə uğursuzdur. Buna görə də kim kimə uğursuzluğu haqqında nəsə deyirsə onu sevir. Deyir “Arvad, mən niyə avarayam, çayxanadayam – bilirsən? Məlum oldu. Filankəs filan yerə işləyir.”. Arvad da deyəcək “Onu Qan Turalı deyir. Sən də get Qan Turalı kimi şərəfli ol.”; “Yox! Pərviz Əzimov o gün fakt qoydu ortaya. Qan Turalı da filan yerə işləyirmiş.”; “Onda Pərvizdi şərəfli.”; “Yox! Ramin Hacılı fakt qoydu – Pərviz İrana işləyir.” Heç bir fakt yoxdur ha ortada. Arvad da sonucda deyir ki, “Hə, kişi. Şərəfsiz olmadan mümkün deyil. Get al rüşvətini.”
-       Mövzudan artıq ayrılaq. Sonuncu məsələni demək istəyirəm. 5 gün öncə bir xəbər bizim hamımızı sarsıtdı. Məşhur jurnalist Şahin Ağabəyli avtoqəzada həlak oldu. Sualım isə budur: Azərbaycan kimi itirdi?
-       (5-10 saniyə susduqdan sonra)… Mən 2 dəfə sarsıldım. Bir bu xəbəri alanda, bir də ki, onun şəklini görəndə. Şahin Ağabəyli bizim təzə-təzə dost olduğumuz bir insandır. Mən onu 2002-ci ildəndir ki, izləyirdim, oxuyurdum. Daim gündəmdə olan adam idi. Bütün dostlarının yanında onun üzünə dediyim bir şey olmuşdu. Bugünkü Ramin Hacılı həm də sənə borcludu, Şahin. Mən bir çox adam adı çəkə bilərəm ki, onlar həqiqətə, azad sözə qovuşması üçün Şahinə borcludurlar. Şahinin bir başa üzərində olaraq yetişdirdiyi insanlar var. o insanların sayının çox olmasını Şahin çox istəyirdi. Şahinin böyük bir işi yarımçıq qaldı. Mən dostumu itirdim və mənim beynimi açmış, mənə bilik vermiş insanlardan birini itirdim, ailəsi başçısını itirdi v.s. Azərbaycan insanı böyük bir itkiylə üzləşdi. Mənim Şahinə bir borcum var. Mənim Şahinə borcum Elmin Bədəlovdur. Elminin hüquqlarının bərpası və Şahinin ruhunun şad olması istiqamətində bütün bacardığım və gücüm çatmayacaq şeyləri etməyə çalışacam. Çalışacam ki, Şahinin ruhunu bu şəkildə sevindirim.
-       Müsahibəyə görə təşəkkürlər.
-       Borcumuzdur.